Güllə altında işləyən müəllim: `Atışma olmasa, dərs keçə bilmirik...`
Qasım Rzayev adına Hacallı kənd tam orta mətəbinin müəllimi işləyən N.Xamayev cəbhə bölgəsində müəllim və şagird olmağın çətinliyindən, qayğı və problemlərindən söhbət açıb.
“Cəbhə bölgəsində müəllim işləmək əsl şərəf və qəhrəmanlıqdır. Biz əsgərlərimizlə bir yerdə dərs deyirik, şagirdlərimizə elm öyrədirik. Şagirdlər, müəllimlər Bakıda özlərini necə hiss edirlərsə, biz də özümüzü burada elə hiss edirik. Biz bütün döyüşlərə adi bir hal kimi baxırıq. Döyüşdən sonra rahatlıq tapırıq. Artıq güllə səsində dərs deməyə öyrəşmişik. Gülməlidə olsa, atışma olmasa narahat oluruq, dərs keçə bilmirik.
Düzdür, döyüş vaxtı hamımız bir gərginlik yaşayırıq, daldalanacaq tapırıq. Döyüşdən sonra isə hər şey öz axarı ilə davam edir. Hər dəqiqə güllə səsləri, atışma səsləri eşidirik. Biz özümüz elə atışmanın içində yaşayırıq. Bəzən şagirlərimiz də atışma zamanı xəsarət alırlar.
Sağ olsun, dövlət başçımız ki, bizə qayğı göstərir. Dövlətimiz bizim üçün cəbhə xətti boyunca istinad divarları çəkdirdi. Həmin divarlar bizi, şagirdlərimizi təsadüfi güllələrdən qoruyur. Hətta bəzən erməni postlarından şagirdlərimizin oynadıqları yerlərə güllələr atılır. İndi həmin divarlar şagirdlərimiz düşmən gülləsindən qoruyur. Bu, bizim üçün ən yaxşı təbrikdir.
İndiyə qədər ən azı 25 şagirdim Respublika Olimpiadalarında diplom alıb. Bu il iki tələbəm fizika üzrə universitetə daxil olub. Onların ikisi də ödənişsiz təhsil alacaqlar”.
Qocaman müəllim həmçinin həmkarlarına, şagirdlərə də öz dəyərli məsləhətlərini verib: “Mən heç vaxt maaş üçün işləməmişəm. Sənətimin fanatıyam. İşləyirəm, zəhmət çəkirəm, əvəzində də əmək haqqımı alıram. Ehtiyacı, problemi olmayan müəllim yoxdur. Müəllim gərək, məktəb darvazasından içəri daxil olan zaman bütün problemlərini unutsun və şagirləri ilə nəfəs alsın, onlara elm öyrətsin. Müəllim qayğılarını uşaqlara bildirməməlidir.
İndi qarşımda oturan şagirdlərimizin çox hissəsi birbaşa erməni postları ilə üzbəüz evlərdə yaşayırlar. Onlar çox tərbiyyəli, nizam-intizamlı və əxlaqlıdırlar. Onlar üçün hər gün müharibə, döyüşdür!”
Hafiz Əhmədov