Ərdoğan rusca təşəkkür etdi: `Spasibo...`

Ərdoğan rusca təşəkkür etdi: `Spasibo...`
  24 Sentyabr 2015    Oxunub:2817
Sentyabrın 23-də tarixi Moskva məscidinin bərpadan sonrakı açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxış edib.
Ərdoğanın çıxışını rus dilində “təşəkkür edirəm” anlamına gələn “spasibo” kəlməsi ilə tamamlaması diqqət çəkib.

Ərdoğan onu mərasimə dəvət edən Şeyx Ravil Qaynutdinə, məscidin bərpasında iştirak edənlərə, o sıradan Türkiyə Diyanət İşləri Başqanlığına, Türkiyə Diyanət Vəqfinə təşəkkürlərini çatdırıb: “111 illik məscidin bərpası Türkiyə-Rusiya dostluğuna ciddi bir qatqıdır. Mən bu məscidi Rusiyada sabitliyin təminatçısı olaraq görürəm. Bu gün dünya böyük köçkün problemi yaşayır. Ancaq çıxış yolu sərhədləri bağlamaqda, onları dənizdə ölümlə üz-üzə qoymaqda yox, ölkələri onlar üçün yenidən yaşanılacaq hala gətirməkdədir.

İstanbul başda olmaqla Türkiyənin bir çox şəhərlərində müxtəlif məscidləri, kilsələri, sinaqoqları yan-yana görmək mümkündür. Birlikdə yaşaya bilmək təcrübəmiz Türkiyə ilə Rusiyanın ortaq özəllikləridir. Bu gün açılışını etdiyimiz Moskva Mərkəzi Məscidi də buna örnəkdir. Bu gözəl aksiyanı himayə etdiyi üçün Rusiya prezidenti Vladimir Putinə təşəkkür edirəm”.

Rusiya Müftilər Şurasının rəhbəri Ravil Qaynutdin açılış mərasimindəki çıxışdında Türkiyə dövlətinə, Türkiyədən gələn memarlara, xəttatlara, ustalara təşəkkür edib: “Biz Qurban bayramını onlarla birlikdə bu məsciddə keçirmək istəyirik. Bu məscidin açılışı sadəcə Rusiya müsəlmanları üçün deyil, İslam dünyası üçün bayramdır. Türkiyənin bu işə böyük maddi və mənəvi yardımları oldu. Biz yaxşılıqları unutmarıq. Rusiya və Türkiyə müsəlmanları arasında dostluq münasibətlərinin qüvvətlənməsi üçün duaçıyıq”.

Türkiyə prezidenti ilə bərabər Moskvaya Türkiyənin enerji və təbii qaynaqlar naziri Ali Rıza Alaboyun, daxili işləri naziri Feridun Sinirlioğlu, iqtisadiyyat naziri Nihat Zeybekci də gedib.

“Hürriyet” qəzeti yazır ki, Rusiya Müsəlmanları İdarəsinin bərpa etdiyi məscidin iç dekorasiyasını Türkiyə Diyanət İşləri Başqanlığı və Türkiyə Diyanət Vəqfi klassik Osmanlı üslubunda yeniləyib. Məsciddə eyni vaxtda 10 min nəfərin namaz qılması mümkündür. 6 mərtəbəli məsciddə yaşlı və əlillər üçün 6 lift quraşdırılıb. Məscidin qübbəsi 46, minarəsinin hündürlüyü isə 27 metrdir. Məscidin üst qatlarında Moskvanı seyr etmək üçün xüsusi məkanlar ayrılıb.

Bərpa işlərinə 170 milyon dollar xərclənib. Əsas sponsor iş adamı Süleyman Kərimovdur.

Açılış mərasimi dünya mediasının diqqətində olub. "CNN İnternational", "Al Jazeera" və "Euronews" mərasimi canlı yayımlayıb (musavat.com).


Teqlər:





Xəbər lenti