DİN-dən rus milyarderlə bağlı Açıqlama

DİN-dən rus milyarderlə bağlı Açıqlama
  04 Dekabr 2015    Oxunub:1983
Azərbaycan Daxili İşlər Nazirliyi rusiyalı iş adamı German Sterliqovun Rusiya mətbuatına açıqlamasına münasibət bildirib.
Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfər etmiş rusiyalı biznesmen German Sterliqovun istintaqa çağırılması və Bakıya təhvil verilməsi barədə verdiyi müsahibədə səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir: “Belə ki, iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair sazişin tələblərinə uyğun olaraq Rusiya Federasiyasının müvafiq qurumundan German Sterliqovun ifadəsinin alınması xahiş olunub və müraciət təmin edilib”.

Qeyd edək ki, Dağlıq Qarabağa qeyri-qanuni səfər etmiş biznesmen German Sterliqov istintaqa ifadə verdiyini bildirib. O deyib ki, müstəntiqlərin verdiyi suallar əsasən Azərbaycan tərəfinin irəli sürdüyü ittihamlar və onun Bakıya təhvil verilməsi ilə bağlı olub.

“Müstəntiqlər mənə dedilər ki, Rusiya öz vətəndaşlarını heç bir ölkəyə təhvil vermir və ekstradisiyam barədə söhbət gedə bilməz”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Azərbaycan G. Sterliqovu bu ilin iyulun 28-də İnterpol xətti ilə axtarışa verib. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində “German Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri G. Sterliqov və digərlərinin Azərbaycanın dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçərək Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə gəlmələri və dövlət əleyhinə yönələn açıq çağırışlar etmə əməlləri üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb. İttiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 28 iyul 2015-ci il tarixdə G. Sterliqov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti