`Banklar bizə kredit vermirlər...` - Azərbaycanlı milyarder

`Banklar bizə kredit vermirlər...` - Azərbaycanlı milyarder
  07 Sentyabr 2015    Oxunub:4213
“Lukoyl” şirkəti neftin qiymətinin indikindən də aşağı səviyyədə olacağı təqdirdə əminliklə faəliyyət göstərmək qabiliyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri, azərbaycanlı milyarder Vahid Ələkbərov Rusiyanın “Vedomosti” qəzetinə müsahibəsində bildirib.

Ələkbərovun sözlərinə görə, vergi sistemi neft qiymətinin kəskin şəkildə aşağı düşməsi zamanı belə şirkətə özünü kifayət qədər rahat hiss etməyə imkan verir.

“Bizim üçün ən kritik hədd bir barelə görə 24 ABŞ dollarıdır. Bu, bizə analitiklərin bir barelə görə 30 dollardan aşağı qiymət proqnozundan irəli gələrək öz investisiyalarımızı proqnozlaşdırmağa imkan verə bilər”, - deyə azərbaycanlı milyarder vurğulayıb.

Ələkbərovun sözlərinə görə, şirkət daima stress-testlər keçirir. Hazırda biz aktiv şəkildə 2016-2018-ci illər üzrə ortamüddətli proqramımızı və gələcək on illər üzrə proqramımızın bəzi parametrlərini müzakirə edirik. Biz bundan imtina etmirik”, - deyə Ələkbərov bildirib.

Ələkbərov həmçinin qeyd edib ki, şirkət Rusiyada neft hasilatını artırmaq niyyətində deyil.

“Lukoyl” rəhbəri Vahid Ələkbərov bəyan edib ki, sanksiyalar Rusiya və əcnəbi neft-qaz şirkətlərin fəaliyyətinə nəzərə çarpacaq dərəcədə təsir edib.

“İstənilən məhdudiyyətlər şirkətə mənfi təsir edir. İnvestisiya reytinqləri aşağı salınır. Lakin bizim şirkət üçün bu reytinq səviyyəsi milli səviyyədən yüksəkdə saxlanılır. Kapital və texnologiyalar bazarına çıxış məhdudlaşır. Geoloji və texnoloji cəhətdən çətin layihələrin reallaşdırılması üçün xarici şirkətlərlə konsorsiumların formalaşdırılması çətinləşir.”, - deyə Ələkbərov bildirib.

Azərbaycanlı biznesmenin sözlərinə görə, hazırda şirkət ortamüddətli kreditlər ala bilmir: “Biz bu gün əsasən öz resurslarımız və Rusiya bankalarından cəlb etdiyimiz qısamüddətli kreditlər hesabına fəaliyyət göstəririk. Bu il biz 1,8 milyard ABŞ dolları dəyərində borcu bağlamışıq. Gələn il isə biz 600 milyon ABŞ dolları dəyərində borcu ödəmək niyyətindəyik. Bütün bu borcları büdcədən ödəyirik və təbii ki, bu, bizim uzunmüddətli investisiya layihələrimizin reallaşdırılmasına təsir edir. Hazırda şirkət Özbəkistandakı layihələrin maliyyələşdirilməsi üçün Cənubi Koreyanın “Korea EximBank” bankı ilə aktiv danışıqlar aparır.

Biz ümid edirik ki, qərar qəbul ediləcək və bu layihənin maliyyələşdirilməsi baş tutacaq”,- deyə Ələkbərov vurğulayıb.

İş adamının sözlərinə görə, ortamüddətli və uzunmüddətli perspektivdə sanksiyalar şirkətin fəaliyyətinə daha çox təsir edəcək. “Bizim ənənəvi texnologiyalar və avadanlıqlarımız olduğuna görə, sanksiyalar qısamüddətli neft hasilatı həcminə təsir etməyəcək”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti