Qasımdan sonrakı aralıq

Qasımdan sonrakı aralıq
  04 Dekabr 2015    Oxunub:3318
Mehman Muradlı

Türklər noyabr ayına `kasım` deyillər. Bizim dilə çevirəndə təxminən `Qasım` alınır. Kasım bilmirəm türklərdə kim olub, amma biz Qasımı “Kişi sözü” filmindən tanıyırıq. Təxminən “indi məni göstərəcəklər” və yaxud “Qasım gəlir, Qasım gəlir”.


Biz Qasıma film həsr edəndə türklər Kasıma mahnı bəstələdilər və Tual gözəl səsiylə “yenə aylardan kasım” oxudu.

Bizdə bu ilin kasımı çox gərgin keçdi. İllərə bərabər oldu builki Kasım. Nardaran hadisələri, şəhid polislər Kasım ayının reallığıdı.

Kasım ayının son günü mətbuat və cəmiyyət üçün nöqtəsini qoydu: Gəncədən seçilən millət vəkili Rəsulzadəni təhqir edib.

Məsələnin mahiyyətinə varmayacağam. Bunu buraxıram hərənin öz vicdanına. Deputat açıqlamasında belə bir hadisənin olmadığını dedi. İnanan inandı, açıqlamanı oxumaq istəməyən oxumadı. Hətta bəzi KİV nümayəndələri deputatın geri çağrılmasını tələb etməyə başladılar.

Mətbuatın qanunvericiliyi bilməməsi o qədər də qorxulu və fəsad törədəcək qədər deyil. Qorxulusu hüququnasların qanunvericiliyi bilməməsidir.

İşin maraqlı tərəfi isə bir neçə vəkilin Rəsulzadəni təhqitr edən deputatı məhkəməyə verməyə hazır olduqlarını bildirməsidir.

Mən də hüquqşunasam. Maraqlı gəldi ki, görən hörmətli vəkillər qanunvericiliyin hansı maddəsinə, hansı müddəasına istinad edib deputatı məhkəməyə verəcəklər?

Vəkillərin açıqlamalarını oxudum. Hüquqdan başqa açıqlamalarında hər şey var. Pafosdan tutmuş qanunvericiliyi bilməməyə qədər.

Fikirləşdim ki, yəqin hörmətli vəkillərin bildikləri elə maddə var ki, mən bilmirəm və praktikada istifadə etməmişəm. Məcburiyyət və maraq naminə mülki-prosessual qanunvericiliyi əlavə də dəyişikləriylə yenidən öyrəndim. Fikirləşdim ki, ola bilər, gözümdən yayınıb.

Mülki prosessual məcəllənin 477, mülki məcəllənin 1325 maddəsini əzbərlədim, Konstitusiya və ali məhkəmə plenumlarının qərarlarını oxudum, əfsuslar olsun, hörmətli vəkillərin iddia qaldıranda nəyə istinad edəcəklərini tapmadım.

Oxuduqca o qərara gəldim ki, əslində millət vəkili ona qarşı aparılan kampaniyaya görə məhkəməyə müraciət edə bilər. Hətta həmin vəkilləri də məhkəməyə çəkə bilər. Buna millət vəkilin tam hüququ da var.

Türklərdə aralıq ayı da var. Dekabra deyillər. Bəlkə bu aralıqdan istifadə edib, cəbhələşməyə nöqtə qoyaq?


Teqlər:  





Xəbər lenti