Soyuq qışa hazır olun - Əhaliyə xəbərdarlıq

Soyuq qışa hazır olun - Əhaliyə xəbərdarlıq
  27 Oktyabr 2015    Oxunub:4949
Son vaxtlar bir sıra ölkələrdə hava şəraitinin dəyişməsi haqqında xəbərdarlıqlar edilir.
Əsas səbəb "El Nino" isti cərəyanının yaranması göstərilir. Çünki Sakit okeanda ilk dəfə olaraq ilin bu vaxtında isti cərəyan yaranır. Dünya ekoloqları yaranan isti cərəyanın təsirindən xüsusilə Avropa və Rusiyanın şimalında yağıntıların əvvəlki illərlə müqayisədə intensivləşəcəyini bildiriblər. Bununla belə qonşu Türkiyə, eyni zamanda Azərbaycan da bu təsirdən yan keçə bilməyəcək.

Qeyd edilir ki, qar və yağış 2015-ci ilin sonunadək davam edəcək. 2016-cı ildən isə yağıntılar tədricən azalacaq.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Anspress-ə açıqlamasında bildirib ki, yağıntıların artması Azərbaycanda indidən özünü göstərib.

"Azərbaycanda yağıntılar vaxtilə noyabrdan başlayırdı. Lakin bu il yağıntılar artıq oktyabrın əvvəlindən başlayıb", - deyən ekoloq onu da bildirib ki, bu cür dəyişikliklər ölkədə məhsul istehsalına da mənfi təsir göstərir.

"Bunun nəticəsində fəsillər dəyişir. Azərbaycanda yaz və payız itir. Soyuq və yağıntılı qış uzun müddət davam edir və bir müddət sonra yaya keçir. Havalar qəfil isinir. Bu il də hava şəraitindəki kəskin dəyişiklik Gədəbəydə dəmyə torpaqlarında becərilən ərzaq məhsullarının, xüsusilə kartofun istehsalına pis təsir edib. Yağıntı normadan az olduğundan məhsul yetişməyib. İndi isə yağıntıların çoxluğu yetişən məhsulun toplanmasına imkan verməyəcək", - deyən Telman Zeynalov bunun ərzaq məhsullarının qiymətinə də təsir edəcəyini bildirib. Onun sözlərinə görə, məhsul qıtlığı ərzağın qiymətinin artmasına səbəb olacaq.

Telman Zeynalov üzümüzə gələn qışın soyuq keçəcəyini də bildirib. "Ümumiyyətlə, 2015-ci ildən başlayaraq qış getdikcə soyuyur. Bu qış da sərt olmasa da soyuq keçəcək", - deyən ekoloq buna hazırlıq görülməli olduğunu da bildirib.

"Hava şəraitində, iqlimdəki dəyişikliklərlə bağlı tədbirlər görülməlidir. Prezident bununla bağlı sərəncamlar, tapşırıqlar verib. Lakin məmurlar da verilən tapşırıqları yerinə yetirməli, bu işə məsuliyyətlə yanaşmalıdırlar".


Teqlər:





Xəbər lenti