Gəncə Aşura mərasiminə hazırdır – FOTOLAR
Gəncə şəhər İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə nümayəndəliyi tərəfindən Aşura gününün mütəşəkkil və təhlükəsizlik şəraitində keçməsi üçün ciddi hazırlıq işləri aparılıb.
İmamzadə dini-memarlıq kompleksində ziyarətgahın ətrafında Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən ehsan çadırları qurulub. Ziyarətgahda işıqlandırma sisteminin əhatə dairəsi daha da genişləndirilib. İçməli su daşıyan maşınlar da ziyarətçilərin ixtiyarına verilib.
Qadınların və kişilərin ayrılıqda ziyarəti və ibadəti üçün xüsusi yerlər ayrılıb. Bundan başqa, ziyarətçilərə daha rahat şərait yaratmaq üçün xeyriyyəçi insanlar da ziyarətgahda çadırlar qurublar.
İmamzadəyə gedən yollarda tıxacların yaranmaması üçün şəxsi avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılıb və avtomobillər üçün xüsusi dayanacaq yerləri ayrılıb. DYP əməkdaşları tərəfindən yollarda sürücülər bu haqda məlumatlandırılıb.
İmamzadə Dini Kompleksində keçirilən tədbirlərdə iştirak etmək istəyən Gəncə şəhəri və ətraf bölgə əhalisi üçün ictimai nəqliyyat vasitələri səhər saatlarından gücləndirilmiş iş rejimində çalışacaq. Şəhərin müxtəlif yaşayış massivlərindən ziyarətçilərin “İmamzadə” dini kompleksinə daşınması üçün pulsuz nəqliyyat vasitələri təşkil edilib.
Eyni zamanda vətədaşlara xidmət və təhlükəsizliyi təmin etmək üçün məscidlərin ətrafına və “İmamzadə” dini kompleksinə təcili tibbi yardım briqadası, Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri cəlb edilib.
Qeyd edək ki, Gəncədə “Aşura günü” qanvermə aksiyası da keçiriləcək.