ASAN `Neftçi`yə pul ödəyəcəkmi? – AÇIQLAMA

ASAN `Neftçi`yə pul ödəyəcəkmi? – AÇIQLAMA
  19 Oktyabr 2015    Oxunub:3637
Ötən həftə “ASAN Xidmət” və Neftçi PFK arasında yeni titul sponsorluğuna dair müqavilə imzalandı. Bu müqavilə mediada və sosial şəbəkədə bəzi yozumlara, söz-söhbətlərə yol açıb.

İradlardan biri budur ki, ASAN Xidmətin özü büdcədən maliyyələşən rəsmi qurum olduğu üçün “Neftçi”yə sponsorluq edə və pul ödəyə bilməz.

Vəziyyəti aydınlaşdırmaq üçün AzVision.az Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynova müraciət edib.

- Bu əməkdaşlığın məqsədi nədir?

- Bəli, KİV nümayəndələrinin də iştirakı ilə 16 oktyabr 2015-ci il tarixində "Neftçi” PFK və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında "Yeni titul sponsorluğuna” dair müqavilə imzalandı.

Bu müqavilə hər iki tərəf üçün faydalı ola biləcək sosial əhəmiyyət daşıyan əməkdaşlıq sənədidir və bu layihənin bir neçə məqsədləri var. Onlardan biri “ASAN xidmət” brendinin tanıtımı və sosial əhəmiyyətinin artırılmasıdır.

Bundan başqa, Azərbaycan futbolunun flaqmanı sayılan Neftçi PFK “ASAN xidmət”in loqosunu öz formalarında daşımaqla, bu qurumun xalq tərəfindən qazandığı etimadı və sevgini paylaşmış olur. Həmçinin, Neftçi klubu ASAN kollektivi və ASAN könüllüləri kimi böyük azarkeş dəstəyini qazanmış olacaq.

Düşünürəm ki, Azərbaycanın iki brendinin əməkdaşlıqdan əldə edəcəyi xeyir qarşılıqlı fayda və uğur əldə etmək istiqamətində imkandır.

Həmçinin, əməkdaşlıq çərçivəsində idmana dəstək fonunda müxtəlif sosial yönümlü aksiyaların, layihələrin həyata keçirilməsi, azarkeşlik mədəniyyətinin formalaşdırılması və cəmiyyət arasında idmanın bu növünə kütləvi marağın artırılması da nəzərdə tutulub.

- Bəs bu əməkdaşlığın maliyyə şərtləri necə olacaq?

- Müqaviləyə əsasən titul sponsorluğu ilə bağlı “ASAN xidmət” tərəfindən hər hansı bir maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmayıb. 2 il davam edəcək əməkdaşlıq müddətində müxtəlif tədbirlərin həyata keçirilməsi ödənişsiz baş tutacaq. Vurğulamaq istərdim ki, Dövlət Agentliyi və tabeliyində olan “ASAN xidmət” mərkəzləri dövlət büdcəsindən maliyyələşən qurum olduğu üçün, həm hüquqi, həm təşkilati baxımından hər hansı sponsorluq fəaliyyəti ilə məşğul olması qeyri-mümkündür.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti