Gürcüstanın `qaz oyunları` nəyə yönəlib? – TƏHLİL

Gürcüstanın `qaz oyunları` nəyə yönəlib? – TƏHLİL
  23 Oktyabr 2015    Oxunub:3597
Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin sentyabrın 20-də Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller ilə Brüsseldə keçirdiyi görüşün təfərrüatları barədə məlumatın yayılması Gürcüstan ictimayyətinin narazılığı və kütləvi etiraz aksiyaları ilə qarşılanıb. Yayılan məlumata əsasən, Kaladze ilə Miller Gürcüstana ixrac olunan Rusiya qazının həcminin artırılması perspektivlərini müzakirə ediblər.

Keçmiş prezident Mixeil Saakaşvilinin müxalifətdə olan Vahid Milli Hərəkat partiyası hökumətin bu addımını xalqa xəyanət kimi qiymətləndirib. Oktyabrın 10-da keçirilən mitinqdə isə etirazçılar “Qazprom”la sazişin Gürcüstanın müstəqillik və suverenliyinə təhlükə yaratdığını bəyan ediblər.

Xatırladaq ki, Moskva ilə Tbilisinin münasibətlərinin gərgin olduğu 2006-cı ildə Rusiyadan Gürcüsta qaz nəqlini həyata keçirən Şimal-Cənub boru xəttində iki böyük partlayış baş verdi. Nəticədə Gürcüstan əhalisi qış mövsümündə qazsız qaldı. O dövrkü prezident Saakaşvili hadisəyə görə Rusiyanın məsuliyyət daşıdığını və Gürcüstanın qaz nəqli xəttlərini öz nəzarətinə götürmək üçün bu iyrənc üsula əl atdığını bildirmişdi. Həmin vaxt Tbilisi kömək üçün Azərbaycana müraciət etmiş və Bakı ilə təbii qazın nəqli ilə bağlı razılığa gəlmişdi. Həmin dövrdən etibarən Gürcüstanın təbii qaz ehtiyacı bütövlükdə Azərbaycandan idxal olunan qaz hesabına ödənilir.

Hazırda Şimal-Cənub boru xətti vasitəsilə Gürcüstan ərazisindən Ermənistana qaz ixrac olunur. Tranzit haqqı kimi nəql edilən qazın 10 faizi Gürcüstana verilir.

Gürcüstanın idxal olunan qazın həcmylə bağlı “Qazprom”la danışıqlara başlaması çoxsaylı müzakirələ yol açıb. Belə ki, Qara dəniz və Türkiyə ilə Xəzər hövzəsi arasında strateji tranzit rolunu oynayan Gürcüstanda Rusiyanın nüfuzunun artması Qərbin ən azı ürəyincə olmayacaq. Gürcüstanın Azərbaycan üçün əhəmiyyətini nəzərə alsaq, bu ölkədə Kremlin təsirinin yenidən bərpa olunması Bakının da oradakı nüfuzuna xələl yetirə bilər.

Məsələyə birbaşa aidiyyatı olan baş nazir İrakli Qaribaşvilinin oktyabrın 10-da Bakıya səfəri və prezident İlham Əliyev tərəfindən qəbul edilməsi, ardınca oktyabrın 19-da Gürcüstanın xarici işlər naziri Giorgi Kvirikaşvilinin Azərbaycan rəhbərinin qəbulunda olması güman ki, məhz qaz məsələsi ilə bağlıdır. Eyni zamanda, prezident İlham Əliyevin gələn ayın əvvəlində qonşu Gürcüstana səfəri nəzərdə tutulub.

Gürcüstanın Rusiya ilə danışıqlara girməsilə bağlı iki versiya irəli sürülə bilər. Birinci versiya ondan ibarətdir ki, bu addım Gürcüstan rəhbərliyinin özünün iqtisadi-siyasi maraqlarını təmin etmək üçün attığı addımdır. Ola bilər ki, Gürcüstan bu yolla bir mənbədən asılılığını aradan qaldırmağa, Rusiya ilə Azərbaycanın regional siyasi ambisiyaları arasında var-gəl etməklə həm qiymətdə endirimə nail olmağa, həm də iqtisadi asılılığın ortaya çıxardığı siyasi asılılığı aradan qaldırmağa çalışır.

Belə gedişlərlə Gürcüstan rəhbərliyi həm aldığı qazın qiymətinin ucuzlaşmasına ümid edir, həm də konkret dövlətin asılılığında qalmamağa çalışır. Bu tip təcrübəyə keçmiş baş nazir İvanişvilinin dövründə rast gəlinib. Həmin vaxt, Gürcüstan qazın qiymətində Azərbaycandan müəyyən güzəştlərə nail ola bilmişdi. Bu dəfə də, gürcü baş nazirlə xarici işlər nazirinin Azərbaycan prezidentinin qəbulunda “növbəyə yazılmaları” güzəştlərə nail olmaq istəyi ilə bağlı ola bilər.

Bir-birinə qarşı kəskin müxalif mövqedə dayandıqlarını nümayiş etdirməklə Gürcüstanda demokratiya illuziyası yaradan Saakaşvilinin Hərəkat partiyası ilə İvanişvillinin “Gürcü arzusu” partiyasının fəaliyyəti əslində bir-birini tamamlayır. Belə bir təəssürat yaranır iki, bu partiyalar dəyişməz strateji xətt üzrə vahid mərkəzdən idarə olunurlar. Bu baxımdan yanaşdıqda, Rusiya ilə qaz əməliyyatı Saakaşvillinin partiyası üçün qarşıdan gələn parlament seçkilərində qələbəyə şərait yaradır. Strategiya təxminən belədir – Hakimiyyətdə olan partiya ruslarla iş birliyinə girir, qazla bağlı məqsədinə nail olur. Sonra ivanişviliçilər saakaşviliçilər tərəfindən xəyanətdə ittiham olunur və məzuniyyətə göndərilirlər.

İkinci versiya isə Azərbaycanla Rusiya arasında Qarabağ məsələsi ilə bağlı müəyyən sövdələşmənin olması ehtimalını nəzərdə tutur. Məsələn, ehtimal etmək olar ki, Qarabağ probleminin həlli, yaxud bir neçə rayonun geri qaytarılması müqabilində Azərbaycan Gürcüstandakı təsir dairəsini Rusiyanın xeyrinə daralda bilər. Bu məqsədlə Azərbaycan Gürcüstanın qaza olan artan tələbatını ödəməkdən imtina edə və bununla Tbilisini qaz üçün Moskvaya elçi düşməsini labüdləşdirə bilər. Bu versiyanı səsləndirməyə əsas verən amillərdən biri də Ermənistanın ictimai xadimlərinin Azərbaycanın onların mövqelərinə qarşı ağır atıcı silahlardan istifadə etməsinə Rusiyanın heç bir reaksiya verməməsi ilə bağlı narahatçılıqlarını dilə gətirmələridir.

Qeyd edək ki, Gürcüstanın Rusiyanın təsir dairəsinə keçməsi hazırkı ağır geosiyasi mübarizə vəziyyətində Moskvanın Vaşinqton qarşısında psixoloji üstünlüyünü artırır.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:





Xəbər lenti