İnternet provayderləri bizi necə aldadır? - Araşdırma

İnternet provayderləri bizi necə aldadır?  - Araşdırma
  23 Sentyabr 2015    Oxunub:11368
Azərbaycanda internetin keyfiyyətində kifayət qədər problem var. Dövlət səviyyəsində bu istiqamətdə mühüm addımlar atılsa da, yeni peykimiz istifadəyə verilsə də internetin sürəti düzəlmir ki, düzəlmir...

İnternet alverçiləri, yəni provayderlər bir-birləri ilə bəhsə girərək müştəriləri ələ almaq üçün min oyundan çıxırlar. “Ən ucuz və ən keyfiyyətli internet bizdə” deyə aldadıcı elanlara addımbaşı rast gəlirik. Çətini provayderlərin vədinə aldanıb, onların tələsinə düşənə kimidir.

İşi tamamilə internetə bağlı olan insanlar üçün keyfiyyətsiz internet əsl işgəncədir.

Buna səbəb nədir? Niyə internetimiz yox dərəcəsindədir?



Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz AzVision.az–a bildirib ki, internet sahəsindəki keyfiyyətsizlik sindromu uzun illərdir Azərbaycanda davam edir.

AİF rəhbərinin sözlərinə görə, hələ də Azərbaycan interneti keyfiyyətsiz olaraq qalır: “İstifadəçi ödədiyi pula uyğun sürət ala bilmir. Tutaq ki, internet istifadəçisi 2 megabit sürət almaq üçün pul ödəyibsə, ona verilən sürətin miqdarı 1,5 olur. Və ya 4 megabit sürət əvəzində 3,5 verirlər. Təbii ki, provayderlər abunəçilərə verilən sürəti oğurlayırlar. Bir sözlə, sürət həm oğurlanır, həm də itir. Belə ki, provayderlər müqavilədə göstərilən sürəti verməməklə yanaşı, infrastrukturun bərbad vəziyyətdə olması verilən sürətin azalmasına gətirib çıxarır”.

O.Gündüz onu da deyib ki, internet sahəsində yaşanan problemlərə bağlı dəfələrlə monitorinqlər aparılıb və real vəziyyət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyi nəzdnindəki İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsinə çatdırılıb. Buna baxmayaraq yenə də istehlakçıların hüquqları pozulur.

“Hüquqi və ya fiziki şəxs provayderlə müqavilə bağlayır, bəlli sürəti götürür və həmin sürətə uyğun pulu ödəyir. Lakin evə və ya ofisə çatanda interneti almaq istəyəndə həmin sürəti əldə etmədiyini görür. Baxmayaraq ki, provayder internetin sürətini normal göndərsə də yolda infrastruktur, kabellər xarab olduğuna görə, həmin sürət son mənzilə gedib çatmır. İnfrastruktur məsələsində isə günah ATS-lərin üzərinə düşür”.

Həftənin ara günləri bir yana, həftə sonları da internetin sürəti sıfıra bərabər olur. İnternet istifadəçiləri onlara verilən internet sürətinin ödədikləri pula adekvat olmadığını bildirirlər. Hətta, speed test vasitəsilə yoxlama apararkən sürət göstəricilərinin normal olduğu görsənir. Lakin internetdən istifadə etmək üçün lazım olan sürəti almaq mümkün olmur. Vətəndaşların dediyinə görə, həftə sonu bir çox yerlər işləmədiyindən provayderlər bundan istifadə edir. Onlar bütün həftə boyu əslində normal verilməli sürəti həftə sonu lap azaltmaqla həmin günün pulunu mənimsəyirlər.



O.Gündüz hüquqları pozulan internet istifadəçilərini provayderləri məhkəməyə verməyə çağırıb.

“İnternet provayderləri külli miqdarda pul qazanmaq istədiyindən internetin sürətindən oğurlayırlar. Ümumiyyətlə, interneti topdan satan Delta Telekom şirkətidir ki, ikinci dərəcəli provayder Delta Telekomdan interneti alır və bir neçə hissəyə bölərək paylayır. Halbuki, müştərilərin sayına uyğun internet alınmalıdır ki, göstərilən sürət təmin edilsin. Həmin provayderlər isə bunu etmir”.

Mütəxəssis sürətin oğurlandığını sübut etməyin mümkün olduğunu deyib. Onun sözlərinə görə, internet istifadəçiləri üzləşdikləri problemlərlə əlaqədar ilk növbədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinin nəzdindəki İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsinə, sonda isə məhkəməyə müraciət edə bilərlər. Söz yox ki, internet istifadəçiləri məhkəməni udacaqlar”.

Onu da deyək ki, hazırda Azərbaycanın internet sahəsində 40 provayderi fəaliyyət göstərir. Bunlardan ikisi - "Bakinternet" və "Aztelekomnet" dövlətə məxsusdur.

Qalan 38 provayder isə müstəqil fəaliyyət göstərir. Bunların içərisində "Delta telekom" şirkəti provayderlərə internet axını çatdıran yeganə təchizatçıdır.

Azərbaycan provayderləri bu şirkət vasitəsilə fibrooptik kanallar tərəfindən Belçika və Almaniyanın qlobal provayderlərinə qoşulublar.

Hazırda Azərbaycanda 1 milyon internet istifadəçisi var. Bu isə hər 100 nəfərdən 12-nin internet istifadəçisi olması deməkdir.



Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev deyir ki,proveyderlər lisenziyasınız, sərbəst fəaliyyət göstərdiyindən nazirlikdən icazə almırlar. Odur ki, internetin zəif olması həmin provayderlərin problemidir: “Təbii ki, provayder istifadəçiyə sürəti müqavilədə göstərildiyi kimi vermirsə deməli istehlakçıların hüquqlarını pozmuş olur. Bu zaman istehlakçı aidiyyatı üzrə müraciət etməlidirlər”.

Şöbə müdirinin sözlərinə görə, interenetin sürətinin zəif olması provayderlərin ATS-lərdən uzaq məsafədə yerləşməsindən də asılıdır: “Ola bilər ki, ADSL-dən daha çox istifadə olunur. Buna görə də onlar ATS-lərdən uzaq məsafədə yerləşdiyindən sürətli internet verilişində texniki problemlər yaşanır. Bu bizdən asılı olmayan problemlərdir. Həmin provayder istifadəçi ilə müqavilə bağladığı zaman həmin sürətin verilə bilməsi haqqında zəmanət alınmalıdır. Odur ki, vətəndaşlar müqavilə bağladıqları zaman bunlara diqqət etməlidir”.
Provayderlərin sərbəst fəaliyyət göstərdiyinə görə poblemlər yaratdıqlarını deyən İ.Əliyevin sözlərinə görə, 2003-cü ildən internmet tənzimlənməyən sahəyə çevrilib.

“Necə ki, bəzi ticarət mərkəzləri lisenziyasız fəaliyyət göstərir, provayderlər də lisenziyasız fəaliyyət göstərirlər. İnternet sərbəst fəaliyyət olduğuna görə bu gün vəziyyət belədir”.

Həftə sonları internetin tamamilə kəsilməsinə də aydınlıq gətirən İ. Əliyev deyir ki, provayder interneti hansı kanal vasitəsilə alırsa, onu da satır.

Şöbə müdirinin sözlərinə görə, ölkəyə internet gətirilməsində iştirak edən “DeltaTelekom”, “AzTelekom” var ki, onlar interneti Avropadan gələn kanallardan birindən götürürlər.

“Azərbaycan beynəlxalq internet kanallarına qoşulub. Magistrallara birləşmə üzrə xidmətlər göstərən milli provayderlərimiz var ki, onlar interneti alıb, ölkədəki digər provayderlərə satırlar”.



“Aztelekom” MMC-nin İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Elmar Hüseynov bu fikirlə razı deyil. O bildirib ki, son illər dünyada informasiya texnologiyaları çox yüksək sürətlə inkişaf edir: “Əksər ölkələr bu inkişafla ayaqlaşmağa çətinlik çəkirlər. Azərbaycanda isə bunun əksinədir.

Məsələn, dünyada ilk çıxan texnoloji yeniliyə qısa müddət sonra ölkəmizdə rast gəlmək olur. Bu baxımdan bunu internetlə də əlaqələndirmək mümkündür. Azərbaycanı son illər yüksək sürətli internet xidmətinin göstərilməsinə görə yalnız lider ölkələrlə müqayisə etmək olar. Bu gün Azərbaycan ucqar dağ kəndlərində internet xidməti göstərilən tək-tük ölkələrdəndir. Bu həm də ölkə insanlarının yeniliyə açıq olmasından irəli gəlir. Biz də “Aztelekom” MMC olaraq çalışırıq ki, əhaliyə yüksək səviyyədə xidmət göstərək”.

E.Hüseynov deyir ki, bölgələrdə yüksək sürətli internet xidmətinin göstərilməsi məqsədilə Aztelekom.net internet servis provayderi Qlobal İnternet Şəbəkəsinə “Delta Telekom” MMC tərəfindən ayrılmış 40 Gbps-lik (qiqabayt) port üzərindən qoşulub.

Onun sözlərinə görə, alternativ, davamlı və yüksək xidmətin təşkili məqsədilə istifadəçilərə Aztelekom.net internet servis provayderinin Yevax Regional Mərkəzi də xidmət göstərir. Bakı və Yevlax Regional Mərkəzində genişzolaqlı internet istifadəçilərinə texniki dəstəyin göstərilməsi məqsədilə “170” nömrəli sorğu xidməti mərkəzi yaradılıb. Şəbəkəyə qoşulmuş avadanlıqlar işləyən zaman hər hansı elementdə baş verə biləcək qəzanın təsbit edilərək tez bir zamanda aradan qaldırılıması məqsədilə Şəbəkə Monitorinq Sistemi qurulub”.
“Aztelekom” MMC rəsmisi deyir ki, Aztelekom.net internet servis provayderində şəbəkəyə qoşulmuş server qurğulardan kənardan “”DOS ATTACK” hücumlarının qarşısının alınmasına və təhlükəsizliyinə mütəmadi olaraq nəzarət olunur.

O, qeyd edib ki, xidmətin səviyyəsi yüksək olduğu üçün Aztelekom.net internet servis provayderinin genişzolaqlı ADSL internet istifadəçilərinin ümumi sayı 168 mini ötüb. Bu da onu göstərir ki, “Aztelekom” MMC hər zaman çalışıb ki, öz rabitə və internet xidməti ilə əhaliyə xidmət göstərsin.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti