“Bunlar Avropa ilə əlaqələrimizə ciddi zərbə vurur”

“Bunlar Avropa ilə əlaqələrimizə ciddi zərbə vurur”
  28 Sentyabr 2015    Oxunub:1970
Xarici işlər naziri Elmar Məmmədyarov 27 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Niderland Krallığının xarici işlər naziri Bert Koenders ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Nazir Elmar Məmmədyarov Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnaməsinin qərəzli və qəbuledilməz olduğunu, anti-Azərbaycan və İslamafobiya meylli xarakter daşıdığını, Azərbaycan Avropa İttifaqı ilə əlaqələrinə ciddi zərbə vurduğunu nəzərə çatdırdı.

Bert Koenders 2016-cı ilin birinci yarısından etibarən ölkəsinin Avropa İttifaqına sədrlik edəcəyini qeyd edərək, Niderlandın Azərbaycan ilə əlaqələrin, xüsusilə enerji sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirdi.
Nazir güc tətbiq edərək dövlətlərin sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu qeyd edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü, danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi və işğal və təcavüzə əsaslanan status kvonu davam etdirmək siyasəti barəsində məlumat verdi. O, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnamələrinə uyğun olaraq, Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğuladı.

Görüşdə miqrasiya, radikalizm və ksenofobiya meylləri kimi məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Elmar Məmmədyarov artan İslamafobiya və ksenofobiya meyllərinin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırdı.

O, Azərbaycanın zəngin və nümunəvi multikulturalizm ənənələri haqqında məlumat verərək, ölkəmizin təcrübəsində bu konsepsiyanın uğurlu model kimi özünü təsbit etdiyini diqqətə çatdırdı.

Görüş əsnasında qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında müzakirələr aparıldı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti