`Qərb üçüncü ölkələrdə hüquq müdafiəçiləri becərir` - ATƏT Konfransında etiraz

`Qərb üçüncü ölkələrdə hüquq müdafiəçiləri becərir` - ATƏT Konfransında etiraz
  23 Sentyabr 2015    Oxunub:3123
“Fikrimcə, hüquq müdafiəçiləri üçün ciddi təhlükələrdən biri də ATƏT, AŞ və Aİ-nin bütün strukturlarında hüquq müdafiəçilərinin sürətlə “ifşaedicilər” adlanan şəxslərlə əvəzlənməsidir. İndi bu qurumların bütün tədbirlərinə Vətəndaş cəmiyyəti təmsilçisi adı altında pərdələnmiş “ifşaedci” adlananlar məruzəçi qismində dəvət alır və ya belə “ifşaedicilərlə” bağlı dövlətlər tərəfindən tədbirlər görüləndə bu qurumlar onları qurban kimi qələmə verib, müdafiə edirlər”.

Bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov ATƏT-in İnsan Meyarı üzrə İllik konfransındakı çıxında deyib. O, bildirib ki, belə “ifşaedicilər” müxtəlif güclərin təsiri altındadırlar və onların sifarişini yerinə yetirirlər. Onlar bir neçə ölkənin xüsusi xidmət orqanları və ya Transmilli Şirkətlərin xüsusi qurumlarına və ya digər güclərə bağlı insanlardır.

- Mən Sizə belə sual ünvanlamaq istəyirəm. Siz “İfşaedicilər” adlananları Vətəndaş Cəmiyyəti nümayəndələri hesab edirsinizmi? Əgər edirsinizsə, onda ən məşhur ifşaedciləri - Snouden və Assancı Vətəndaş Cəmiyyəti nümayəndəsi sayırsınızmı, onları da müdafiə edirsinizmi?,-deyə o, sual edib. Amma sual cavabsız qalıb.

Sahib Məmmədov bildirib ki, hüquq müdafiəçilərinə qarşı digər təhlükə isə bəzi dövlətlər, o cümlədən, ABŞ və Norveç Tərəfindən 3-cü ölkələrdə yalançı hüquq müdafiəçilərinin “becərilməsi”dir. Belə “hüquq müdafiəçiləri” faktiki olaraq onları becərən ölkələrin sifarişini yerinə yetirirlər. Belələri öz ölkələrində tanınmasa da, belə qurumlarda “məşhur hüquq müdafiəçisi” adlandırılır.

Sonda Sahib Məmmədov BMT-nin hüquq müdafiəçiləri üzrə xüsusi məruzəçisi Mişel Forsta belə bir sual ünvanlayıb: “Azərbaycan Xarici İşlər Nazirliyi BMT-nin bütün xüsusi məruzəçilərinin Azərbaycana gəlişinə icazə verilməsi ilə bağlı dövlət adından bəyanat verib. Mən Azərbaycanda bir çox xüsusi məruzəçilərlə görüşmüşəm, o cümlədən, sizdən əvvəl sizin vəzifəni tutan şəxslərlə. Sizin özünüzün Azərbaycana gəlmək fikiriniz olubmu?”

Mişel Forst sualdan yayınaraq deyib ki, onu gərək dəvət etsinlər. Halbuki, özü müraciət etməlidir. Və əlavə edib ki, “Mən gəlsəm həbsxanada olan şəxslərlə görüşəcəm”. Hərçənd, onun belə mandatı yoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti