Evlənmək istəyən 161 gəncdə siflis tapıldı

Evlənmək istəyən 161 gəncdə siflis tapıldı
  04 Noyabr 2015    Oxunub:6113
"Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası"na uyğun olaraq iyunun 1-dən bu günə kimi nikaha daxil olmaq istəyən 63 800 nəfər tibbi müayinədən keçib".
AzVision.az xəbər verir ki, bu barədə "Report"a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.
Onun sözlərinə görə, həmin şəxslərin 4 213 nəfərinin talassemiya daşıyıcısı olduğu aşkarlanıb:

"Onların özlərinə də məlumat verilib. Hətta onların arasında evlənməyənlər də olub. Müalicələrin nəticələri həmin şəxslərin qeydiyyatda olduğu tibb müəssisələrinə göndərilir. Eyni zamanda, müayinə aparıldığı gündən bu yana 32 cütlükdə, yəni cütlüyün hər ikisində də talassemiya olduğu məlum olub".

İnstitut direktoru onu da vurğulayıb ki, son beş ayda 45 nəfərdə İİV infeksiyası, 161 nəfərdə isə siflis qeydə alınıb: "İİV infeksiyası ilə bağlı məlumatlar Respublika QİÇS-lə Mübarizə Mərkəzinə göndərilib. Çünki həmin şəxslər təkrar müayinədən keçməlidir. Buna səbəb bizim yoxlamaların ilkin addım olmasıdır".

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiqlənməsi ilə əlaqədar bu il iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçmələri məcburiləşdirilib.

Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.


Teqlər:  





Xəbər lenti