22 yaşlı qız niyə itkin düşüb? - Şok təfərrüat

22 yaşlı qız niyə itkin düşüb? - Şok təfərrüat
  29 Mart 2016    Oxunub:22457
Xəbər verdiyimiz kimi, İsmayıllı şəhər sakini, 09.05.1994-cü il təvəllüdlü Məmmədli Nigar Əkbər qızı bu il martın 7-də, saat 15 radələrində yaşadığı evdən xəbərsiz çıxaraq gedib, bir daha geri qayıtmayıb.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb və onun tapılması üçün axtarış aparılır.

AzVision.az N.Məmmədlinin ailəsi ilə əlaqə saxlayaraq, onun itkin düşmə səbəblərini araşdırmağa çalışıb.

Ailəsindən verilən məlumata görə, N.Məmmədlinin evdən qaçması üçün ciddi əsas olmayıb.

“Nigarın səhhətində problemi yox idi. İndiyə kimi heç vaxt evi tərk etməmişdi. Nədən bu addımı atıb, onu buna nə vadar edib, bu sualların cavabını biz özümüz də bilmirik”-deyə bildirilib.

Ailə Nigarın evdə problem yaşamadığını desə də, sözsüz ki, onun evdən çıxaraq geri qayıtmamasının səbəbi var.

Qardaşı N.Məmmədlinin itkin düşməsinə hiddətlənib. O, bacısının bundan sonra sağ-salamat evə qayıtmasını istəmədiyini deyib.

“Biz onun sağ-salamat tapılmasını istəmirik. Onun bundan sonra yaşaması bizim üçün vacib deyil. Biz yaxşı bilirik ki, o sağdır, haradasa gizlənib. Polis də bilir ki, ona heç nə olmayıb. Çünki bir həftə öncə onunla görüşmüşdük. Hamı bizə zəng edib, onun yerini soruşur. Bu məsələni yalnız ailəmiz bilirdi. Məlumat mətbuatda yayılandan sonra hər kəs bu haqda danışır.

Onun heç bir psixoloji problemi yox idi. Normal insan idi. Hazırda axtarışlar gedir. İş polisin nəzarətindədir. Bundan sonra onun tapılması bizə maraqlı deyil”.

Qonşularının fikrincə, N.Məmmədli çox güman ki, sevdiyi şəxslə qaçıb. O, qorxduğundan ailəsinə bunu bildirməyib.

“Nigar yaxşı qızdır. Onun son günlər ailəsində problemlər yaşanırdı. Bizdə olan məlumata görə, o, sevdiyi oğlanla qaçıb. Ailəsi bunu qəbul etmir, buna görə polisə şikayət edilib”.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Nigar Məmmədli itkin düşüb. Onun xarakterik əlamətləri belədir:

-Boyu 157 santimetr, gözlərinin rəngi yaşıl, qara düz uzun saçlı, sifəti yumrudur.

Evdən çıxan zaman əynində qara rəngli qış gödəkçəsi, göy rəngli cins şalvar, ayağında isə qara çəkmə olub.

Nigar Məmmədlini görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (050) 280-45-00, (055) 513-37-13 nömrəli mobil və (0178) 5-44-87, 5-55-11 nömrəli telefonlara zəng vuraraq bu barədə İsmayıllı RPŞ-nin Növbətçi hissəsinə xəbər vermələri xahiş olunur.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti