Ölümünə susayan körpələr
Övladdan ötrü dodağı on yerdən çatlayanlar var... Anamdan tez-tez eşidirəm bu sözləri. Hər dəfə “niyə məni bu dünyaya gətirmisən”, deyəndə aldığım cavabdı. `Naşükürlük edirsən`,- deyir.
Bu yer üzündə insan olmaq yaman çətinmiş.... Dərdini-sərini, müharibələrini, haqsızlıqlarını, ağrılarını gördükcə həm anamı peşman edirəm, həm özümü...
Bizi Allah yaradıb. Nə qədər yaşayacağımızı da, nə vaxt öləcəyimizi də o bilir. Amma təəssüf ki, insanlar Allaha bəndəlik etməyib hər gün neçə-neçə insanın həyatına son qoyur.
Bu dünyanı bir-birinə qatanların, qanı su yerinə axıdanların, müharibəni başladanların uşaqdan ötrü görən heç dodaqları bir yerdən çatlayıbmı? İnanmıram....
Heçmi evləri dağılmış, ac-susuz min tərəfə səpələnən, əlacsız qalan, yanan, yaxılan, əzab çəkən bu körpələrin vəziyyətinə ürəkləri ağrımır?
Bilirəm ki, yazdığım sözlər mənasızdı, gücsüzdü. Çünki insanlıq ölüb nə yazıq ki... Ağlayanı yoxdu...
Hamı üzünü sulara söykəyib, ölümünə susayan uşağın fotosundan danışır, günahkar axtarır, haqq, ədalət istəyir. O, isə yatır sakit, səssiz... Eyniylə Xocalıda, qışın iliyi donduran soyuğunda erməni vəhşiliyinin qurbanı olmuş uşaqlar kimi. Çarəsiz, köməksiz.
Onlar dünyanın bütün qitəsində yaşamağa, bu cəhənnəm yer üzündə olmağa inad göyləri seçdilər...
“Unutmayın, uşaqlarınız sizin deyil. Onu yaradandan borca götürürsünüz.” Hansısa ağbirçək, ağsaqqal, bir vaxt özü də uşaq olan kimsə deyib bu sözü...
Borca götürülmüş, vaxtsız öldürülən bu körpələrin hesabını kim verəcək yaradana?
Uşaqlar bizim gələcəyimizdi, dünyanı gələcəyimiz xilas edəcək. Ümidsizəm, üzgünəm, çarəsizəm, nə gələcəyinə, nə sabahına inanıram bu dünyanın. Çünki minlərlə uşaq öldürlür, zorlanır, məhv edilir bu yer üzündə. Onlar da küsüb gedirlər, o fotodaki uşaq kimi....
Mən ölən körpələri ağlamayacam. Onları möhkəmcə qucaqlayıb laylay deyəcəm. Cənnət qoxulu yuxular görsünlər deyə. Kirli dünyamızsa bizə qalsın.
Laylanı da deməyə dilim gəlmir....
Axı, laylanın qaydası,
Deməyin qaydası var,
Heç belə ölüm olmaz
Ölümün qaydası var...