Metroda nələr baş verir? - Yerin altında problem...

Metroda nələr baş verir? - Yerin altında problem...
  04 Dekabr 2015    Oxunub:3547
Bakı metrosunda hər gün nəsə hadisə baş verir. Qatar ya tuneldə qalır, ya sıxlıqdan dəqiqələrdə platforlada gözləməli oluruq.

Metropoliten qış rejiminə keçsə də, yerin altında hər gün nəsə baş verir. Sanki, bu bir ənənəyə çevrilib. Elə gün olmasın ki, sosial şəbəkələrdə, mətbuatda Bakı metrosu ilə bağlı xəbərə rast gəlinməsin.

Metroda nə baş verir? Bu problemlər nə zaman həll olunacaq?

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev əvvəlcə ötən gün metronun “28 May” stansiyasındakı hadisəyə münasibət bildirib.

Qurum rəsmisi hesab edir ki, tuneldə baş verən tüstülənmə təbii hadisədir: “Qatarlar gün ərzində 16-18 saat xəttə olurlar və hər hansı nasazlığın yaranması qaçılmazdır”.

N.Paşayevun fikrincə, texnikada belə nasazlığın yaranması mümkündür: “Biz çalışırıq ki, bu cür nasazlıqlar olmasın. Bunun qarşısını almaq üçün mütəxəssislərimiz var və daim çalışırlar. Əsas olan odur ki, sərnişinlərimizin təhlükəsizliyi təmin olsun. Buna da nail oluruq. Baş verən bütün nasazlıqların qarşısı əməkdaşlarımız tərəfindən dərhal alınır”.

Bakı metrosundan gün ərzində yüz minlərlə sərnişin istifadə edir. Metro həm ucuz nəqliyyat vasitəsidir, həm də bu nəqliyyatla ünvana tez çatmaq olur. Bakının bu başından o başına getmək üçün təxminən 50 dəqiqə vaxt lazımdır. Amma mənzil başına çatmaq heç də asan başa gəlmir. Belə ki, qatarlardakı sıxlıq səbəbindən sərnişinlər bir neçə qatar buraxmalı olurlar ki, bu da vaxt itkisinə səbəb olur.

QSC rəsmisi vurğulayıb ki, qış qrafikində gün ərzində təxminən 700 min sərnişin Metropolitenin xidmətlərindən istifadə edir: “Eyni zamanda 15 sentyabr tarixindən tətbiq edilən qış qrafikində saatda 30 cüt qatar hərəkət təşkil edilir. Statistikadan da göründüyü kimi qatarların sayı artırılıb. Eyni zamanda qatarlararası interval “Həzi Aslanov” – “28 May” stansiyası arasında pik saatlarda 2 dəqiqə olaraq tənzimlənir.Yay qrafikində isə bu 2.5 dəqiqə idi”.

N. Paşayev pik saatlarda sərnişin sıxlığının hiss olunduğunu etiraf edib. O, qeyd edib ki, bu sıxlıq yalnız gələcəkdə tikiləcək xətlər, stansiyalar, eyni zamanda “28 May” stansiyasında kəsişən qırmızı və yaşıl xətlərin ayrılmasından sonra aradan qalxacaq.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti