`Meydan`ın göstərdiyi və mənim gördüyüm

`Meydan`ın göstərdiyi və mənim gördüyüm
  18 Dekabr 2015    Oxunub:4873
Seymur Oruc

Meydan tv-nin 16 dekabr 2015 saat 16:24 tarixli paylaşımını təsadüfən sosial şəbəkədə görəndə bir anlıq məyusluq keçirdim. Çünki paylaşımda hazırda 4-cü kursunda oxuduğum Azərbaycan Memarlıq və İnşaat Universiteti haqqında bir məlumat və video yer almışdı.


Qəribədir ki, elə həmin günü “Qanun” nəşriyyatının universitetimizdə qurulmuş yarmarkasından kitab almışdım. Hər zaman və bütün dükanlarda qiymətinin 9 manat olduğunu bildiyim kitabı (Xalid Hüseyni - “Min Möhtəşəm Günəş”) “endirim” adı ilə 9.50-yə qaldırılıb, sonra “endirim” tətbiq edildiyini gördüyüm günün axşamı (yarmarka belə olmur!) “Qanun” Nəşriyyatının rəhbərinin Meydan tv-də paylaşılmış statını gördükdə qanım qaraldı. Xüsusən xəbərdə yanlışca, amma məncə bilərəkdən “prorektor” deyə təqdim edilmiş Aqşin Kərimovun pislənilməsini gördükdə.

Aqşin Kərimov o adam idi ki, həmin kitablar ora gətirildikdə necə canfəşanlıq göstərdiyini, hətta tələbələrdən də yardım etmələrini istədiyini öz gözlərimlə görmüşdüm. Əlbəttə, bu universitetdə oxuyan hər kəs kimi mən də bilirəm ki, Aqşin müəllim bir qədər sərt insandır, amma haqqın tərəfdarı olduğunu da bilirik.

Qısacası mən də bu universitetdə oxumasam, özünü “kitabın” və “mədəniyyətin” elçisi kimi göstərən “digərləri” kimi bu xəbərə hansısa rəy yazar, xüsusən də Aqşin müəllimi söyər və özümü böyük bir məğrurluqla, növbəti xəbərlərə rəy yazmağa hazır edərdim. Və əsla vəziyyətin əsli ilə maraqlanmazdım.

Hadisə necə göstərildi:

Əvvəlcə bizə Meydan tv hansı xəbəri təqdim edir, ona nəzər yetirək. Videoda (gizli çəkilmiş) Aqşin Kərimov görünür. Sərt və qınayıcı nitqi ilə “Qanun” nəşriyyatı əməkdaşlarının üzərinə “bağırır”. Dərhal kitabların yığışdırılmasını əmr edir. Hələ bu da az deyilmiş kimi, “kitabı siz satırsınız, pul sizə qalır. O, bizi maraqlandırmır” da deyir. Videodan aydın olur ki, Aqşin müəllim kitab düşməni, pul hərisi, qısacası, çox kobud biridir.

İndi isə bizim tanıdığımız Aqşin müəllim və hadisənin əsl şahidlərinin fikirlərini verək. Bunun üçün Aqşin Kərimovun özündən soruşmaq istədim, amma həmin gün (17 dekabr) universitetdə mərhum prorektorun 7-ci hüzür günü ilə bağlı ehsan verilirdi və buna görə müəllimi narahat etmədim. Əvəzində isə videonun sonunda olaya daxil olan və videonun çəkilişinin dayanmasına səbəb olan insandan – Bayram Aslanovdan – AzMİU Həmkarlar İttifaqı Sədrindən hadisə haqqında soruşdum.

Həqiqətə gəlincə:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Qanun nəşriyyatına müraciət edərək, bildirirlər ki, Qanun nəşriyyatı öz builki endirimli yarmarkalarından birini bizim universitetdə də keçirsin. Amma bu zaman universitet heyətimiz bilmirdi ki, “Qanun” nəşriyyatının “endirim” anlayışı çox fərqlidir.

Əlqərəz, “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu ali təhsil qurumunun rektoru səviyyəsində icazə alaraq öz yarmarkası üçün universitetə müraciət edir və qəbul olunur. İstək 11-12 dekabr tarixlərini əhatə edirdi. Amma daha sonra nəşriyyat universitetə müraciət edərək, tarixin dəyişdirilməsini xahiş edir və bu istəkləri də qəbul olunur.

15 və 16 dekabr tarixlərində yarmarka keçirmək üçün Nəşriyyat öz kitablarını universitetə gətirməyə başlayır. Ayın 14-ü mən öz gözlərimlə axşam Aqşin müəllimin hansı canfəşanlıqla yardım göstərdiyini gördüyümü az öncə qeyd etmişdim.

“Endirimli Yarmarka” başlayır. Hələ ilk gün nəşriyyatın işçilərinə iki istisna olmaqla, istənilən yerdə masalarını qurmağa tam hüquq verilir. Bu iki istisna yerdən biri Ulu Öndərin büstünün önü, digəri isə 7 gün öncə vəfat etmiş Fərhad Cəfərovun (Universitetin prorektorunun) anım guşəsinin önüdür. Bu xəbərdarlığı nəşriyyata universitetin Həmkarlar İttifaqının sədri cənab Bayram Aslanov özü etmişdi.

Nəşriyyat ilk gün öz masasını icazə verilən yerdə qurur. Amma ikinci gün heç kimdən ixtiyar almadan masasını onlara istisna olaraq göstərilmiş yerdə - mərhum Fərhad Cəfərovun və Ulu Öndər Heydər Əliyevin anım guşəsi önündə qurmuşdu. Video çəkilən an da, məhz Aqşin Kərimovun nəşriyyat işçilərinə “yığışdırın bunu buradan” dediyi andır.

Video sonda Bayram Aslanovun daxil olması ilə sona yetir və Bayram müəllim bu haqda videonun özündə də qeyd edir ki, “Mən sizə demişdim, burada quraşdırmaq olmaz”.

Yarmarkanın sonrakı taleyindən bixəbər olanlar üçün qeyd edim ki, nəşriyyat bundan sonra da satışa davam etdi. Və hətta ondan sonrakı gün də, nəşriyyatın müraciətilə yarmarkanın vaxtı uzadıldı və satış davam etdi.

Bu da Meydan Tv-nin obyektivində az qala canavara çevrilmiş Aqşin Kərimov və kitab düşməni Memarlıq və İnşaat universiteti...

Hələ sonda Universitetin öz imicinə zərbə vura biləcək dərəcədə ciddi olaya səbəb olan “gizli video çəkiliş” haqqında da Bayram Aslanovdan soruşdum (cinayət məcəlləsinə görə gizli çəkiliş qadağandır və sözügedən video çəkiliş üçün Memarlıq və İnşaat Universiteti və şəxsən Aqşin Kərimov məhkəməyə müraciət etmək hüququna malikdir). O isə gülərək keçdi. Zənnimcə Memarlıq və İnşaat Universitetinin bu videonu gizli çəkən və paylaşan insanlar səviyyəsinə enmək istəmədiyini göstərməyə çalışdı.

İndi sadəcə, məyusam. Nəşrlərinə xüsusi dəyər verdiyim, həqiqətən də Azərbaycanda kitaba yüksəliş gətirməyə nail olmuş bir nəşriyyatın və oxuduğum universitetin belə cılız bir məsələdə üz-üzə durmasından məyusam. Hadisəni araşdırmaq və ictimayətə paylaşmaq imkanına sahib biri olaraq susa bilməzdim. Bu, həm tələbə, həm də vətəndaşlıq borcum idi.

Bir məyusluğum da Meydan TV-yədir. Daha dəqiq desəm, jurnalist peşəsinə zidd olaraq dövlət əleyhinə az qala nə xəbər gördü paylaşan Meydan tv-nin bu qədər kütlə toplamasına səbəb olan xalqıma görə məyusam. Bundan sonra bu media orqanının paylaşdıqlarına necə inana bilərəm? Ya da mənə kim qarant verə bilər ki, bu zamana qədər paylaşılmış məlumatlar nə qədər həqiqətə uyğun idi?
Çox təəssüflər...


Teqlər:  





Xəbər lenti