Dostu olmayan prezident: `Çox varlı insanam...` (DOSYE)

Dostu olmayan prezident: `Çox varlı insanam...` (DOSYE)
  12 Oktyabr 2015    Oxunub:27451
Ad günü mənim üçün ən pis gündür, sevmirəm bu günü...

Ötən gün Belarusda keçirilən seçkilərdə Aleksandr Lukaşenko növbəti dəfə qələbə qazanaraq prezident adına layiq görülüb. Lukaşenko bununla 5-ci dəfə ölkə prezidenti olacaq. Lukaşenko özünəməxsus xüsusiyyətləri ilə seçilir. O prezident olanadək bir sıra vəzifələrdə çalışıb. Hakimiyyəti dövründə Azərbaycanla əlaqələrə böyük önəm verən Lukaşenko ölkələrimiz arasında dostluğun davam edəcəyini dəfələrlə çıxışında bildirib.



“Azərbaycan ən çətin anımızda bizə ilk dəstək verən ölkə oldu. Bu dəstəyin dəyəri böyükdür, biz borclu qalmayacağıq. Azərbaycan və Belarus bir-birinə lazımdır”.

Lukaşenko kimdir?

Belarus prezidenti 30 avqust 1954-cü ildə dünyaya gəlib. O, 1975-ci ildə Moqilev Pedaqoji Universitetini bitirib. 1985-ci ildə isə Belarus Kənd Təsərrüfat İnstitutundan məzun olub.

Hazırki prezident 1980-1982-ci illərdə Sovet Ordusunda xidmət edib. O daha sonra 1982-1985 illərdə Kolxoz sədrinin müavini vəzifəsində çalışıb.



Fəaliyyətini deputat kimi davam etdirmək qərarına gələn Lukaşenko 1990-cı ildə Belarus Parlamentinin deputatı seçilib.

Lukaşenkonun iddiaları daha da böyüyərək prezidentlik kürsüsünə qədər gəlib çıxa bilir.

Beləliklə Lukaşenko 1994-cü ildən indiyədək Belarusa rəhbərlik edir.

İlk dəfə 5 il müddətinə seçilən Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb.

2001-ci ildə ikinci dəfə prezident kürsüsünə yiyələnən Lukaşenko 2004-cü il referendumunda iki dəfədən çox seçilmə məhdudiyyəti götürüldüyündən 2006-cı ildə yenidən dövlət başçısı ola bilib.



2010-cu il dekabrın 19-u keçirilən prezident seçkisinin ilkin nəticələrinə görə səslərin 79.67 faizini toplayıb. Ötən gün keçirilən seçki ilə 83,49% səs yığaraq yenidən Belarus prezidenti seçilib.

Lukaşenko yeritdiyi siyasətlə Avropa və Qərb tərəfindən “sevilməyən” şəxsdir. Bu səbəbdən də onun 10 aprel 2006-cı ildən Avropa Birliyinə girişi qadağandır.

Belarus prezidenti kimi Lukaşenko qəribə fərdi xüsusiyyətlərə malikdir. Belə ki, açıqlamalarında şəxsi həyatın nə olduğunu bilmədiyini, dostlarının olmadığını deyib.



“Mən öz iqamətgahımda balaca oğlumla qalıram. Prezident kimi məni elə də çox qorumurlar. Mənim dostlarım yoxdur. Yəqin ki, elə prezident üçün belə də olmalıdır. Çünki dostlar müxtəlif formalarda özlərini aparmağa başlayırlar. Lakin elə insanlar var ki, onlar uzun müddətdir ki, mənimlə birlikdədirlər. Bəzən olur ki, mən əlimi yellələyir və bütün bunlardan bezdiyimi deyirəm.

Onlar isə mənə sakitcə deyirlər: “Axı bütün bunları siz özünüz istədiniz”.

Lukaşenko kimisə özünə yaxına buraxmağı sevmədəyini vurğulayıb.



“Mən kimisə yaxına buraxmamağa çalışıram. Çünki, bu həmişə əks təsir ola bilər. Daha sonra onlar bundan istifadə etməyə çalışırlar. Jurnalistlər və müxalifətçilər tez-tez məni qapalı həyat tərzi keçirməkdə ittiham edirlər. Yəqin ki, mən düz edirəm. Çünki bəzən olur ki, yaxın bir şəxs ilk gündən səninlə işləməyə başlayır, lakin sonradan onun harasa meylləndiyini görürsən. Sonra mənə çatdırılır ki, o, özünü yaxşı aparmır”.

Lukaşenko adətən ad günlərini qeyd etməyi sevmir.



“Mən balaca oğlum kimi eyni gündə anadan olmuşam. Bu Sovet dövründə baş verib. Sənədlərə əsasən mənim ad günüm ayın 30-dur. Lakin faktiki olaraq mən oğlum kimi, ayın 31-i doğulmuşam. Biz eyni gündə (30 avqust), eyni saatda anadan olmuşuq. Adətən ad günlərini qeyd etmirəm. Bu mənim üçün ən pis gündür. Çünki, həmin gün sən bir ildə qocalırsan. Bizim ailəmizdə bu günü qeyd etmirdik. Hamı bunu bilir və heç vaxt məni təbrik etmirlər”.



Prezident çıxışlarında özünü varlı insan kimi hiss etdiyini diqqətə çatdırıb. “Mən olduqca varlı insanam. Çünki mən ölkədə ilk prezidentəm və demək olar ki, hər şeyi öz əllərimlə qurmuşam. Mən buna görə varlıyam. Xoşbəxtlik pulda deyil. Mən tez-tez bu barədə düşünürəm.

Əgər prezident olmasaydım, mənim həyatım necə olardı? Mən kimdənsə nəsə istəyərdimmi? Maddiyata gəldikdə isə mən əmək haqqı alıram. Heç kəs mənə rüşvət verməyib və verə də bilməz. Yadda saxlayın ki, əgər kimsə prezidentə nəsə gətirib versə, bu heç vaxt sirr olaraq qalmayacaq. Mən artıq on illərdir ki, hakimiyyətdəyəm. Elə bir prezident yoxdur ki, onun var-dövləti gizli qalsın.


Məsələn, Ukrayna prezidenti varlı olduğunu heç gizlətmir də. İkincisi isə bizim ölkədə belə bir şey ola bilməz. Belarusda hakimiyyətdə olan şəxsin qohumları, yaxınlarının bizneslə məşğul olması qadağandır.

Bəli, mənim də pullarım var. Özümə hesab açmışam. Balaca oğlum yetkinlik yaşına çatana qədər bu hesaba pul yatırmaq olar. Böyük uşaqlarım özləri işləyir, özləri də qazanmalıdırlar. Balaca oğlumun taleyinin necə olduğunu bilmirəm. Hələ ki, sağam, onun üçün hər şeyi edəcəyəm. Ona görə də mən bu hesabı açdım. Hazırda həmin hesabda bir neçə milyon rubla qədər vəsait var”.

Eldar Tanrıverdiyev
Elvin Abdulqədirov

AzVision.az


Teqlər:  





Xəbər lenti