5 ton ət məhv edildi

5 ton ət məhv edildi
  03 Dekabr 2015    Oxunub:2023
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, noyabrın 30-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssislərinin Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Ələt-Bakı avtomobil magistralının Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda Bakı şəhərinə satış üçün gətirilən 5 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri ilə dolu “Mercedes” markalı yük avtomaşını saxlanılıb.

Modern.az xəbər verir ki, heyvan cəmdəklərindən götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunub.

Nümunələrdə bakterioloji çirklənmə, salmonella və eşerixa koli (escherichia coli) xəstəliklərinin törədicisi müəyyən olunub. Biokimyəvi müayinə nəticəsində isə yoxlanılan nümunələrin keyfiyyətsiz, eləcə də əksəriyyəti ölmüş və aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvanların ətləri olduğu müəyyən edilib.

Aparılan müayinələrin nəticəsinə əsasən qida üçün yararsız olduğundan və baytarlıq-sanitariya tələblərinə cavab vermədiyindən satış məqsədilə gətirilən 5 tona yaxın ətin zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq dekabrın 3-də həmin ətlər yükü gətirən “Mercedes BENZ ATECO" markalı, 99 cp 289 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsünün, KİV və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Sumqayıt şəhər Məişət Tullantıları Poliqonunda zərərsizləşdirilərək başdırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti