İsveçrənin taleyi həll olundu

İsveçrənin taleyi həll olundu
  19 Oktyabr 2015    Oxunub:1758
Oktyabrın 18-də İsveçrə Konfederasiyasında parlament seçkiləri keçirilib.
Səsvermənin ilkin nəticələrinə əsasən, sağ-millətçi düşərgənin təmsil edən İsveçrə Xalq Partiyası seçkilərdə qələbə qazanıb. Seçicilərin 29,5 faizinin rəğbətini qazanan partiya parlamentdəki mandatlarının sayını 11 yer artıraraq, 65-ə çatdırıb.

Sosial Demokratlar Partiyası seçkilərdə ikinci olub. Bu partiya 18,9 faiz səs toplayaraq, parlamentdəki 200 deputat yerindən 44-nə yiyələnib. Sonrakı yerləri isə sağçı-liberal Azad düşüncəli Demokratlar Partiyası (16,3 faiz və ya 33 yer), mühafizəkar-mərkəzçi Xristian-Demokrat Xalq Partiyası (12,1 faiz və ya 28 yer) və Yaşıllar Partiyası (6,9 faiz və ya 10 yer) tutub.

İyirmi ildən bəri miqrantlara qarşı təbliğat aparmaqla seçici “ovu”na çıxan İsveçrə Xalq Partiyası hazırda Avropada müşahidə olunan qaçqın və qeyri-leqal miqrant böhranı ilə əlaqədar yaranmış fürsətdən istifadə edə bilib. Avropaya qaçqın axını İsveçrəyə təsir etməsə də, Xalq Partiyası öz seçki platformasını miqrant mövzusu üzərində uğurla qurmağa və seçiciləri inandırmağa müvəffəq olub. Partiyanın sədri Toni Brunner seçkilərin nəticəsini şərh edərək bildirib: “Seçicilərin qərarı aydındır. İnsanlar Avropaya “xalqlar köçü”ndən narahatdırlar”.

Əgər seçkilərin yekun nəticələri ilkin rəqəmlər və proqnozlarla üst-üstə düşərsə, o zaman sağçı düşərgəni təmsil edən partiyalar parlamentin aşağı palatasında (Milli Şurada) 200 yerdən 101-nə sahib olacaq.

Seçkilərdə əhalinin fəallığı gözlənildiyi kimi aşağı olub. Səsvermə hüququna malik insanların cəmi 47,5 faizi (2011-ci ildə 48,5 faiz) seçkilərdə iştirak edib. (Azərtac)


Teqlər:





Xəbər lenti