`Biz Sizinləyik!` adlI layihə uğurla başa çatdı

`Biz Sizinləyik!` adlI layihə uğurla başa çatdı
  26 Avqust 2015    Oxunub:2952
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Biz Sizinləyik!” layihəsi başa çatmışdır. Ramalə Əbilovanın VI qrant müsabiqəsində qalib olduğu layihə “ELSA Azərbaycan”ın da təşkilatçılığı ilə 2 saylı Bakı uşaq evində baş tutmuşdur.

Layihənin məqsədi, ailə himayəsindən məhrum olmuş uşaqlara cəmiyyətin onlara biganə olmadığını, onları sevdiyini və daima dəstək ola biləcəyini göstərib, diqqətə çatdırmaq olmuşdur. 3 ay davam edən layihə müddəti ərzində uşaqlara özünəinam, uğurlu olmaq və eləcə də uşaqların hüquq və vəzifələrilə bağlı təlimlər keçirilmiş və “Mən kiməm və nə olmaq istərdim?” mövzusunda inşa müsabiqəsi baş tutmuşdur.

Uşaqlar layihədə fəal iştirak etmiş, bilik və bacarıqlarını nümayiş etdirmişlər. Müsabiqə nəticəsində uşaqlardan, Mehparə Əlləzova I, Nuranə Həsənquliyeva II və Tahir Cihad III yerin sahibi olmuşdur. Qaliblər, sertifikat və hədiyyələrlə mükafatlandırılmışdır.

Layihənin mahiyyətinə uyğun olaraq fərqlənən inşaları ictimaiyyətə təqdim edirik.



“Biz Sizinləyik!” layihəsinin “Mən kiməm və nə olmaq istərdim?” inşa müsabiqəsində III yerin qalibi – Tahir Cihad

- Salam, mən Tahir Cihad. 2002-ci ildə doğulmuşam. 13 yaşım var. 282 nömrəli tam orta məktəbin altıncı sinfində oxuyuram. Mən uşaq evində bəzi idman növlərinə gedirəm. Məsələn, xokkey, güləş, taekvondo, üzgüçülük və s. idman növlərinə də çalışacam, gedim. Mən böyüyəndə futbolçu olmaq istəyirəm. Və bunun üçün üstümdə çox məşq edirəm və edəcəyəm də. Mən öz arzuma nail olana qədər çalışacağam. Əvvəl- axır arzuma nail olacağam, bax onda uşaqlara məşq keçəcəyəm. Oyunda baş məşqçi olacağam. Çalışacağam ki, böyük və məşhur bir insan olum. İnşallah, Allah qoysa arzuma nail olaram.

“Biz Sizinləyik!” layihəsinin “Mən kiməm və nə olmaq istərdim?” inşa müsabiqəsində II yerin qalibi – Həsənquliyeva Nuranə

- Mən, Həsənquliyeva Nuranə, 16 yaşım var. Baxmayaraq ki, mənim bu qədər yaşım var, amma mən hələ də ana qayğısı görmək istəyirəm. Sonra da fikirləşirəm ki, Allah mənim bəxtimə bunu yazıb, mən heç vaxt onu dəyişə bilmərəm. Düzdür, mən balaca olanda böyükləri görüb həmişə deyirdim: kaş ki, mən də böyük olardım. Amma vaxt keçdi, mən artıq böyüdüm, boya başa çatdım. Hər kəs elə bilir ki, insan böyüyəndə hər şey onun istədiyi kimi olacaq, amma bu heç də elə deyil. Çünki, insan böyüdükcə hər bir çətinliklə qarşılaşır və sonradan anlayır ki, insan hər hansı bir çətinliklə qarşılaşmasa, o heç vaxt həyatda heç nə qazana bilməz. Düzdür, mən də uşaqlıqda çox çətinliklə qarşılaşmışam, amma buna baxmayaraq mən indi bir az da olsa, xoşbəxtəm. Nə bilmək olar, bəlkə bir an gələcək ki, mən öz-özümə deyəcəm: “Allahım, görəsən, məndən başqa xoşbəxt insan var bu həyatda?”

Əlbəttə ki, bu cür xoşbəxt olmaq üçün insan heç vaxt Allaha olan ümidini və inamını itirməməlidir. Çünki, Allah ona ibadət və itaət edənləri sevəndir. O ki qaldı mənim nə olmağıma burada uşaqların və işçilərin əksəriyyəti bilir ki, mən turizmçi olmaq istəyirəm. Bəzən məndən soruşurlar ki, niyə məhz turizmçi?- Çünki, mənim çox xoşum gəlir ki, başqa ölkələrə səyahət edim, xarici vətəndaşlarla görüşüb, iş birliyi qurum. Təbii ki, bunu əldə etmək üçün yaxşı oxumaq və çox çalışmaq lazımdır.

