Terrora qarşı terror: ‘İŞİD‘ və ‘Əl-Qaidə‘ savaşa başlayır – TƏHLİL

Terrora qarşı terror: ‘İŞİD‘ və ‘Əl-Qaidə‘ savaşa başlayır – TƏHLİL
  23 Sentyabr 2015    Oxunub:3312
Beynəlxalq münasibətlər tarixində, həmçinin terror təşkilatlarının fəaliyyət tarixində maraqlı situasiya yaranıb. İki böyük terror təşkilatı olan “İŞİD” və “Əl-Qaidə” bir-birinə qarşı savaşırlar. Mütəxəssislər tərəfində “verbal müharibə” adlandırılan bu vəziyyət öncə “kimin daha çox tərəfdarı var?” prinsipilə meydana çıxmağa başladı. Və Əbu Bəkr Əl-Bağdadi ilə Ayman Əl-Zəvahiri regionda güc, nüfuz və tək söz sahibi olmaq uğurunda çəkişməyə başladılar.

“Bild” qəzeti yazır ki, hər iki terror təşkilatı artıq dini dövlət yaratmaq uğurunda bir-birinə qarşı rəqabətə girişib. CNN telekanalının bu faktla bağlı yaydığı məlumatında qeyd olunur ki, Əl-Qaidənin rəhbəri Əl-Zəvahiri 2014-ci ilin iyun ayında “İŞİD”-in xəlifəlik qurmaq çağırışını tanımadığını, o cümlədən Əl-Bağdadini qəbul etmədiyini elan edib.

`Əl-Qaidə`nin lideri Ayman Əl-Zəvahiri öz döyüşçülərinə xitabən bildirib ki, Əl-Bağdadinin özünü xəlifə elan etməsi, həmçinin bir qrup naməlum insanlar tərəfindən müdafiə olunması onun kor edildiyini göstərən faktdır.

Görünür ki, Əl-Bağdadinin özünü xəlifə elan etməsi `Əl-Qaidə`ni yamanca qıcıqlandırıb. Bununla yanaşı, Əl-Qaidə terror təşkilatı öz silahdaşlarını “İŞİD”-ə, o cümlədən, şəxsən Əbu Bəkr Əl-Bağdadiyə qarşı ciddi mübarizəyə, savaşa çağırıb.

Terror eksperti Uilyam Makkents hər iki tərəfin düşənmənçilyinin kritik həddə olduğunu qeyd edərək, belə bir izah verib: “Əl-Zəvahiri İŞİD silahlılarının Əl-Qaidə döyüşçülərinə hücumundan bərk hiddətlənərək İŞİD-ə qarşı savaşa başlayıb”.

ABŞ-ın Georgetown univeristetinin analitiki Nikolas Palarino hər iki böyük terror təşkilatı arasındakı mövcud verbal müharibəni iki nəhəng boss, yaxud iki mafiya başçısı arasında ərazi uğurunda, yaxud regiona hakim olmaq uğurunda gedən qarşıdurmaya bənzədib.

Hazırda adı çəkilən terror təşkilatları arasında toqquşmalarda ekspertlərin fikirincə, İŞİD daha çox populyardır, lakin istisna deyil ki, Əl-Qaidə böyük planlar cızmır və hansısa bir konspirasiya təşkil etmir. İlk baxışda Əl-Qaidə hələ ki, İŞİD-ə qarşı səbr nümayiş etdirən tərəf kimi görüənür. Ehtimal olunur ki, Əl-Zavahirinin müəyyən strategiyası var.

`Əl-Qaidə` liderinə məxsus və nə vaxt yazıldığı bilinməyən digər bir səs yazısında o, deyir ki, “mən İraq və Suriyada onlara qarşı ümumi şəkildə savaşcağam”. Bu faktor da sübut edir ki, gələcəkdə bu terror nəhəngləri arasında hansısa bir formada əməkdaşlıq reallaşmayacaq.

Güman olunur ki, Əl-Qaidə rəhbəri İŞİD cəlladları tərəfindən öldürülə biləcəyi və mübarizənin yarımçıq qalacağından ehtiyat edir.

ABŞ-ın təhlükəsizlik məsələləri üzrə rəsmilərindən biri hadisələrə münasibət bildirərək deyib ki, “Hər iki terrorçu liderin ortaq məxrəcə gəlməsi və ya barışması hazırda real görünmür”.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti