General hesabat, nazir isə tapşırıq verdi

General hesabat, nazir isə tapşırıq verdi
  16 Yanvar 2016    Oxunub:4439
Yanvarın 16-da daxili işlər naziri Ramil Usubovun iştirakı ilə nazirliyin yeni istifadəyə verilmiş konfrans zalında 2015-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

AzVision.az xəbər verir ki, müşavirədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.

O, deyib ki, hesabat dövründə DYP hissələrinin, stasionar postların, patrul avtomobillərinin, qeydiyyat-imtahan məntəqələrinin və diaqnostika mərkəzinin “Mərkəzi informasiya sistemi”nə birbaşa inteqrasiyası başa çatıb, avtomobil yollarında foto-video qeydiyyat funksiyalı texniki vasitələrlə yol hərəkətinə nəzarət sahəsi genişləndirilib, şəhərlərarası avtomobil yollarında 154 nöqtədə 206 radar, 175 nöqtədə 595 ədəd videokamera quraşdırlıb.

İnzibati xəta törətmiş şəxslərə özlərinin iştirakı olmadan elektron protokolların tərtib edilməsi və inzibati protokolların bort kompyuterlərdə yazılması, icraatının aparılması, müvafiq məlumatların dərhal “Asan xidmət” mərkəzinə ötürülməsi, vətəndaşlara SMS məlumatların göndərilməsi, habelə barələrində olan inzibati protokollar, cərimlər, qərarlar və s. haqqında onların internet vasitəsilə məlumat ala bilmələri üçün şərait yaradılıb. Eləcə də, ölkə ərazisinə idxal edilən nəqliyyat vasitələrinin dövlət qeydiyyatı ilə əlaqədar prosedurların «bir pəncərə» prinsipi əsasında həyata keçirilməsi təmin edilib. Hesabat dövründə 32.721 avtomobil ilkin qeydiyyata alınıb, respublikanın avtomobil parkının sayı 1 milyon 338 mindən artıq olub.

2015-ci il ərzində vətəndaşlara 50.977 sürücülük vəsiqəsi verilib. Həmçinin, nəqliyyat vasitələrinin 63,8 faizi texniki baxışdan keçirilib.

Nazirliyin rəhbərliyinin tapşırığına əsasən, şəxsi heyətin səmərəli fəaliyyətinin təmin olunması üzrə işlər davam etdirilib, idarəçilik və təşkilatçılıq işinin yaxşılaşdırılması, şəxsi heyətin professional səviyyəsinin artırılması, qanunçuluğun, o cümlədən insan hüquq və azadlıqlarının qorunması, xidməti, icra və uçot-qeydiyyat intizamına riayət edilməsinin vəziyyəti ciddi nəzarətdə saxlanılıb. Qanunvericiliyə edilmiş son dəyişikliklərdən, digər aidiyyəti normativ-hüquqi aktlardan irəli gələn vəzifələrin düzgün icrası, qarşıya qoyulan tələblərin hər bir əməkdaşa çatdırılması təmin olunub.

Ötən il yol hərəkətinin təşkilinin təkmilləşdirilməsi və yol hərəkəti təhlükəsizliyinin təbliği məsələləri fəaliyyətin prioritet istiqamətlərinə aid edilməklə bu sahədə də bir sıra tədbirlər həyata keçirilib. Belə ki, yol sahələrində 100 svetofor obyekti quraşdırılıb, 25,7 mindən artıq yol nişanı qoyulub və ya yenisi ilə əvəz edilib. Kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə əhali arasında geniş izahat işləri davam etdirilib, televiziya kanallarında mütəmadi olaraq hadisələrin baş verməsinə səbəb olan qayda pozuntularının izahına dair sujetlər yayımlanıb, respublika ərazisində hərəkətin təhlükəsizliyi həftəlikləri və aylıqları keçirilib.

Dövlət yol polisinin əməkdaşları tərəfindən 2015-ci il ərzində 2,5 milyondan çox yol hərəkəti qayda pozuntusu aşkarlanıb, 4 min 241 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.

Avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı ilə axtarışda olan 40 şəxs və 47 avtomobil saxlanılıb, aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 736 fakt və 71 saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına verilib. İl ərzində Baş İdarəyə 196 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 130-u tapılıb.

Məruzəçi onu da qeyd edib ki, həyata keçirilmiş tədbirlər, o cümlədən yol hərəkəti əleyhinə olan inzabati xətaların qarşısının alınması işinin gücləndirilməsi, bu sahədə, bir tərəfdən vətəndaşların maarifləndirilməsi nəticəsində onlarda qanuna hörmət hissinin daha da artması, digər tərəfdən, inzibati məsuliyyət tədbirlərinin təkmilləşdirilməsi öz müsbət nəticələrini verib. Ümumilikdə, yol-nəqliyyat hadisələrinin, eləcə də qəzalarda həlak olan və yaralananların sayında nəzərəçarpacaq azalma qeydə alınıb. Belə ki, ötən il ərzində respublika ərazisində 2220 yol-nəqliyyat hadisəsi (YNH) qeydə alınıb, nəticədə 894 nəfər həlak olmuş, 2265 nəfər yaralanmışdır. 2014-cü illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 15,7 faiz, həlak olanların sayı 20,5 faiz, yaralananların sayı isə 15,4 faiz azalıb.

Bildirilib ki, respublika üzrə qeydə alınmış YNH-lərin 94,5 faizi (2098) sürücülərin yol hərəkəti qaydalarını pozmaları, o cümlədən 36,9 faizi (821) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 27,4 faizi (609) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 9,5 faizi (212) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,4 faizi (53) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Hadisələrin 41,6 faizini (923) piyadaların vurulması təşkil edib, nəticədə 333 piyada həlak olub, 673-ü yaralanıb. Piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində 65 yol-nəqliyyat hadisəsi baş verib.

DYP əməkdaşları tərəfindən 3 avtomat, 10 avtomat darağı, 389 müxtəlif kalibrli döyüş patronu, 3 tüfəng, 2 əl qumbarası aşkar edilərək istintaq orqanlarına təhvil verilib, axtarışda olan 19 nəfər yaxalanıb, polisin digər xidmətləri ilə birgə 79 kiloqramdan çox narkotik vasitə götürülüb.

Müşavirədə çıxış edənlər görülmüş işlərdən, yol verilmiş nöqsanlardan və onların aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən danışıblar.

Müşavirəyə yekun vuran nazir Ramil Usubov DYP xidmətinin ötənilki fəaliyyətinin nəticələrini ümumən müsbət qiymətləndirib, qarşıda çox mühüm vəzifələrin durduğunu bildirib, onların həlli üçün konkret tapşırıq və tövsiyələrini verib, hər bir əməkdaşın vəzifə borcunun öz xidməti funksiyalarını layiqincə yerinə yetirmək, fəaliyyətin bütün sahələrində işlərin uğurlu getməsi üçün peşəkarlığın ən vacib amil olduğunu xatırladıb, eyni zamanda, əldə edilmiş müsbət nəticələrdən arxayınlaşmamağı, daha məsuliyyətlə xidmət aparılmasını tələb edib.

Ramil Usubov müasir dövrdə qanunvericilik aktlarının çox dinamik olduğunu, yeni ictimai münasibətlərin tənzimlənməsi baxımından vaxtaşırı dəyişikliyə məruz qaldığını xatırladaraq, onların dərindən öyrənilməsinin, praktikada düzgün tətbiq etməyin vacibliyini və zəruri hallarda vətəndaşlara izah etmək bacarığının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Nazir qəzaların baş verməsinə birbaşa təsir göstərən sürət həddinin aşılması, ötmə qaydalarının pozulması, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması və digər inzibati xətaların aşkarlanmasının daha da gücləndirilməsinin, həmin məsələlərlə bağlı aidiyyəti ərazi polis orqanlarına əməli köməklik göstərilməsinin, yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində əhalinin maarifləndirilməsi məsələsinə xüsusi diqqət yetirilməsinin, təhsil müəssisələrində təbliğat işlərinin, habelə, hadisələrin və onların hüquqi nəticələrinin kütləvi informasiya vasitələrində, xüsusən, televiziya kanallarında davamlı olaraq işıqlandırılmasının, yol polisi əməkdaşlarının qanunla müəyyən edilmiş səlahiyyətlərini qanunvericiliyə tam uyğun həyata keçirmələrinin əhəmiyyətini vurğulayıb.

Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütün şəraitin yaradıldığını, şəxsi heyətin böyük qayğı ilə əhatə olunduğunu nəzərə çatdıran daxili işlər naziri ölkə başçısının bu ali diqqətinə və etimadına cavab olaraq hər bir əməkdaşın üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə, xidmətdə, həmçinin, xidmətdənkənar vaxtlarda başqalarına nümunə olacağına, qazanılmış uğurlardan arxayınlaşmayaraq xalqa və dövlətə bundan sonra da şərəflə xidmət edəcəyinə əminliyini bildirib.

Tədbirin sonunda nazir R.Usubov tərəfindən ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup əməkdaşa mükafatlar təqdim olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti