Türk və rus əsgəri toqquşacaqmı? – TƏHLİL

Türk və rus əsgəri toqquşacaqmı? – TƏHLİL
  08 Sentyabr 2015    Oxunub:6722
Suriyada Rusiya hərbi qüvvələrinin sayının artması və prezident Bəşər Əsəd qüvvələri tərəfində qiyamçılara qarşı mübarizə aparmaları barədə Qərb və İsrail KİV-lərində məlumat yayılıb. “New York Times” öz mənbələrinə istinadən iddia edir ki, Rusiya Suriyaya böyük miqdarda hərbi qüvvə göndərir və əsas məqsədi hərbi hava qüvvələrinin bazasını yaratmaqdır.

Bildirilir ki, hərbi bazada aerodrom da mövcuddur və Rusiya qırıcıları bu aerodromdan qalxaraq, qiyamçıların mövqelərinə zərbə endirirlər. Britaniyanın “Sunday express” və “The Times” qəzetləri də oxşar məlumatlar yayıblar.

Bununla bağlı Amerikanın dövlət katibi Con Kerri rusiyalı həmkarı Lavrovla telefon əlaqəsi saxlayaraq, ölkəsinin bu məlumatlarla bağlı ciddi narahatçılıq keçirdiyini və Rusiya hərbçilərinin sayının artmasının regionda münaqişənin daha da gərginləşməsinə gətirib çıxaracağını bildirib. Rusiya XİN-in açıqlamasında qeyd edilir ki, Lavrov ölkəsinin Suriyaya hərbi sahədə çoxdandır dəstək göstərdiyini gizlətmədiyini açıqlayıb.

Prezident Putinin mətbuat katibi Peskov isə Suriyada Rusiya hərbi qüvvələrinin sayının artması barədə heç bir məlumatının olmadığını deyib. Qeyd edək ki, bundan əvvəl Putin Rusiyanın “İslam Dövləti” təşkilatına qarşı hərbi əməliyyatlara qoşulması haqqında danışılmasının hələ vaxtının yetişmədiyini bildirmişdi.

Bununla belə, Rusiya hərbiçilərinin Suriyada hərbi əməliyyatlarda iştirakı məsələsi ölkənin sosial şəbəkələri və bloqqerlərinin əsas müzakirə mövzusu olub. Sosial şəbəkələrdə yayılmış videogörüntüdə Rusiya istehsalı olan BTR-82 hərbi maşını görüntülənib və rusca komanda əmrləri səslənib. Bundan əlavə, Rusiyanın qırıcılarını əks etdirən fotoşəkillər yayılıb.

Bloqqerlər araşdırma apararaq, Suriya ərazisində çəkdirdikləri fotoşəkilləri sosial şəbəkələrindəki profillərində paylaşmış hərbi qülluqçular barədə məlumat yayıb və bunun Rusiya hərbi qüvvələrinin Suriyada hərbi əməliyyatlara müdaxilə etməsini sübut edən fakt kimi qələmə veriblər. Eyni zamanda Bosfor boğazından cənuba doğru üzən Rusiya hərbi gəmilərinin görüntüləri yayılıb.

Görüntülərin yayılma tarixindən məlum olur ki, Rusiya 2015-ci ilin mart ayından etibarən Suriyada daha da fəallaşmağa başlayıb, iyul-avqust aylarında isə hərbi qüvvələrinin sayını daha da artırıb. Maraqlıdır ki, Rusiya hərbçilərinin döyüşlərdə iştirakını təsdiq edən hər hansı video, yaxud foto görüntü yayılmayıb.



Məlumdur ki, Suriyanın Aralıq dənizinə çıxan Tartus liman şəhərində 1971-ci ildən Rusiya hərbi bazası yerləşir. Lakin 1991-ci ildən etibarən hərbi bazanın şəxsi heyətinin sayı 4 nəfərə qədər azaldılıb və bura yalnız Rusiya hərbi gəmilərinin texniki təchizat mərkəzi kimi fəaliyyətini davam etdirib. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başladıqdan sonra, Rusiya bu ölkədəki hərbi və mülki vətəndaşlarını çıxarmaq barədə qərar qəbul etdi.

