Ölkənin məşhur regional saytı dayana bilər

Ölkənin məşhur regional saytı dayana bilər
  07 Mart 2016    Oxunub:1942
Sumqayıtda fəaliyyət göstərən `xeberle.com` saytı bağlanmaq təhlükəsilə üzləşib.

Saytın təsisçilərinin yaydığı açıqlamada bildirilir ki, yaxın vaxtlarda media orqanı fəaliyyətini dayandıra bilər: "Artıq 4 ildir ki, xeberle.com Sumqayıt şəhərinin ictimai-sosial, siyasi, mədəni həyatında baş verən hadisələri dolğun və operativ şəkildə oxucularına çatdırır, baş verən nöqsanları göstərir. Eyni zamanda portalın təsisçiləri tərəfindən ötən ilin aprel ayında Sumqayıt TV (www.sumqayit.tv) adlı onlayn televiziya yaradılıb. 6 ay fəaliyyət göstərən Sumqayıtın ilk internet televiziyası müvəqqəti olaraq fəaliyyətini dayandırmalı olub. Sayt hazırda ciddi maliyyə böhranı keçirir. Bu da fəaliyyətimizə, birbaşa işimizin keyfiyyətinə mənfi təsir göstərməkdə davam edir. Artıq saytın fəaliyyətini əvvəlki kimi davam etdirmək gücündə deyilik. Saytda çalışan işçilər ixtisar edilib. Belə davam edərsə, yaxın zamanlarda fəaliyyətini tamamilə dayandıra bilər”.

Saytın təsisçiləri qazandıqları uğurların əsasında oxucu rəğbətinin durduğunu vurğulayıb və sadiq, imkanlı oxuculardan dəstək istəyiblər: "Hər zaman bizi izləyən sumqayıtlılara, daim bizə dəyər verən oxucularımıza təşəkkür edirik. Yaxşı dərk edirik ki, bu gün qazandığımız uğurlara görə onlara borcluyuq. Bu illər ərzində bir sıra problemləri işıqlandırmışıq ki, sonradan öz həllini tapıb. Ölkənin ən iri KİV-ləri Sumqayıtla bağlı xəbərləri məhz portalımıza istinad edərək veriblər. İstərdik ki, Sumqayıt uğrunda fəaliyyətimizi bundan sonra da uğurla davam etdirək. Amma hazırda düşdüyümüz çətin vəziyyətdən çıxış yolunu yalnız sadiq, imkanlı oxucularımızın bizə yardım etməsində görürük. Biz birlikdə güclüyük”.


Teqlər:





Xəbər lenti