Bakı avtovağzalı çökə bilər - Reportaj (FOTOLAR)

Bakı avtovağzalı çökə bilər - Reportaj (FOTOLAR)
  23 Oktyabr 2015    Oxunub:17532
Bakı-Sumqayıt yolunda baş verən sürüşmənin əhatə dairəsi getdikcə böyüyür.

Hadisə yerinə baş çəkən əməkdaşımızın bildirdiyinə görə, sürüşmə Avtovağzalın giriş hissəsində baş verib. Belə ki, həmin istiqamətdə yol 30-40 sm çöküb, istinad divarı isə 15 sm aralanaraq təhlükəli vəziyyət yaradıb.



Hazırda təmir işləri ilə əlaqədar əraziyə avtobusların girişi məhdudlaşdırılıb. Əməkdaşımızın verdiyi məlumata görə, çökən yolun bərpası prosesi davam edir. Yolda əmələ gələn dəliklərin bir hissəsi asfalt qatı ilə doldurulsa da istinad divarlarının bərpası xeyli vaxt çəkəcək.



Təmir-bərpa işinin gedişatı ilə bağlı Bakı Beynəlxalq Avtovağzalın mətbuat xidmətindən əməkdaşımıza bildiriblər ki, çökmə Avtovağzalın ərazisində baş vermədiyi üçün hadisəyə görə onlar məsuliyyət daşımırlar.



“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirib ki, onlar hazırda yamacların və istinad divarlarının bərkidilməsini gözləyirlər: “İstinad divarları və yamaclar bərkidildikdən sonra biz orada təmir işlərini davam etdirəcəyik ki, çatın genişlənməsinin qarşısı alınsın. Hələ ki, biz gözləyirik”,-deyə A. Nəcəfli bildirib.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev isə bildirib ki, Bakı Beynəlxalq Avtovağzalı böyük təhlükə qarşısındadır.


Geoloq hesab edir ki, bərkitmə işləri aparmaqdansa, ərazi təmiz sökülməli və yenidən möhkəm bünövrə üzərində tikilməlidir. Onun sözlərinə görə, təmir işləri görülsə də Avtovağzalda təhlükə sovuşmayıb.





Şahanə Rəhimli
Fotolar: Elvin Abdulla




Teqlər:  





Xəbər lenti