Rusiyada 21,7 milyon insan yoxsuldur

Rusiyada 21,7 milyon insan yoxsuldur
  12 Sentyabr 2015    Oxunub:1636
Rusiya Federal Statistika Xidməti: Yoxsulluq həddində yaşayan əhalinin sayı 2015-ci ilin ilk yarısında 14,8 faiz artıb
Rusiyada yoxsulluq həddində yaşayan əhalinin sayı 21,7 milyon nəfərə çatıb.

Bu barədə Rusiya Federal Statistika Xidməti (Rosstat) məlumat yayıb.

Qurumdan verilən açıqlamaya görə, Rusiyada yoxsulluq həddində yaşayan əhalinin sayı 2015-ci ilin ilk yarısında 14,8 faiz artaraq 21,7 milyon nəfərə çatıb.

Ukrayna böhranı, sanksiyalar, neftin qiymətinin aşağı düşməsi, rublun dəyərdən düşməsi və dünya bazarında baş verən problemlər səbəbindən Rusiya iqtisadiyyatının 2015-ci ildə 3,5-4 kiçilməsi gözlənilir.

"Rosstat"-ın hesabatına görə, aylıq gəliri 10 min rubldan (147 ABŞ dolları) az olan əhalinin sayı 15,1 faizə çatıb.

Rusiya İctimai Rəyi Öyrənən Mərkəzin (VTsİOM) apardığı araşdırmalara görə isə, yoxsulluq həddində yaşayan əhalinin sayı daha çoxdur. VTsİOM-un bu ilin avqust ayında apardığı araşdırmada qeyd olunub ki, bu ölkədə minimum həyat səviyyəsində yaşamaq üçün adam başına düşən gəlir 22 min 700 rubl (334 dollar) olmalıdır. İnflyasiyanın maaşlara təsir etməsi, xüsusi ilə də dövlət işində çalışanların əmək haqlarında ixtisarların aparılması əhalinin gəlirlərinin azalmasına səbəb olub. (Apa)


Teqlər:





Xəbər lenti