Amma ki, balacalıqda mənim bir kuklam var idi. Həmişə öz paltarlarımı kəsib ona don və ya kofta tikirdim. Tikib bitirdikdən sonra deyirdim ki, mən modelyer olacam. Amma vaxt keçdi, mən turizmçi olmaq qərarına gəldim. Əgər mən qarşıma məqsəd qoysam, ona mütləq çataram. Əsas odur ki, öz-özümə təsəlli verim. Mən öz-özümə təsəlli verməsəm, həyatda heç bir şey əldə etmərəm və inşallah böyüyəndə turizmçi olub istədiyim məqsədə çataram. Amin

Mənim birinci arzumdan fərqli olaraq, bütün qızların arzusu olduğu kimi mənim də ikinci bir arzum var. Mənim ailəm baxmayaraq ki, bilmədiyim səbəblərdən məni ata və ana qayğısından məhrum ediblər. Amma mən hər nə olursa olsun, istər kasıbçılıq, istər Allahdan gələn bütün xəstəliklərin qarşısında həmişə onlara dəstək olacağam. Mən belə fikirləşirəm və özümə söz vermişəm ki, mənim çəkdiyim əziyyəti mən ailəmə, övladlarıma çəkdirmərəm. Və belə düşünürəm ki,

“Biz Sizinləyik!” layihəsinin “Mən kiməm və nə olmaq istərdim?” inşa müsabiqəsində I yerin qalibi – Mehparə Əlləzova

- Mən hal-hazırda on ildir bu uşaq evindəyəm. İndi on birinci sinifə keçirəm. Öz-özümə hər zaman düşünürəm. Mən bu uşaq evindən çıxmadan öncə uğurlar əldə etməliyəm və bu uğurlarım mənə gələcək həyatımda öz ayaqlarımın üstündə dayanmağıma kömək edəcəkdir. Ümumiyyətlə, insan hər zaman arzu etməlidir. Öz arzularını həyata keçirmək üçün çalışmalıdır, mübarizə aparmalıdır. Arzularına çatmasa belə, ruhdan düşməməlidir. Əksinə bunlardan nəticə çıxarmalıdır. Çünki, həyat bizim üçün bir məktəbdir, biz öyrənirik və öyrədirik.

Hər bir kəs öz-özünə düşünür və deyir mən kiməm?. Mən də hamı kimi bu sualı dəfələrlə düşünərək verirəm. Cəmiyyətdə layiqli vətəndaş kimi yetişmək üçün “mən nə etməliyəm və hansı uğurları əldə etməliyəm?” deyə düşünürəm və bunun üzərində çalışıram. Əlbəttə ki, həyatda hansısa bir uğuru əldə etmək üçün daha dözümlü, səbirli, iradəli və inadkar olmaq lazımdır. Təbii ki, hər bir qələbənin, uğurun yolu ilk öncə çətinliklərdən keçir. Bir sözlə, biz bu çətinliklərə dözməsək, heç bir sahədə uğur əldə edə bilmərik. Əziyyət çəkməsək, bəhrəsini görmərik.

Mən də həyatımda dəfələrlə çətinliklərlə qarşılaşmışam. Bu çətinliklərlə qarşılaşan zaman daxili motivasiyam hər an mənə kömək olur və mən öz-özümə təsəlli verərək deyirəm: həyatı olduğu kimi qəbul etmək və onun çətinliklərinə dözmək lazımdır.

Mən qarşıma məqsəd qoyanda ona çatmaq üçün həyatla mübarizə aparıram. Məqsədimi reallaşdırmaq üçün ilk öncə öz üzərimdə çalışıram. Yəni, öz-özümü psixoloji cəhətdən qarşıda duran bütün əziyyətlərə, əngəllərə hazırlayıram. Bütün bunları olduğu kimi qəbul etmək və hər zaman belə vəziyyətlərdə öz-özümə deyirəm ki, bu da keçər. Bu söz mənə təsəlli olaraq çox yaxşı təsir göstərir.

Təbii ki, hər kəsin arzusu olduğu kimi mənim də arzum var. Ən böyük arzularımdan biri odur ki, ali məktəbə qəbul olub, bitirdikdən sonra iqtisadçı olmaq istərdim. Mən inanıram ki, öz arzularıma gec-tez çatacam. Çünki, arzulara, xəyallara inanaraq yaşamaq daha gözəldir. Özümü onlarsız təsəvvür etmirəm. Arzu edirəm ki, heç kəs öz arzularından, ümidlərindən, xəyallarından heç vaxt əl çəkməsin. Onları həyata keçirmək üçün daima mübarizə aparsınlar və axırda buna nail olsunlar.

Həyatımızda öz halal əziyyətimizlə, çətinliklərlə əldə etdiyimiz uğurlarımız bizim üçün demək olar ki, həyatımızın ən əziz anlarından biridir və biz bu anları heç vaxt unutmur, özümüzdə təsəlli tapır və fəxrimiz olaraq hər zaman yaşadırıq!



Teqlər:  





Xəbər lenti