Günahkar banklardır, yoxsa müştərilər?
O, bildirib ki, problemli kreditlərdən danışılırsa, bunun necə yarandığı dərindən araşdırlmalı və sonra konkret faktlara söykənərək fikir bildirilməlidir. Ümumiyyətlə, əgər kredit normal qaydada hər iki tərəf – bank və müştəri arasında əldə olunan razılaşma əsasında götürülübsə, bu kredit necə olur ki, sonradan problemli kreditə çevrilir?
“Aydındır ki, kredit götürüləndə nə müştəri, nə də bank sonradan onun problemli kreditə çevriləcəyini düşünmürlər. Vətəndaş öz məsuliyyətini tamilə dərk edərəkmi kredit müqavilələrinin altından imza atır? Fikrimcə məsələnin kökü də elə bu məsuliyyət məsələsindədir. Borc verən tərəf kreditinin geri qaytarılmaması ilə heç vaxt barışa bilməz. Əgər o, bu krediti verəndə onun geri qaytarılacağına zərrə qədər şübhə etsə, onda heç vaxt kredit müqaviləsinin tərtib olunmasına həvəs göstərməz. Lakin müştərilər bir çox hallarda öz maliyyə imkanlarını düzgün hesablamadan “təcili pul lazımdır” narahatlığı ilə istənilən sənədin altından imza atır, müqavilələrin şərtlərilə tanış olmağa belə həvəs göstərmirlər. Nəticədə bir neçə aydan sonra bank əməkdaşının “Xeyirli olsun” deyərək kassaya göndərdiyi şəxs problemli müştəriyə çevrilir. Sözsüz ki, məsuliyyətini dərk edən və üzərinə düşən vəzifələri vaxtinda yerinə yetirən müştərilər də var”.
F.Yusifov deyir ki, bank müştəriləri kantingentini də bir neçə kateqoriyaya bölmək olar:
Birinci kateqoriya müştəriləri:
-Onların normal gəlirləri var. Kreditə görə banka müraciət etmələrinin səbəbi hansısa məişət və ya təsərrüfat məsələsinin həllində tələb olunan vəsaitin bir qisminin ehtiyac yarandığı vaxtda çatışmamasıdır. Belə müştərilər bir qayda olaraq öz hesablarını çox dəqiq apararaq götürdükləri krediti vaxtlı-vaxtında və tam şəkildə geri qaytarırlar. Bəzən borcu bütövlükdə vaxtından əvvəl də bağlaya bilirlər;
İkinci kateqoriya müştəriləri:
-İkinci kateqoriyaya aid müştərilərin gəlirləri qeyri-stabil olur. Onların maliyyə imkanları ilə götürülən krediti bağlamaq şansı 50:50 nisbətindədir. Təbii ki, onlar kredit götürərkən vəziyyətin belə olduğunu bank mütəxəssisindən gözlədir və gəlirlərinin stabil olmadığını müxtəlif üsullarla pərdələyirlər;
Üçüncü kateqoriya müştəriləri:
-Üçüncü kateqoriya müştəriləri isə daha az sənədləşmə tələb edən, məbləğ etibarı ilə çox da böyük olmayan, lakin yüksək faizli istehlak kreditlərinə üz tuturlar. Bu kateqoriyaya aid müştərilərin 70-80%-ni kreditin necə qaytarılacağı məsələsi az narahat edir. Onları həmin an düşündürən yalnız vəsaiti bankdan götürməkdir.
Üçüncü kateqoriya müştərilərinin götürdüyü kreditlərin hara yönəldiyini müəyyən etmək o qədər də çətin deyil. Hər birimizin ətrafında belə insanlar var. İndi gəlin baxaq, onlar - aztəminatlı insanlar əsasən hansı məqsədlər üçün bankdan kredit götürürlər. Apardığımız kiçik araşdırma aşağıdakıları ortaya çıxardı.
- Xaricdə istirahət üçün;
- Övladına kiçik toy etmək üçün (toya 500 adam dəvət edib əvəzində 150 adam gəlib);
- Qohum əqrabasının bir-birinin ardınca keçirilən toy məclislərində iştirak etmək üçün;
- Yas məclisinə gələn bir neçə yüz adama ehsan vermək üçün və s.
İqtisadçının sözlərinə görə, dəfələrlə qeyd edilib ki, Azərbaycanda bank faizləri kifayət qədər yüksəkdir: “Dünya təcrübəsindən konkret misallar göstərərək banklarımız faizləri aşağı salmağa da çağırmışıq. Lakin unutmamalıyıq ki, banklar kommersiya qurumlarıdır və öz fəaliyyətlərini müstəqil şəkildə qururlar. Bankların işinə hökumət səviyyəsində müdaxilə etmək mümkün deyil və yazının əvvəlində qeyd etdiyimiz çağırışların hüququ baxımdan heç bir əsası yoxdur. Əlbəttə, yaxşı olar ki, banklar faiz dərəcələrini azaldıb, kredit siyasətini hazırkı çətin maliyyə dövrünün tələblərinə uyğunlaşdırsınlar. Lakin bu baş verməsə belə, müştərilər bankları məcbur edə bilməz ki, hansısa dəyişikliyə getsinlər. Deməli, vətəndaşlarımız kredit götürərkən öz maliyyə imkanlarını dəqiq hesablamalıdırlar. Əgər kimsə əvvəlcədən bilirsə ki, onun qarşıda maliyyə çatışmazlıqları olacaq, deməli, heç bir halda yüksək faizli kreditə yaxın getməməli, öz istək və arzularını mövcud imkanlarına uyğunlaşdırmalıdır. Banklar kredit müqavilələrinə heç kəsə zorən imza atdırmırlar. Müqavilə könüllü şəkildə imzalanır və orada yazılan məbləğ bankın istəyi olmadan heş bir halda vətəndaşa bağışlana bilməz”.
AzVision.az
Teqlər: