`Dərmanlar ucuzlaşmasaydı, ölərdik...`- Reportaj

`Dərmanlar ucuzlaşmasaydı, ölərdik...`- Reportaj
  16 Sentyabr 2015    Oxunub:13310
Ötən gündən başlayaraq dərman vasitələri yeni qiymətlərlə satışa çıxarılıb. İlkin mərhələdə 1057 adda dərmanın qiyməti tənzimlənib.

İlin sonunadək isə dövlət qeydiyyatında olan bütün dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin başa çatdırılmsı gözlənilir.

AzVision.az-ın əməkdaşı paytaxtda bir neçə aptekə baş çəkərək, dərmanların qiyməti ilə maraqlanıb.

İlk olaraq getdiyimiz aptekdə əczaçı xanım qiymətlərin 3-4 dəfə ucuzlaşmasını gözlədiklərini bildirib.



Qeyd edib ki, qiymətləri ucuzlaşan dəmanların siyahısında xüsusən, antibiotik iynələr, ürək, şəkər, təzyiq dərmanları üstünlük təşkil edir: “Qiymətlərin hardasa 3-4 dəfə düşməsini gözləyrik. Bu gün aptekə gələn malların qiymətində mütləq düşmə olacaq. Hələ ki, sifariş verdiyimiz dərmanlar gəlməyib. Əvvəlcədən aldığımız dərmanları isə yığışdırıb, bazaya təhvil vermişik”.

Baş çəkdiyimiz digər aptekdə isə əczaçı dərmanların adları və qiymətləri olan siyahıdan istifadə edib, alıcılara xidmət göstərirdi: “Təzyiq, baş ağrı, xolestrin əleyhinə və digər dərmanlarda qiymətlər ucuzlaşıb. Elə dərmanlar var ki, əvvəlki qiymətlərlə müqayisə də 20-30 qəpik fərq var. Bəzi dərmanlarda isə bu fərq böyükdür”.



Üz tutduğumuz digər apteklərdə də dərmanların yeni qiymətlərə satışa çıxarıldığının şahidi olduq.

“Qiymətlər dərmanların növlərindən aslıdır. Elə dərman var ki, 28 manatdan 6 manata düşüb. Təbii, alıcılarımız da sevinirlər. Kasıb adamlar, təqaüdçülər biləndə ki, istifadə etdikləri dərmanların qiyməti aşağı düşüb, sevinirlər, üzləri gülür. Çünki elə adam var ki, mütəmadi olaraq dərmana bağlı yaşayır ”.



Alıcılar da qiymətlərin ucuzlaşmasından razı görünürdülər: “Dövlətimizdən çox razıyıq. Dərman elə şeydir ki, ucuz da olsa, baha da olsa məcbursan almağa. Sağ olsunlar, biz kasıbları nəzərə alıb, belə addım atdılar”.



Dərman vasitələrinin ucuzlaşması apteklərin də işinə müsbət təsir edir. Belə ki, qiymətin ucuzlaşmasından sonra apteklərə üz tutanların sayı çoxalıb. Müşahidələrimiz zamanı bunun şahidi olduq.

Qeyd edək ki, Tarif Şurasının son iclasında daha 55 yeni təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunub və bunun üçün son müddət 2015-ci il sentyabr ayının 10-dək müəyyən edilib.



Şahanə Rəhimli
Fotolar: Elvin Abdulla



Teqlər:  





Xəbər lenti