ABŞ Konqresinin spikeri istefa verdi

ABŞ Konqresinin spikeri istefa verdi
  26 Sentyabr 2015    Oxunub:2060
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, respublikaçı əksəriyyətin lideri Con Boner bu gün həmkarlarına elan edib ki, spiker postundan istefa verib oktyabrın sonlarına qədər Konqresi tərk edəcək.
Virtualaz.org saytı CNN-ə istinadən xəbər verir ki, Bonerin bu qərarı son vaxtlar mühafizəkarların ona qarşı təzyiqlərinin artması ilə bağlıdır. Mühafizəkarlar spikerdən ailə planlaşdırılması qanununa dair sərt mövqe tutmağı tələb edirdilər.

2011-ci ildən Nümayəndələr Palatasına rəhbərlik edən Con Boner bu gün respublikaçılarla keçirdiyi qapalı toplantıda deyib ki, istefasının səbəblərindən biri Konqresdə son vaxtlar bir-birinin ardınca baş verən qalmaqallardır. C.Boner bildirib ki, bu cür qalmaqalların baş verdiyi bir vaxtda onun uzun müddət spiker postunda qalması Konqresin imicinə sağalmaz zərbə vura bilər.

C.Bonerə yaxın mənbənin bildirdiyinə görə, spiker istefa qərarını ən yaxın tərəfdaşlarına bildirib. Daha sonra Roma Papası ilə görüşündən sonra bu barədə rəsmi bəyanatla çıxış edib. Papa Fransisk bu gün ilk dəfə Konqresdə nitqlə çıxış etmişdi.

Amerika mətbuatı yazır ki, Con Bonerin istefasında Konqresin Nümayəndələr Palatasının bir qrup üzvünün Azərbaycana səfəri ətrafında yaranan qalmaqalın da rolu var. Bu səfərin təşkilatçısı qeyri-hökumət təşkilatı olsa da sonradan məlum olub ki, sponsor SOCAR-dır.

Konqresin etika qaydalarına görə, konqresmenlər bu cür səfərləri etika komissiyası ilə razılaşdırmalıdır. Səfər ətrafında uzun müddət qalmaqal yaşanıb və Konqresin etika komissiyası məsələni araşdırandan sonra Azərbaycana səfər edən konqresmenlərin etika prinsiplərini pozmadığına dair rəy verib, ancaq qalmaqal yatmayıb. İndi hesab edilir ki, Bonerin istefasından sonra konqresmenlərin Azərbaycan səfəri yenidən araşdırılacaq.


Teqlər:





Xəbər lenti