Sumqayıtın qonaqları: Rac Kapur, Şimali Koreya rəsmiləri

Sumqayıtın qonaqları: Rac Kapur, Şimali Koreya rəsmiləri
  04 Dekabr 2015    Oxunub:4278
Sumqayıt tikilməyə başlanan ilk gündən buraya müxtəlif xarici ölkələrdən çox sayda qonaqlar gəlib. 1955-1985-ci illərdə nəşr olunmuş dövri mətbuatdan, digər mənbələrdən əldə etdiyimiz və heç də tam olmayan hesablamalarımıza görə Sumqayıta dünyanın 60 ölkəsindən, o cümlədən 14 sosialist və 46 kapitalist ölkəsindən 277 nümayəndə heyəti gəlib, 30 ildə 15 min nəfər dən çox xarici qonaq şəhərimizi ziyarət edib. Dost sözü,qonaq sözü əziz və səmimi olur. Xarici ölkələrdən gəlmiş qonaqların Sumqayıt haqqında dedikləri sözlərdən bir neçəsini misal gətirək.
Leopold Figel – Avstriya Milli Məclisinin prezidenti, özünün dediyi kimi, orta kapitalist.
O, Azərbaycan Boruyayma zavodunun işi ilə maraqlanırdı.: "Söhbət etmək şərəfində olduğum mühəndisin familiyası? Rəhman Balayev? Hələ çox gəncdir, lakin artıq nəhəng bir qurğuya, stana rəhbərlik edir! Bu - zer qut! Görünür ki, zavod nəhəng müəssisədir. Paho, lap o qədər nəhəngdir ki, hətta xaricə də məhsul göndərir?. Və haraya? Yəqin ki, Yaxın Şərqə .... Həmçinin Avstriyaya da? Hm... Vaxt vardı ki, Avstriyalıların Bakıda öz firmaları vardı. Amma Azərbaycandan sənaye məhsulları almaq? ..... Zəmanə dəyişmişdir... doğrudan da, indi başqa zəmanədir” (Bax:Polonskiy L. Kommunizma dozornıy. M., 1962, s.22).

Natale Roko – İtaliyalı jurnalist Sumqayıtda olmuş, "Bakı və Sumqayıt – Xəzər sahilində incilər” adlı məqalə yazaraq onu "İtaliya-Sovet Dostluğu” tərəfindən Roma şəhərində nəşr olunan "Sovetskaya deystvitelnost” jurnalında dərc etdirmişdir. O yazır: "İranda baş vermiş zəlzələdən sonra bu ölkəyə getmiş mətbuat işçisi Nikolo Adelfi xəbər verir ki, İranda feodal münasibətlərinin qalıqları indi də vardır. Cəmisi 40 il bundan əvvəl Sovet Azərbaycanı və İran eyni ictimai-iqtisadi inkişaf pillə-sində idilər. Hazırda isə İran Azərbaycan Respublikasından min il geri qalır. Adamların yaradıcılıq gücünə şahid olmaq, onların əzmkarlığını görmək üçün elə Sumqayıta getmək kifayətdir.” (Bax: "Kommunist Sumqaita” qəzeti 4 noyabr 1962-ci il).

Suat Xeyri Ürgüqlü – Türkiyə Böyük Milli Məclisinin üzvü: "Bizə Azərbaycanın cavan şəhəri Sumqayıtla tanış olmaq çox xoş idi. Bu şəhər yaxın vaxtlaradək heç bir şeyi olmayan quru-boş düzənlikdə, -səhrada salınmışdır. Qoy onun sakinləri xoşbəxt olsunlar.” (Elə orada, 5 iyun 1963-cü il).

Allahi Kuider – Əlcəzair Milli Məclisinin deputatı:"Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Sovet gənclərinin nəhəng sənaye mərkəzlərinin tikintisində iştirakı haqqında çox eşitmişdik və oxumuşduq. Ona görə də biz SSRİ-yə gəldik. Sizin cavan və gözəl şəhəriniz bizim çox xoşumuza gəldi” (Elə orada, 17 mart 1963-cü il).

Doktor Vilyam İçiyenq – keniyalı alim: "Heç inanmaq olmur ki, vur-tut 27 il ərzində dənizin bom-boş sahilində onlarla böyük zavod və fabrikləri, elm müəssisələri, yaraşıqlı küçələr və gözəl evləri olan nəhəng bir sənaye şəhəri ucalmışdır” (Elə orada, 3 aprel 1977-ci il).

Yarmila Qlazarova – tanınmış çex yazıçısı: "Sumqayıt şəhərinin adı SSRİ-nin xəritəsinə 10-15 il bundan əvvəl düşüb. Bu, Xəzər sahilində komsomol, gənclik və fədakar əmək şəhəridir” (Bax: ”Pravda” qəzeti, 14 mart, 1965-ci il).

Yevgeniya Kirsanova – "Bolqar – Sovet Dostluğu” jurnalının baş redaktoru: "Sumqayıtda insanlara öyrəşmək üçün nəinki aylar və günlər, heç saatlar da lazım deyildir. Burada elə ilk dəqiqələrdən özünü dostların arasında, dogma evində hiss edirsən. Mən sizin gözəl şəhərinizdə müxtəlif millətlərdən olan çoxlu-çoxlu adamların bir-biri ilə ürəkaçan, sevindirici dostluq vəbeynəlmiləlçilik münasibətlərinin şahidi oldum.” ("Sosialist Sumqayıtı” qəzeti, 27 yanvar 1961-ci il).

Hani Mahmud Cəfər – Livan fəhlə həmkarlar təşkilatı heyətinin rəhbəri: "Azərbaycanda bizi xüsusilə heyran edən Sumqayıt - onun yüksək inkişaf etmiş sənayesi və qısa bir müddətdə ucaldılmış şəhərin özü oldu. Bu şəhər Azərbaycanın və bütün sovet xalqının böyük qələ-bəsidir” ("Kommunist Sumqaita”, 22 noyabr, 1964-cü il).

Floriya Neaksu – Rumıniya Həmkarlar İttifaqı Mərkəzi Şurasının orqanı "Munka” qəzetinin baş redaktoru: "Mən tarix yazan olsaydım, öz salnaməmi belə başlayardım: Sumqayıt! Əvvəllər buralarda, Böyük Qafqaz dağlarının ətəklərində Xəzər dənizinin ləpələri döyən kiçik düzənlikdə heç nə yox idi. Burada ancaq susuz səhra, ara-cıra bitmiş tikanlı kollar var idi. Və günlərin birində buraya Böyük memar – partiya gəldi, şəhərin harada və necə salınacağını müəyyən etdi. Sonra isə qurub-yaratmaq həvəsi ilə qaynayan gənclik –komsomol gəldi. Buraya ruslar, azərbaycanlılar, gürcülər, ukraynalılar, tatarlar.... – 42 millətin nümayəndələri gəldilər. Bu gün onlar özləri qurub yaratdıqları şəhərin sakinləridirlər” ("Sosialist Sumqayıtı” qəzeti, 24 yanvar 1962-ci il).

Xyu Mur – Şimali İrlandiya kommunist Partiyasının Baş katibi: "Sizin burada əldə etdiyiniz nailiyyətlər həqiqətən valehedicidir! (Elə orada, 27 oktyabr, 1961-ci il).

Xorxe Verqsteyn – Arqentina Kommunist Gənclər Federasiyasının Baş katibi: "Sizin şəhəriniz nəhəng zavodları ilə birlikdə vur-tut 10-15 ilə tikilmişdir. Bu elə bir möcüzədir ki, sözlə ifadə etmək mümkün deyildir” (Elə orada, 6 may 1962-ci il).
Arnold Conson – Amerika nümayəndə heyətinin rəhbəri: "Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, Sizin gözəl Sumqayıt kimi şəhərlər nə Amerikada, nə də ki, hər hansı bir başqa kapitalist ölkəsində yoxdur. Sizin şəhərinizdə ilk növbədə diqqəti cəlb edən əsas cəhət gülərüzlü gənclikdir. Biz sevinc dolu baxışları adamların hamısının çöhrəsində görürük” (Sosialist Sumqayıtı” qəzeti, 21 may1961-ci il).

Ob Moris Kamize – Fransa nümayəndə heyətinin rəhbəri: Sumqayıtın iqtisadiyyatı və gələcək perspektivləri haqqında məlumatlara Sizin şəhərinizlə əvvəlcədən tanış olmadan qulaq assaydıq fikirləşərdik ki, Jül Vernin fantastik əsərlərindən birinin parçalarını dinləyirik”(Elə orada, 19 sentyabr 1962-ci il).

Doktor Frenk Roffi – İngiltərənin ən böyük kimya firmalarından biri olan "Disstilerst”-in direktoru: "Əgər biz Sumqayıtı öz gözlərimizlə görməsəydik, ancaq onun haqqında bizə danişsaydılar, onda yəqin ki, deyilənlərin təbliğat olduğunu fikirləşərdik.” ("Kommunist Sumqaita” qəzeti, 25 iyun, 1965-ci il).

Fransadan gəlmiş bir qrup komsomolçu gənc "Rovestnik” jurnalının müxbirinin "Ölkəmizi gəzərkən xatirinizdə ən çox nə qaldı?” sualına bir ağızdan:-”Sumqayıt!,- deyə cavab verərək söyləmişdir.- Gələcəyin şəhəri. Orada kommunizmin nəfəsi duyulur. Orada hər şey bizi valeh etdi. Ilk növbədə isə adamları - gənc oğlan vəqızlar, öz əlləri ilə boş səhrada "Günəş şəhəri”ni ucaldan, onu öz ürəklərinin nuru ilə işıqlandıran qəhrəmanlar!” (Elə orada, 30 aprel, 1962-ci il.)

Harri Frimen – Amerika jurnalisti: "Sumqayıtın yaşayış massivləri bizə toz basmış, his, tüstü bürümüş sənaye şəhərini yox, yaşıllığa, gül-çiçəyə qərq olmuş möhtəşəm, təmtaraqlı parkları xatrırlatdı. Bu həqiqətən müasir sənaye müəssisələri olan güllü-çiçəkli şəhərdir” (Bax: Sovetskiy Soyuz” jurnalı, №11, 1972-ci il, s.15-18).

Sumqayıtda, həmçinin Monqolustan Xalq Respublikasından, Birləşmiş Ərəb Respublikasından, Malidən, Livandan, Konqodan 1963-cü ildə həmkarlar təşki-latlarının nümayəndələrindən ibarət bir qrup adam olub. Boruyayma zavodunun ”Fəxri qonaqlar” kitabında onlar belə yazıblar: "Bizim nümayəndə heyətlərimiz Sumqayıtdakı Azərbaycan Boruyayma zavodu ilə böyük maraqla tanış oldu. Biz indi tam dərk edirik ki, Sovet İttifaqında texnika nə deməkdir.” ("Kommunist Sumqaita” qəzeti, 19 iyul 1963-cü il).

Xarici ölkələrdən gələn jurnalistlər Sumqayıt fəhləsinin güzaranı və həyat tərzi ilə daha çox maraqlanırdılar. "Amerika Birləşmiş Ştatlarından və Çilidən olan müxbirlər Art Tomas Şilde və Qutiyeres Manjel Sumqayıtda olmuşlar. Onlar arzu etmişlər ki, bir nəfər fəhlənin mənzilinə getsinlər. Qonaqların arzusu dərhal yerinə yetirilmişdir. Qonaqlar V.İ. Lenin adına Azərbaycan Boru-Prokat zavodunda tökmə sexinin operatoru S.Nuriyevin mənzilinə getmişlər. Nuriyev qonaqlara özünün necə işləməsi, oxuması və istirahət etməsi barədə danışmışdır. Jurnalistlər demişlər ki, "Sovetlər Ölkəsində fəhlə ailəsinin yaşayış səviyyəsi yüksəkdir. Biz fəxr edirik ki, Azərbaycan fəhləsinin qonağı olduq” (Elə orada, 9 dekabr 1972-ci il).

Müxtəlif illərdə Sumqayıtda olmuş xarici ölkələrin ictimai-siyasi xadimlərindən Almaniya Demokratik Respublikası Kommunist Partiyasının Baş katibləri Otto Orotovold, Valter Ulbrext, İndoneziya KP MK –nın Baş Katibi D. Aydit, Avstriya KP MK-nın Baş Katibi L. Şaşli, Çin Komşomol təşkilatının Birinci katibi Aya Xay-Bo, Koreya Əmək partiyası MK-nın üzvü Xo Son, Beynəlxalq Tələbə İttifaqının Katibi Nazim Salo Xado, Qvineya Hökumətinin baş katibi Jan Faraqe, Meksika Kommunist Gənclər İttifaqının katibi Leopold Posadas, Vyetnam Gənclər Əmək İttifaqı MK-nın katibi Vu Kuanq, Çexoslovakiya Milli Cəbhə MK-nın katibi Ladislava Beserova, Yulius Fuçikin həyat yoldaşı Qusta Fuçikova, Kubanın SSRİ-dəki səfiri Faure Çomon, Bolqarıstan Dimitrov Gənclər İttifaqının katibi A.Traukov , İraq Qadınlar Liqasının baş katibi Safira Cəmil, Fransa Departament Cəmiyyəti Komitəsinin katibi Sen Simon Sanyak, Efiopiyanın ticarət naziri Endalkaçeu Makkonen, məşhur hind kinoaktyoru Rac Kapur və başqaları Sumqayıta səfər ediblər, şəhərimiz və sakinləri barədə xoş fikirlər söyləyiblər. (Xeberle.com)




Teqlər:





Xəbər lenti