`Mahir` oğrular tutulub - Video
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə sakinləri 31 yaşlı Nizami Zeynalov və 28 yaşlı Həsən Oktyabrskiy son bir neçə ay ərzində təkcə Şəmkir rayonu ərazisində arda-arda bir neçə oğurluq törədiblər. Əvvəlcə müxtəlif şəxslərə məxsus fərdi təsərrüfatlarda ev quşlarını oğurlayan həmin şəxslər sonradan subartezian quyularının kabellərini talayaraq Gəncə şəhərində satıblar.
Sonuncu dəfə isə onlar Şəmkir sakini Azad Hüseynova məxsus "KamAZ" markalı yük avtomobilinin 2 ədəd akkumulyatorunu oğurluq yolu ilə ələ keçiriblər.
Müstəntiq Taleh Şamilov deyib ki, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Zeynalov Nizami Abdulrəhim oğlu və 1998-ci il təvəllüdlü Oktyabrskiy Həsən Vasiliyi oğlu şübhəli şəxs qismində saxlanılıb. Aparılan araşdırma zamanı həmin şəxslərin Şəmkir rayonu ərazisində daha bir neçə oğurluq cinayəti törətməsi müəyyən edilib.
İlkin istintaq zamanı məlum olub ki, Nizami Zeynalov və Həsən Oktyabrskiy Şəmkirlə yanaşı, Gəncə şəhəri və Samux rayonunda da oxşar cinayətlər törədiblər. Hələlik onların bir şəhər və iki rayonda 40-dan çox oğurluq etdikləri məlum olub.
Saxlanılan Nizami Zeynalov isə: `Birinci Gəncədən akkummulyator aparmışıq. Sonra Samuxda, sonra isə Şəmkirdən akkummulyator və kabel aparmışıq. Götürdüklərimizin hamısını satmışıq` - deyə əlavə edib.
Həsən Oktyabrskiy isə oğurluq təklifinin Nizamidən gəldiyini və əməlinə görə peşman olduğunu deyib. Saxlanılan şəxs əlavə edib ki, oğurluqların bir çoxunda onun əli olmayıb. Həsən Oktyabrskiy - saxlanılan şəxs: "Mən bununla iki dəfə traktordan oğurluq etmişik. Bir dəfə də artezian olub. Deyib mənə kömək elə, sənlik heç nə olmayacaq. Satışının da çoxunu özü təşkil edib".
Faktlarla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır. Zərərçəkənlərin dəqiq sayı müəyyənləşdirilir.