Qrantlarla bağlı yeni qaydalar qüvvəyə mindi

Qrantlarla bağlı yeni qaydalar qüvvəyə mindi
  04 Dekabr 2015    Oxunub:2068
Nazirlər Kabineti “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nı təsdiq edib.
"Report"-un xəbərinə görə, bu qayda beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimaiyönlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycanda dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri tərəfindən Azərbaycan ərazisində qrant vermək hüququnun əldə edilməsini tənzimləyir.

Bu, xarici donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi ilə bağlı göstərilmiş tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin bağlanması, habelə onlarda istənilən dəyişikliklərin edilməsi hallarına da şamil olunur.

Qrant vermək hüququnu əldə etməmiş xarici donorlarla qrant müqaviləsi bağlanıla bilməz.

Bu qaydanın tələbləri Azərbaycanın və Azərbaycan Hökuməti adından qrant alınmasına dair sazişlərin bağlanılması və təsdiq edilməsi hallarına şamil olunmur.

Xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrant vermək hüququ hər bir qrant müqaviləsi (qərarı) üzrə əldə edilməlidir.

Qrant vermək hüququnun əldə edilməsi üçün Maliyyə Nazirliyinin qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair nazirliyin rəyinin əldə edilməsi üçün xarici donor tərəfindən nazirliyə təqdim edilən ərizəyə xarici donorla resipiyent arasında bağlanılması nəzərdə tutulan qrant müqaviləsinin məqsədini, məbləğini, nəzərdə tutulmuş resipiyenti, icra müddətini, sub-qrantlara (olduğu halda) dair tələblərini əks etdirən qrant müqaviləsinin (qərarının) layihəsi, müqavilə üzrə tərtib edilən sənədlər (layihə, proqram, smeta xərcləri), qrantın maliyyə-iqtisadi əsaslandırılması, xarici donorun təsis edilməsi haqqında qərarın, nizamnaməsinin (əsasnaməsinin) və ya qeydiyyatını təsdiq edən sənədin (qeydiyyat şəhadətnaməsinin və s.) surəti, xarici donorun nümayəndəsinin müvafiq ərizəni imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə daxil edilməlidir.

Nazirlik tərəfindən xarici donorların qrant vermək hüququnun əldə edilməsi barədə müraciətlərinə ərizə daxil olduğu gündən 15 gün müddətində baxılır. Sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, qrantın maliyyə-iqtisadi məqsədə-müvafiqliyinə dair rəyin verilməsi müddəti 15 günədək uzadılır. Müraciətə baxılan zaman qrantın predmeti ilə bağlı aidiyyəti dövlət orqanları münasibət bildirə bilərlər.

Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair nazirliyin rəyində onun məqsədəmüvafiq hesab edilməsi və ya edilməməsi əsaslandırılmalıdır.

Qrantın yönəldildiyi sahənin ehtiyaclarının dövlət tərəfindən ödənilməsi qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmaması üçün əsasdır.

Göstərilmiş ərizə, sənədlər və məlumatlar təqdim edilmədikdə və ya natamam təqdim edildikdə qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəy verilməsindən imtina edilə bilər.

Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunması barədə nazirliyin rəyini almış xarici donorlar qrant vermək hüququnu əldə etmiş hesab olunurlar.


Teqlər:





Xəbər lenti