General rüşvət ittihamlarını rədd etdi

General rüşvət ittihamlarını rədd etdi
  04 Dekabr 2015    Oxunub:2886
“Beynəlxalq Transparency İnternational təşkilatı tərəfindən şübhə doğuran mənbələrə əsaslanaraq hazırlanan məruzədə Azərbaycanın müdafiə sektorunun guya “ən yüksək riskli korrupsiya” ilə üzləşməsinə dair çıxarılan nəticənin heç bir əsası yoxdur və bu məlumat adı çəkilən qurumun ölkəmizə qarşı qərəzli mövqedə olmasını açıq-aydın əks etdirir”.
Bunu AzVision.az-ın sorğusuna cavabında hərbi ekspert, keçmiş korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

O, qeyd edib ki, erməni lobbisi ilə sıx əməkdaşlıq edən və müxtəlif erməni təşkilatlarının maliyyə dəstəyindən məmnuniyyətlə bəhrələnən bir təşkilatın Azərbaycan haqqında böhtan xarakterli sənəd yayması heç də təəccüblü deyil:

“Özü korrupsiyaya qurşanmış bir təşkilatın müxtəlif ölkələrdə korrupsiya risklərindən danışması, onun yaydığı sənədi və təşkilatın şəffaf və ədalətli olmasını da şübhə altına alır. Azərbaycanda müdafiə sektorunda şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı üzrə tədbirlər həyata keçirilir. İlk növbədə hər iki planın Azərbaycan Respublikasının Silahlı Qüvvələrində icrasının təmin edilməsi barədə Müdafiə naziri tərəfindən müvafiq əmr verilərək tədbirlər planları təsdiq olunub. Eyni zamanda görülən işlər barədə Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabatlar təqdim edilir”.

Həmçinin hərbi ekspert bildirib ki, Müdafiə Nazirliyi öz fəaliyyəti haqqında xəbərləri mütəmadi olaraq nazirliyin rəsmi internet səhifəsinə yerləşdirməklə kütləvi informasiya vasitələrini və ictimaiyyəti ətraflı məlumatlandırır:

“Təəssüf doğuran odur ki, bəzi kütləvi informasiya vasitələri basda “Azadlıq” qəzeti və saytı olmaqla bu cür qərəzli məlumatları səxavətlə öz səhifələrində dərc edir, itkilərimizə sevinir, erməni saytlarının məlumatlarını tirajlayır. Əsası isə reallığı, yəni əldə edilən uğurları görmür, ya da ki, onlara sərf etmədiyi üçün görmək istəmirlər. Bir daha qeyd edək ki, xalqın gözü tərəzidir və son illər ictimai təşkilatlardan, vətəndaşlardan, əsgər valideynlərindən daxil olan minnətdarlıqla dolu on minlərlə yazılı müraciətlər Ali Baş Komandanın rəhbərliyi altında aparılan uğurlu ordu quruculugu prosesinin düz yolda, düz istiqamətdə olduğunu, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsinə xidmət etdiyinin əyani sübutudur”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti