Misirdə parlament seçkiləri keçirilir

Misirdə parlament seçkiləri keçirilir
  18 Oktyabr 2015    Oxunub:1497
Misirdə parlament seçkilərinin iki gün davam edəcək birinci mərhələsi keçirilir. Səsvermənin birinci turunda Misirin 27 milyondan çox vətəndaşı iştirak edəcək. Yerli vaxtla saat 9:00-da açılmış seçki məntəqələri 21:00-da bağlanacaq.

Ali Seçki Komissiyasının məlumatına görə, səsvermənin bu mərhələsi respublikanın 14 əyalətində - Əl-Cizə, Əl-Fəyyum, Bəni-Sueyf, Əl-Minya, Asyut, Əl-Vadi əl-Cədid, Sohaq, Kena, Luksor, Asuan, Qırmızı dəniz, İsgəndəriyyə, Buheyra və Marsa Matruhda keçiriləcək. Parlament seçkiləri digər 13 əyalətdə noyabrın 22-23-də nəzərdə tutulan ikinci mərhələdə keçiriləcək.

Seçkilərin gedişini ölkədə fəaliyyət göstərən məhkəmə korpusunun təxminən 16 min qulluqçusu və çoxsaylı müşahidəçilər izləyəcəklər. Misirin minlərlə polisi səsvermə məntəqələrinin təhlükəsizliyini təmin edəcək.

Xaricdə yaşayan vətəndaşlar üçün parlament seçkilərinə səsvermənin birinci mərhələsi oktyabrın 17-də başlanıb və bu gün də davam edəcək. Seçki komissiyaları ölkənin 139 diplomatik nümayəndəliyinin ərazisində yerləşdirilib. Burada 600 min misirli səs verə bilər.

Misir parlamentinin Nümayəndələr Palatasının birbaşa səsvermə yolu ilə 568 üzvü seçiləcək. Onlardan 448-i müstəqil, 120-si partiya siyahısı üzrə müəyyən ediləcək. Parlamentin səlahiyyət müddəti 5 ildir. (Azərtac)


Teqlər:





Xəbər lenti