`Bu, tək tarixi dava deyil, müstəqillik savaşı idi`- Doğu Perinçək

`Bu, tək tarixi dava deyil, müstəqillik savaşı idi`- Doğu Perinçək
  16 Oktyabr 2015    Oxunub:2992
Bu bir tarixi mübahisə, hüquq anlaşılmazlığı deyil. Bu, vətənin müdafiəsidir. Müstəqillik savaşıdır!

AzVision.az xəbər verir ki, bu fikirləri bu gün Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı ilə İsveçrə üzərində tarixi qələbəyə imza atan Türk İşçi Partiyasının sədri, tanınmış siyasətçi Doğu Perinçək bildirib.

Perinçək bəyan edib ki, İsveçrəyə qarşı əldə edilən zəfərin əsl sahibi Amerikanın oyunlarına qarşı savaşan türk əsgərləridir.

Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası məhkəmənin 17 dekabr 2013-cü ildə Türkiyə Vətən Partiyasının lideri Doğu Perinçəkin iddiası əsasında İsveçrəyə qarşı çıxardığı qərarı təsdiqləyib. AİHM “Perinçek İsveçrəyə qarşı” iş üzrə hökmünü elan edərkən İsveçrə tərəfindən türkiyəli siyasətçi Doğu Perinçekin söz azadlığı hüququnun pozulduğunu bildirib.

17 hakimdən ibarət Strasburq Məhkəməsinin Böyük Palatasının bu qərarı ilə “Perinçek İsveçrəyə qarşı” işi üzrə 2007-ci ildən bəri davam edən hüquqi hökm və vəsatətlər silsiləsinə son qoyulub.

Xatırladaq ki, Türk İşçi Partiyasının sədri Doğu Perinçek İsveçrədə “erməni soyqırımının inkar edilməsi” üçün cinayət məsuliyyətinə cəlb edilən ilk adamdır.

Perinçək 23 iyul 2005-ci ildə İsveçrənin Lozan şəhərində keçirilən mitinqdə dediyi “Erməni soyqırımı beynəlxalq yalandır!” - sözlərinə görə polis tərəfindən saxlanılıb. Türkiyənin müdaxiləsi ilə sərbəst buraxılan D. Perinçək daha sonra məhkəmə tərəfindən 3 ay həbs cəzasına məhkum edilsə də, məhkumiyyəti pul cəriməsi ilə əvəz edilərək azadlığa buraxılıb.

2008-ci ilin iyununda D. Perinçəkin vəkili Mehmet Cengiz söz və ifadə azadlığını məhdudlaşdırdığına görə İsveçrədən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. AİHM 17 dekabr 2013-cü ildə bu şikayəti təmin edərək Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin pozulduğuna və İsveçrənin söz və ifadə azadlığını məhdudlaşdırdığına dair qərar qəbul edib. AİHM-in qərarında 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi xarakterizə edilə bilinməyəcəyi də qeyd olunub.

Anar Rüstəmov
AzVision.az


Teqlər:  





Xəbər lenti