Məmmədyarov gürcü naziri Bakıya çağırdı

Məmmədyarov gürcü naziri Bakıya çağırdı
  29 Sentyabr 2015    Oxunub:1286
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 70-ci sessiyası çərçivəsində Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Georgi Kvirikaşvilli ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumatda bildirilir.

Görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında əlaqələrin hərtərəfli inkişafının məmnunluq doğurduğunu qeyd edib. Dost və qonşu dövlət kimi Azərbaycanla Gürcüstan arasında olan qarşılıqlı faydalı əməkdaşlığın bütün region üçün nümunə olduğu bildirilib.

Tərəflər birgə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələrinin regional əməkdaşlığa, inkişaf və firavanlığa xidmət etdiyini qeyd edərək, bu layihələrin regionun nəqliyyat və enerji mənzərəsini əsaslı şəkildə dəyişdiyini vurğulayıb.

Nazirlər tezliklə fəaliyyətə başlaması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin yük daşımalarının artmasına, ticari-iqtisadi əlaqələrin və insanlararası təmasların inkişafına xidmət edəcəyinə əminliklərini ifadə ediblər.

Gürcüstanlı həmkarını Azərbaycana səfərə dəvət edən nazir Elmar Məmmədyarov belə səfərlərin ölkələrimiz arasında əlaqələrin gələcək istiqamətlərinin və birgə əməkdaşlıq gündəliyinin müəyyən edilməsi üçün əlverişli imkanlar yaratdığını bildirib.

Gürcüstanlı nazir dəvəti qəbul edib və Azərbaycan üçün əhəmiyyətli bütün məsələlərdə Gürcüstanın daim dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən atəşkəs rejiminin intensiv şəkildə pozulması, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistanın təxribatçı əməlləri, münaqişənin həlli üzrə danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi haqqında məlumat verərək, bu münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğunu vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti