Aİ-nin Bakıdakı rəhbəri XİN-ə çağırıldı

Aİ-nin Bakıdakı rəhbəri XİN-ə çağırıldı
  11 Sentyabr 2015    Oxunub:3465
2015-ci ilin 11 sentyabr tarixində Avropa ittifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Malena Mardı Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə XİN-dən AzVision.az verilən məlumatda bildirilir.

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev tərəfindən aşağıdakılar Malena Mardın diqqətinə çatdırıldı:

- 10 sentyabr 2015-ci il tarixində Avropa parlamenti tərəfindən qəbul edilmiş qətnaməni kəskin şəkildə qınayırıq. Qərəzli və destruktiv xarakter daşıyan bu sənəd Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrə zərbə vurur və münasibətlərimizin gələcək perspektivlərinə ciddi əngəl yaradır.

Plenar iclasda Avropa Parlamentinin bəzi üzvləri tərəfindən də deyildiyi kimi aidiyyəti komitələrdə əvvəlcədən müvafiq müzakirələr aparılmadan plenar iclasda tələm-tələsik səsvermə yolu ilə qətnamənin tez bir şəkildə qəbulu bir sıra prosedur çatışmamazlıqları ilə müşayiət olundu. Qətnamə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə əlaqədar qərəzli və təhrif olunmuş məlumatla doludur. Məxsusi olaraq sənəd fərdi cinayət hallarını siyasiləşdirilir və onların əsl mahiyyətinin ziddinə olaraq, əsassız iddialar irəli sürür.

Həmçinin, Avropa Parlamentinin Azərbaycana münasibətdə daim seçimli yanaşması insan hüquqları məsələsinin Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunduğunu göstərir. Lakin Avropa parlamentinin üzvləri bilməlidirlər ki, belə cəhdlər ilkin başlanğıcdan uğursuzluğa məhkumdur. Bununla yanaşı qətnamənin müəyyən müddəalarında istifadə edilən həqarətli ifadə forması etik normalardan və çərçivələrdən kənara çıxır. Ölkəyə ünvanlanmış cəfəng və çirkin böhtanlar tamamilə qəbuledilməzdir və təşkilatın etibarlılığını ciddi sarsıdır. Eləcə də hədəfli sanksiyalar və viza qadağaları haqqında əsassız çağırışlar heç bir halda qəbul edilə bilməz.

Bu aydın şəkildə təsdiq edir ki, belə bir sənədin qəbulu Azərbaycanın artan beynəlxalq nüfuzunun zədələnməsini qarşısına yeganə məqsəd qoyan maraqlı məhdud qüvvələrin marağına xidmət edir.

Eyni zamanda qətnamədə istifadə olunan “Dağlıq Qarabağ” ifadəsi beynəlxalq hüquqa zidd xarakter daşıyır və buna görə də qəbuledilməzdir.

Avropa qitəsi təxirəsalınmaz həll tələb edən çoxsaylı ciddi təhdidlərlə üzləşdiyi halda, Avropa Parlamentinin davamlı əsasda Azərbaycanda insan hüquqları məsələsinə diqqət yetirməsi təəccüb doğurmaya bilməz.

Hesab edirik ki, Avropa Parlamenti tərəfindən BMT-nin insan hüquqları mexanizmləri, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən Aİ üzv dövlətində müəyyən edilmiş həddən artıq gücdən istifadə, hüquq-mühafizə orqanları tərəfindən pis rəftar, ayrı-seçkilik və dözümsüzlük, İslamofobiya, korrupsiya, miqrasiya problemləri və sair bu kimi sistemli insan hüquqları zorakılıqlarına zəruri diqqətin ayrılması daha məqsədəuyğun olardı.

Avropa Komissiyası Avropa Parlamentini bu qınaq obyekti olan qətnamənin səsverməyə çıxarılmasının qarşısının alınması üçün ciddi addımlar atmaması təəssüf doğurur. Əksinə olaraq, Avropa Komissiyasının yüksək vəzifəli şəxslərinin bu yaxınlarda verdikləri açıqlamaları bu prosesə öz mənfi təsirini göstərdi.

Malena Mard Azərbaycanın mövqeyinin Avropa İttifaqının aidiyyəti strukturlarına çatdırılacağını bildirdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti