Uzaq Şərqdə savaş riski artır – TƏHLİL

Uzaq Şərqdə savaş riski artır – TƏHLİL
  02 Noyabr 2015    Oxunub:6937
Cənubi Çin dənizində yerləşən mübahisəli Spartli və Prasel adaları bu regionun növbəti qlobal əhəmiyyətli münaqişə zonasına çevrilməsinə gətirib çıxara bilər. Söhbət ondan gedir ki, Pekin Cənubi Çin dənizində yerləşən adaların özünə məxsus olduğunu bəyan edir, həmin dənizin akvatoriyasında yerləşən Filippin, İndoneziya, Malaziya, Vyetnam və hətta Yaponiya isə Pekinin ərazi iddialarının əsassız sayırlar.

Adalarla bağlı uzun illərdir gedən mübahisə yenidən kəskin xarakter alıb və dövlətlər arasında silahlı münaqişəyə səbəb ola bilər. ABŞ-ın yaranmış mübahisədə Çinə qarşı çıxması və digər ölkələrə hərbi dəstək göstərməsi vəziyyəti daha da gərginləşdirir.

Bu dəfəki gərginliyin səbəbi ABŞ hərbi dəniz qüvvələrinə məxsus `USS Lassen` hərbi gəmisinin Cənubi Çin dənizinə daxil olması və Çinin Spartli arxipelaqında yaratdığı süni adalara yaxınlaşması olub. Bundan sonra Çinin xarici işlər naziri Van Yu Vaşinqtonu Cənubi Cin dənizində düşünülməmiş addımlardan çəkinməyə və problem yaratmamağa çağırıb. Pentaqon nümayəndəsi isə bildirib ki, Amerika hərbi gəmisinin adalara 12 mil məsafədə yaxınlaşması beynəlxalq hüquq normalarına zidd deyil.

Məsələ ilə bağlı Amerikanın Pekindəki səfiri Maks Bokus xarici işlər nazirliyinə cağırılıb və ABŞ hərbi gəmisinin Cənubi Çin dənizindəki fəaliyyəti ilə bağlı ona etiraz notası təqdim olunub. Pekin Amerikanın fəaliyyətini öz suverenliyi və təhlükəsizliyinə hədə kimi qiymətləndirib və bu fəaliyyətə son qoymağa çağırıb.

Çinin hərbi-dəniz qüvvələrinin komandanı U Şenli isə bəyanat verərək ABŞ-ın Cənubi Çin dənizindəki fəaliyyətini təhlükəli təxribat kimi qiymətləndirib. Şenli bu tip taktikanın vəziyyətin nəzarətdən çıxmasıyla nəticələnəcəyi və belə olan halda, ən xırda insidentin müharibəyə gətirib çıxaracağı barədə ABŞ-a xəbərdarlıq edib.

Cənubi Çin dənizinin əhəmiyyəti onunla bağlıdır ki, Avropa və Yaxın Şərqdən gəmilər vasitəsilə Şərqi Asiyaya daşınan bütün yüklər buradan keçir. Bu, dünya üzrə dəniz daşımalarının yarısı deməkdir. Cənubi Çin dənizi ilə aparılan ticarətin ümumi dövriyyəsi ildə 5 trilyon dollar təşkil edir və dünyanın 10 ən əhəmiyyətli ticarət limanından 5-i məhz Cənubi Çin dənizinin sahillərində yerləşir.



Spartli adaları demək olar ki, strateji yolların kəsişdiyi nöqtədədir və onlara nəzarət edən ölkə ümumilikdə ticari axınlara nəzarət etmə imkanı qazanır. Məhz bu səbəbdən Çinin adaların ərazisini sünni yollarla genişləndirib burada aerodrom inşa etmək istəməsi ABŞ və digər sahilyanı dövlətlərin etirazına səbəb olub. Çinin inkar etməsinə baxmayaraq, ərazilərin hərbi məqsədlər üçün süni şəkildə genişləndirildiyi ehtimal olunur.

Eyni zamanda, adalarda zəngin neft və qaz yataqları mövcuddur. Regiondakı neft ehtiyyatlarının ümumi həcminin 7 milyard barrel, qaz ehtiyatlarının həcminin isə 25 trilyon kub metr olduğu ehtimal edilir.

Dünya balıq ovunun 8 faizi də Cənubi Çin dənizinin payına düşür ki, müxtəlif dövlətlərdən olan balıqçı gəmilərinin dəniz sərhədlərini pozmaları ilə bağlı da tez-tez insidentlər yaşanır.

Qeyd etmək lazımdır ki, dövlətlərarası gərginliyin artması region ölkələrinin öz hərbi potensiallarını gücləndirmsilə nəticələnib. Hazırda bu region dünyanın ən hərbiləşdirilmiş regionlarından biri hesab olunur.



Qərblə Rusiya arasında münasibətlərin gərginləşməsindən sonra Pekinin Moskvaya dəstək verməsi Vaşinqtonu müvafiq tədbirlər görməyə vadar etdi. Amerikanın regiona müdaxilə etməsi və adalara iddialı olan digər ölkələrə dəstək göstərməsi Çinin paralel olaraq bir neçə dövlətlə müharibə vəziyyətinə düşməsinə gətirib çıxardı. Yaponiya hərbi büdcəsini artıraraq 47 milyard dollara çatdırdı və Filippinlə hərbi əməkdaşlıq barədə müqavilə imzaladı. Müqaviləyə əsasən yapon qırıcıları Filippinin hava məkanı və hərbi aerodromların istifadə edə biləcəklər. Bu, Yaponiyaya Cənubi Çin dənizində maneəsiz uçuşlar həya keçirməyə imkan yaradır.

Vyetnam ABŞ-la müttəfiq olmasa da, Rusiya və Hindistandan aldığı silah hesabına hərbi potensialını kifayət qədər artıra bilib. Hazırda Amerika ilə Vyetnam arasında müttəfiqlik barədə danışıqlar gedir və Çinlə ortaq düşmənçilik bu iki dövlətin vahid mövqedən çıxış etməsilə nəticələnə bilər.

Çin hər nə qədər Amerikaya xəbərdarlıq etsə də, Pekinin eyni vaxtda bir neçə ölkə ilə müharibəyə daxil olma ehtimalı bu ölkəyə ciddi zərbədir. Ən azı, Cənubi Çin dənizinin hərbi münaqişə zonasına çevrilməsi regionada iqtisadi fəallığı azaldacaq və bundan daha çox Çin əziyyət çəkəcək. Çinin Böyük İpək yolunu bərpa etməsi planları əslində Cənubi Çin dənizinə alternativ ticarət xətti yaratmaq istəyilə bağlıdır.

Qərblə münasibətləri pisləşən Rusiya ilə Çinin həvəslə hərbi əməkdaşlığa daxil olması əslində Pekinin Moskvanı öz tərəfində Cənubi Çin dənizindəki münaqişəyə cəlb etmək istəyilə bağlı idi. Məhz buna görə Moskva Çinlə keçirdiyi hərbi təlimlərin hansısa regional mübahisəyə aidiyyatı olmadığını bəyan etməli oldu. Təbii ki, Çinlə birlikdə növbəti münaqişəyə cəlb olunmaq Rusiyanın onsuz da zəif olan maliyyə imkanlarının tükənməsinə səbəb ola bilər. Odur ki, Çinin mübahisəli adalarla bağlı münaqişəyə cəlb olunması Rusiyanın Çinlə hərbi əməkdaşlıqdan çəkindirdi.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti