Xəbər agentlikləri Cenevrədə toplaşıb

  24 Sentyabr 2015    Oxunub : 1316
Xəbər agentlikləri Cenevrədə toplaşıb
Sentyabrın 24-də Cenevrədə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) təşkilatçılığı ilə “Xəbər məzmununun formalaşdırılması, maliyyələşmə və gəlirlər” mövzusunda konfrans keçirilib.

Konfransda Böyük Britaniyanın Press Association, Avstriyanin APA, Türkiyənin Anadolu, Almaniyanın DPA, Rusiyanın TASS, İspaniyanın EFE və digər aparıcı xəbər agentliklərinin rəhbərləri toplaşıblar. AZƏRTAC-ın baş direktoru Aslan Aslanov konfransda iştirak edib.

Tədbirdə çıxış edən EANA-nın prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin icraçı direktoru Klayv Marşal təşkilatın qarşıda duran məqsəd və vəzifələrindən danışıb. O qeyd edib ki, üzv agentliklər EANA-nın tədbirlərində fəal iştirak edir və bu da onlar arasında təcrübə mübadiləsinə böyük təkan verir.

Təşkilatın iştirak edəcəyi beynəlxalq tədbirlərdən bəhs edən Klayv Marşal üzv agentliklərin 2016-cı ilin noyabrında AZƏRTAC-ın rəhbərliyi ilə Bakıda keçiriləcək Dünya Xəbər Agentlikləri Konqresinə də qatılacağını deyib.

Sonra çıxış edən Reuters agentliyinin Avropa üzrə vitse-prezidenti Yoaxim Şmalts xəbərin çatdırılmasında yeniliklərdən danışıb. O, Reuters-in Anadolu, EFE, AP, AZƏRTAC və digər agentliklərlə əməkdaşlıq etdiyini deyib.

Konfransda Google şirkətinin Avropa xəbər resursları üçün yaratdığı “The Digital News Initiative” layihəsi təqdim edilib. Eyni zamanda, France Press, Press Association, TASR, SDA və digər agentliklərin nümayəndələri müasir dövrdə xəbər yayımı kimi videolara daha çox önəm verildiyini, sosial medianın jurnalistikaya yeni xəbərçilik üsullarının gətirdiyini vurğulayıblar, agentliklərin maliyyələşmə yollarından bəhs ediblər.

Konfrans çərçivəsində EANA-nın prezidenti Klayv Marşal France Press agentliyinin dünya xəbər direktoruna təşkilatın mükəmməllik keyfiyyəti mükafatını təqdim edib.

Tədbirdə Afina Texnologiyalar Mərkəzi xəbər yayımı sahəsində tətbiq edilən yeni texnologiyalarını təqdim edib.

Teqlər: