Rusiya ilə Türkiyənin arasında qalmamaq üçün nə etməliyik? – TƏHLİL

Rusiya ilə Türkiyənin arasında qalmamaq üçün nə etməliyik? – TƏHLİL
  28 Noyabr 2015    Oxunub:4373
Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasına Kreml sərt reaksiya verdi və bu addımın əvəzinin ağır olacağını bildirdi. Rusiya ilə Türkiyənin düşmənçiliyi Azərbaycan üçün də arzuolunmaz haldır və hətta milli təhlükəsizlik baxımından müəyyən risqlər yaradır. Ən böyük risq ondan ibarətdir ki, Azərbaycanın qarşıduran tərəflər arasında seçim etmək təzyiqilə üzləşə bilər.

Həmçinin Rusiya ilə Türkiyənin münasibətlərinin pozulması Ankaranın Qafqaz regionuna “mədəni” müdaxiləsinin qarşısına sədd çəkir ki, bu da həm Azərbaycan, həm də Gürcüstana qarşı üçüncü qüvvələr tərəfindən təxribat xarakterli təsirlər göstərilməsinə şərait yarada bilər.

Bu səbəbdən, Azərbaycan barışıq tərəfdarı kimi çıxış edir və hətta bu işdə dolayı yolla öz xidmətlərini də təklif edir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın bu sahədə müəyyən uğurlu təcrübəsi də olub. Məsələn, Avropa Oyunları zamanı Ərdoğan ilə Putinin Bakıda baş tutan görüşü “erməni soyqırımı” ilə əlaqədar sərinləmiş Ankara-Moskva münasibətlərinin yenidən isinməsində mühüm rol oynamışdı.

Məsələdə maraq doğuran əsas məqam ondan ibarətdir ki, yaranmış vəziyyətdə Rusiya ilə eyni ittifaqda olan Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan kimi dövlətlər rus-türk qarşıdurmasında hansısa mövqe nümayiş etdirməyə tələsmirlər. Hətta Ermənistan da böyük qardaşı Rusiyanın təyyarəsinin vurulmasını müdafiə naziri səviyyəsində pislədi. Postsovet məkanında yaranmış bu mənzərə ölkələrin Rusiya ilə ittifaqa icbari qaydada daxil olduqlarını bir daha sübut etməklə yanaşı, Azərbaycanın vəziyyətinin heç də qorxulu olmadığını nümayiş etdirir. Bu, həm də regionun və Rusiyanın gələcək taleyilə bağlı yeni suallar ortaya çıxarır.

Məhz belə bir ərəfədə Rusiyaya səfər etməli və prezident Putinlə yanaşı, baş nazir Medvedyevlə də görüşməli olan Belarus prezidenti Lukaşenko Mosvayaya getməkdən imtina edir. Lukaşenkonun rəsmi səfərinin təxirə salınmasının səbəbi kimi, Putinin iş qrafikinin sıx olması göstərilsə də, Rusiya prezidenti əvvəlcədən elan olmuş plana uyğun şəkildə cari fəaliyyətini davam etdirir.

Bəzi ekspertlər Belarus prezidentinin Türkiyə ilə insidentdən sonra Rusiya səfərini təxirə salmasının təsadüf olmadığı fikrini irəli sürürlər. Ola bilər ki, Lukaşenko Putinlə görüşməzdən əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə məsləhətləşməni məqsədəuyğun hesab edib. (Xatırladaq ki, noyabrın 28-də Azərbaycan prezidentinin Belarusa rəsmi səfəri başlayır.)



Söhbət ondan gedir ki, Rusiyanın Türkiyəyə qarşı düşmənçiliyinin zərbəsindən heç bir postsovet ölkəsi sığortalanmayıb və Azərbaycanla yanaşı Belarus, hətta Qazaxıstan da Ankara ilə Moskvanın barışmasında maraqlıdır. Bu dövlətlərin heç biri təyyarənin vurulmasına görə ən azı Türkiyə ilə səmərəli iqtisadi əməkdaşlıqdan vaz keçmək istəmirlər.

Nəzərə almaq lazımdır ki, Ukrayna məsələsilə bağlı Avropa Birliyi ilə danışıqlar məhz Lukaşenkonun vasitəçiliyilə Minskdə baş tutmuşdu. Bu mənada Belarus prezidentinin Vladimir Putinlə “dil tapması” daha asandır. Eyni zamanda, Rusiyanın özünün də barışıqda maraqlı olduğunu və bu məqsədlə Belorus prezidentinə öz şərtlərini bildirdiyini ehtimal etmək olar. Odur ki, Əliyevlə Lukaşenkonun tərəflər arasında sülhyaratma missiyasını öz üzərlərinə götürmələri mümkündür.

Lakin eyni zamanda hadisələrin pis yöndə inkişafı proqnozu da istisna edilməməlidir. Məsələn, məlumdur ki, Rusiyanın Belarus ərazisində hərbi baza yerləşdirmək istəyilə əlaqədar Minsklə Moskva arasında ciddi fikir ayrılıqları mövcuddur. Lukaşenkonu anlamaq olar – prezident öz ölkəsinin ərazisindən Avropaya qorxu saçmaq üçün istifadə edilməsini istəmir. Bundan əlavə, Rusiyanın Türkiyə ilə düşmənçiliyi Belarusun iqtisadi maraqlarına da cavab verir. Belə ki, Türkiyə ilə iqtisadi əməkdaşlıqdan imtina Rusiyadakı türk kapitalının Belarusa axını anlamına gəlir. Bu halda Belarusun turizm şirkətlərinin də sifarişləri artacaq. Belə ki, Türkiyəyə getmək istəyən ruslar ən asan yol kimi Belarusdan istifadə edəcəklər.

Bu mənada mümkün versiya kimi ehtimal etmək olar ki, postsovet ölkələri Türkiyə-Rusiya düşmənçiliyindən sonrakı dövrdə vahid hərəkət planını müzakirə etmək qərarına gəliblər. Belarus, Azərbaycan və Qazaxıstan vahid mövqedən çıxış etməlidirlər ki, Kremlin ayrı-ayrılıqda həmin dövlətləri iqtisadi-siyasi maraqlarına zidd fəaliyyətə təhrik etməyə gücü çatmasın.

Bu iki versiyadan irəli gələrək demək olar ki, əgər Belarus səfərindən sonra İlham Əliyev Ərdoğanla, Lukaşenko isə Putinlə görüşsələr, demək, məsələ sülhə doğru gedir. Ancaq əgər Qazaxıstan lideri Nazarbayev Lukaşenko, yaxud Əliyevlə görüşsə, demək, postsovet respublikaları özlərinin müdafiə planını çəkməli olublar.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti