XİN rəhbəri Nyu-Yorkda çıxış edib

XİN rəhbəri Nyu-Yorkda çıxış edib
  29 Sentyabr 2015    Oxunub:1728
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda Sülhməramlılar Sammitində çıxış edib.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir.

Məmmədyarovun çıxışını təqdim edirik:

Cənab sədr, İlk olaraq, öncəki natiqlərə qoşularaq, sülh naminə həyatını itirmiş sülhməramlıların xatirəsini yad etmək və sülhməramlı əməliyyatlarda xidmət etmiş və xidmət etməkdə davam edənlərə öz hörmətimi izhar etmək istərdim.

BMT-nin sülhməramlı fəaliyyətinin dəstəklənməsini nəzərdə tutan bu siyasi proses təşəbbüsünə görə, BMT Baş katibi və Amerika Birləşmiş Ştatları Hökumətinə təşəkkürümüzü ifadə edirik.

Yalnız son on ildə BMT sülhməramlı əməliyyatlarının şəxsi heyətinin ölçüsünün artması və mandatının önəmli dərəcədə şaxələndirilməsi beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərin miqyasının genişlənməsinə dəlalət edir. Digər tərəfdən, bu, BMT-nin mərkəzi təşkilat kimi qlobal sülh və təhlükəsizliyin saxlanılmasında beynəlxalq səylərin reallaşdırılması baxımından üzv dövlətlərin etimadını təsdiq edir.

Lakin beynəlxalq sülh və təhlükəsizliyə nail olunması üçün yalnız sülhməramlı əməliyyatlar kifayət etmir. Sülhməramlı əməliyyatlar adətən beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması hallarında mövcud problemə münasibətə bir cavabdır. Sülhməramlı əməliyyatların əhəmiyyətini və töhfələrini kiçiltmədən, biz daim xatırlamalıyıq ki, sülh və təhlükəsizliyin bərpası və qorunması üçün dövlətlər tərəfindən beynəlxalq hüquqdan irəli gələn öhdəliklərin, xüsusilə də dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərinə əməl etməsinin təmin olunması ilkin və öncül tələbdir.

Azərbaycan BMT-nin sülhməramlı əməliyyatlarını beynəlxalq sülh və təhlükəsizliyin saxlanılmasında önəmli mexanizmlərdən biri kimi dəstəkləyir. Qonşu Ermənistan tərəfindən hərbi təcavüz, işğal və etnik təmizləməyə məruz qalmış və digər münaqişələrin qonşuluğunda yerləşən bir dövlət kimi Azərbaycan beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri əsasında regionda və onun hüdudlarından kənarda davamlı sülh və təhlükəsizliyin yaradılmasına sadiqdir. 1999-cu ildən Azərbaycan Kosovo, Əfqanıstan və İraqdakı sülhməramlı missiyaların hərbi heyətinə nəzərəçarpacaq dərəcədə töhfə vermişdir. Hazırda, Azərbaycan NATO tərəfindən Əfqanıstanda həyata keçirilən “Qəti dəstək” əməliyyatında iştirak edir. Biz, Azərbaycanda təlim təchizi təminatı da daxil olmaqla, BMT-nin sülhməramlı fəaliyyətlərini dəstəkləməkdə davam edəcəyik.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti