Yanukoviçi ABŞ devirib - Putindən şok ittiham

Yanukoviçi ABŞ devirib - Putindən şok ittiham
  28 Sentyabr 2015    Oxunub:2825
Rusiya prezidenti Vladimir Putin Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin devrilməsində ABŞ-ın birbaşa rolunun olduğunu bəyan edib.

AzVision.az xəbər verir ki, bu barədə Putin müsahibəsində deyib.

Rusiya prezidenti qeyd edib ki, ABŞ-ın SSRİ ölkələri də daxil olmaqla dünya dövlətlərinin daxili siyasətinə müdaxilə etməsi yolverilməzdir.

Putin həmçinin mövcud hakimiyyətlərin devrilməsi üçün çevrilişlər və qeyri-konstruktiv yollardan istifadə edilməsinə qarşı olduğunu bəyan edib.

“Bizim ABŞ-dan olan tərəfdaşlarımız prezident Yanukoviçə qarşı çıxış edənləri dəstəklədiklərini gizlətmirlər. Rusiyada Yanukoviçin hansı qüvvələr tərəfindən devrilməsini hamı bilir. Bunun üçün kimlərlə görüşlər keçirildiyindən, nə qədər pul verilməsindən məlumatımız var. Biz hər şeyi bilirik”.

Putin fikrinə əlavə edib ki, Ukrayna Rusiya üçün böyük problemdir. Onun sözlərinə görə, Ukrayna Rusiyaya ən yaxın ölkələrdəndir.

“Biz həmişə deyirik ki, Ukrayna qardaş ölkədir və belə də olacaq. Bu sadəcə slavyan xalqı deyil. O ruslara ən yaxın xalqdır: dil və mədəniyyət çox oxşardır. eyni tarix, din və s.”, - deyə Putin qeyd edib.

Ukraynanın suverenliyinə hörmət məsələsi ilə bağlı suala Putin müsbət cavab verib. O, eyni zamanda bildirib ki, ABŞ da daxil olmaqla digər ölkələr Ukraynanın suverenliyinə hörmət etməlidir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti