Cəbhədə həlak olan şəxs müfəttiş işləyirmiş - VİDEO

Cəbhədə həlak olan şəxs müfəttiş işləyirmiş  - VİDEO
  03 Aprel 2016    Oxunub:8952
Ötən gün cəhbəyə yardım aparan Gəncə sakinlərindən biri ölüb, digəri isə yaralanıb. Həlak olan şəxs Gəncə şəhər Memarlıq İdarəsinin müfəttişi vəzifəsində çalışıb.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, dünən axşam saatlarında Tərtər rayonuna öz şəxsi avtomobilləri ilə yardım aparan Gəncə sakinləri, ermənilərin atdığı ağır artilleriyaya tuş gəlib. Şəhərin Sadıllı yaşayış massivində Hüseynbəy Ağayev küçəsində yaşayan 26 yaşlı Fərman Əsədli və onun qaynı Sadiq Əliyev ermənilərin cəbhədə fəallaşdığını və mülki vətəndaşların gülləbaran olduğunu eşidib. Onlar dərhal səhər saat 10 radələrində özləri ilə ərzaq, eləcə də su götürərək hadisə yerinə yollanıblar.

Elçin Əsədli- mərhumun atası: “Yeznə-qayın bu hadisəni eşidən kimi məlumat vermədən gediblər. Mən özüm də üç rayonda hərbi komissar işləmişəm. O, ailədən götürdüyü tərbiyə, təlim və qanında axan azərbaycanlı qanını bildirmək üçün gedib. Onun qüruru mənə qürur gətirdi. Təbii ki, bu, belə də olmalı idi. Vətənin mövcud vəziyyətində bu addımı atmalı idi. Yaxşı bir söz var: “Vətən sağ olsun!” Millətimizə səbr diləyirəm ki, axırı aydınlıq olsun. Ali baş komandanımızın hər hansı göstərişindən asılı olaraq, müsəlləh əsgərik. Mən özüm polkovnikəm və bugünkü gündə hazıram, qulluğumda, xidmətimdə davam edəm. Qələbə, qələbə, qələbə!”

Verilən məlumata görə, Fərman və Sadiq qızğın döyüşlərin getdiyi ərazilərin yaxınlığında - saat 16 radələrində ermənilərin atdığı mərminin avtomobilin yaxınlığında partlaması nəticəsində yaralanıblar. Hər iki yaralı özləri Tərtər rayon Mərkəzi Xəstəxanasına gəlsə də, Fərman Əsədli xəstəxanada dünyasını dəyişib.

İlham Qasımov- mərhumun iş yoldaşı, dostu: “Axşam saat 8 idi, zəng gəldi. Dedi ki, nəyisən, dedim ki, dostuyam, ailəvi gediş-gəlişimiz var, nə isə problem varsa de. Dedi ki, Sadiq yaralıdır. Saat 10-na işləmiş Tərtərə çatdıq, biz çatanda Fərman rəhmətə getmişdi”.

Sadir Ağakiyev- mərhumun iş yoldaşı, dostu: “Mənimlə yeznəsi danışmışdı, demişdi ki, ayağından yaralanıb, gəlmək lazımdır. Axşam saat 10-da zəng etdim, getdik ora, dedikilər ki, reanimasiyadadır. Baxdım ki, vəfat edib. Çox mərd, vətənpərvər oğlan idi. Dəfələrlə deyirdi ki, müharibə başlasa çəkinmədən, qorxmadan müharibəyə getmək lazımdır, müharibədə də qələbə çalmaq lazımdır. Allah rəhmət eləsin!”

Fərman Əsədli Samux rayonunun Sərkar kənd qəbiristanlığında, yaxınlarının yanında dəfn olunub. Ailəli olan Fərmanın 2 yaşlı bir qızı var.

Yaxınları yaralanan Sadiq Əliyevin isə vəziyyətinin ağır olduğunu bildirirlər.



AzVision.az


Teqlər:  





Xəbər lenti