Hazırda Rusiyanın Tartus limanı ətrafında hərbi bazanı yenidən formalaşdırmaq və hərbi qüvvələrinin sayını artırmasını bir neçə amillə əlaqələndirmək olar. Söhbət ondan gedir ki, iyun ayının əvvəlindən başlayaraq Əsəd qüvvələri öz mövqelərini itirməyə başladılar. Hətta hökumət qüvvələri əsas dayaq məntəqələri olan Latikiyyə şəhərini itirməklə üz-üzə qalmışdı.

Əsədin Suriyada yenilməsi Putinin beynəlxalq mövqeyini zəiflədə bilərdi. Çünki, Qərb-Rusiya danışıqlarında Vaşoinqtonun əsas tələbi Rusiyanın Əsədə göstərdiyi dəstəyi dayandırmasıdır. Kreml məhz Suriyadakı mövqeyi hesabına, Ukrayna məsələsində Qərbdən güzəştlər əldə etmək, həm də, ümumiyyətlə münasibətləri nisbətən yaxşılaşdırmağa çalışa bilər. Məsələn, Əsədin məğlubiyyəti müqabilində Krımın Rusiya ərazisi kimi tanınması tələbi irəli sürülə bilər.

Güman etmək olar ki, məhz bu səbəbdən, Əsədin mövqelərinin zəiflədiyini görən Moskva Suriyadakı hökumət qüvvələrinə hərbi yardımını genişləndirdi. Bundan sonra Suriya hökumət qüvvələrinin Latikiya istiqamətində geriləmələrinin qarşısı alındı, hətta, Əsəd qüvvələri müəyyən qədər irəliləyişə nail oldular.

Lakin Rusiya Əsəd qüvvələrinə dəstək göstərməklə kifayətlənmir və Tartusdakı hərbi bazasını yenidən dirçəldərək Suriyadakı hərbi qüvvələrinin sayını artırmağa çalışır. Ehtimal etmək olar ki, Moskva Əsədin mümkün məğlubiyyətinə də özünü hazırlayıb və Suriyanın yenidən bölünməsində öz payını qoparmaq niyyətindədir. Qeyd edək ki, Tartusda hərbi baza və hərbi gəmilərin mövcudluğu Suriyanın Aralıq dənizi boyu sahilyanı əraziləri nəzarətdə saxlamağa imkan verir. Bu o deməkdir ki, gələcəkdə Ərəb ölkələri, İran, yaxud İraqdan Suriya ərazisinə neft-qaz kəmərinin çəkilməsi Rusiyanın razılığı olmadan həyata keçməyəcək.

Maraqlıdır ki, Rusiya Türkiyənin İŞİD-la mübarizə adı altında Suriyaya qoşun yeritməsindən sonra bu ölkədə fəallaşmağa başladı. Əslində isə Rusiya Əsədi, Türkiyə isə Suriya müxalifətini dəstəklədikləri üçün Suriya çöllərində rus əsgəri ilə türk əsgərinin qarşı-qarşıya gəlməsi tamamilə labüddür.

Türkiyədən fərqli olaraq Rusiya Suriyaya qoşun yeritdiyini bəyan etməyə tələsmir və bunu hər vəchlə gizlətməyə çalışır. Səbəb çox sadədir: Rusiya qoşunlarının Suriyaya daxil olması NATO-nun Suriyaya müdaxiləsi üçün şərait yarada bilər. Bu dəfə rus əsgəri NATO əsgəri ilə qarşı-qarşıya qalacaq ki, bunun da Rusiya üçün nəticələri heç də ürəkaçan olmayacaq.

Kremlin belə bir riskli addım atmağa vadar edən əsas amil isə “ən yaxşı müdafiə hücumdur” taktikasına sadiqliyidir. Moskvada belə bir qənaətə gələ bilərlər ki, İŞİD Orta Asiya cəbhəsindən Rusiyaya hücum edənə qədər ruslar özləri Suriya cəbhəsindən İŞİD-ə zərbə endirsinlər. Ən azı, Rusiya kəşfiyyatı İŞİD-ın mənşəyi barədə məlumat əldə etmək imkanı qazanır və İslam Dövləti terror təşkilatının arxasında duran qüvvələri kim olduğunu özü üçün aydınlaşdırması mümkündür.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti