`Rasimin ölümündə günahkar həkimdir` - Məhkəmə prosesi
Arif Əliyevin vəkili Fəxrəddin Əliyev çıxış edərək müdafiə etdiyi şəxsə verilən ittihamı əsassız adlandırıb: “İttihamda qeyd edilib ki, Arif Əliyev Rasim Əliyevi ağır iztirablar verməklə qətlə yetirib. Bir necə saniyə davam edən hadisə zamanı necə ağır iztirablarla cinayət törədilə bilər. Bu, mümkün deyil. Arif Əliyev Rasim Əliyevə yalnız bir təpik vurub. Eyni zamanda ittihamda bildirilir ki, Rasim Əliyevin 406 manat dəyərində mobil telefonu oğurlanıb. Yalandır. Çünki, hadisə zamanı telefon yerə düşüb və götürülüb. Bundan başqa kim bu dəymiş zərərin ödənilməsini tələb edib? Heç kim”.
Vəkil həmçinin bildirib ki, Rasim Əliyevin ölümündə həkim səhlənkarlığı əsas rol oynayıb: “Cinayət işində həkim səhlənkarlığı var. Çünki, Rasim Əliyev xəstəxanada olarkən mətbuata açıqlamalar verib. Ancaq, sonradan qəfildən halı pisləşib və vəfat edib. Burada həkimlərin məsuliyyəti var. Hesab edirəm ki, həkimlərin cinayət məsuliyyətinə cəlb olunması üçün sənədlər Baş Prokurorluğa göndərilməlidir və Arif Əliyevə Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə bəraət verilməlidir”.
Cinayət işində təqsirləndirilən Samir Mustafayevin vəkilləri Ruslan Həsənov və Bəxtiyar Hacıyev də çıxışlarında həkim məsuliyətsizliyinin olduğunu vurğulayıblar və S. Mustafayev barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.
Sonda təqsirləndirilən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxsin heç kimi vurmadığını və cinayətdə iştirak etmədiyini bildirib. O, K. Mədətovun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin 307.1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş edib.
Məhkəmə prosesi martın 10-da davam edəcək.
Xatırladaq ki, dövlət ittihamçısı Elşən İsmayılov və Arif Babayevə 14 il, Camal Məmmədova 12 il, Kənan Mədətov və Samir Mustafayevə 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası tələb edib.
Elvin Abdulqədirov
AzVision.az