`Əmr verməyinizi xahiş edirik...` -Prezidentə müraciətlər
Tək Azərbaycanda yaşayanlar deyil, Türkiyədən, Rusiyadan, Almaniyadan, Şotlandiyadan olan insanlar Azərbaycan prezidentinin saytına məktub ünvanlayaraq döyüşə getmək istədiklərini deyiblər.
AzVision.az onlardan bir neçəsinin müraciətini çatdırır:
Halis Ərdoğan,Sivas,Türkiyə
Hörmətli cənab Prezident.
Ermənistan hərbi birləşmələrinin təxribatlarına qarşı Azərbaycan Silahlı Qüvvələrinin apardığı uğurlu hərbi əməliyyat zamanı şəhid olan qardaşlarımızla əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət etsin. Qardaş ölkəmiz olan Azərbaycanın hər zaman yanındayıq.
Mən Tiflis şəhərində yaşayıram. Tiflisdən gəlib cəbhədə olan qardaşlarıma qoşularaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmək üçün əmrinizi gözləyirəm. Bunu tam səmimiyyətimlə yazıram. Biz Sizi çox sevir, Sizə inanırıq. Allah köməyiniz olsun.
Emil Cabbarov, Moskva, Rusiya
Hörmətli cənab Prezident.
Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təcavüzlə əlaqədar məni – Rusiya Federasiyasının vətəndaşı Cabbarov Emil Bəyoğlanoviçi hərbi xidmətə çağırmağın mümkünlüyü məsələsinə baxmağınızı xahiş edirəm. Mənim buna haqqım var, çünki Azərbaycan mənim və valideynlərimin tarixi Vətənidir.
Mehparə Məmmədova, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində etdiyiniz möhtəşəm çıxışınızı dinləyərkən sevinc göz yaşlarımı saxlaya bilmədim. Dövlətinə, xalqına bağlı, vətənini sevən və qoruyan Prezidentim qarşınızda baş əyirəm. Allah sizi qorusun!
Samiq Bağırlı, Ağdam, Azərbaycan
Cənab Ali Baş Komandan.
Allah-Təala Sizi heç vaxt başımız üzərindən əskik etməsin, Sizi və Ordumuzu qorusun. Son vaxtlar cəbhədə Ordumuzun əldə etdiyi qələbələr, ələ keçirdiyi strateji mövqelər münasibətilə Sizi təbrik edirəm.
Hazırda biz hadisələri cəbhədən kənarda izləyirik. Amma hər an əldə silah Vətənimizin müdafiəsinə, əsgər qardaşlarımıza kömək etməyə hazırıq. Biz daim Sizin yanınızdayıq, Sizi dəstəkləyirik.
Abzər Əbilov, Bakı, Azərbaycan
Cənab Ali Baş Komandan,
Son günlər Azərbaycan Ordusunun davamlı zərbələri nəticəsində bir sıra yaşayış məntəqələrimiz azad olundu. Düşmən hələ də təslim olmaq istəmir. Sizə müraciət edərək, bizlərin - keçmiş Qarabağ müharibəsi iştirakçılarının, ehtiyatda olan zabitlərin səfərbər olunması, komplektləşdirilməsi, ön cəbhəyə yola salınması üçün əmr verməyinizi xahiş edirik. Aramızda ixtisaslı hərbi mütəxəssislər, döyüşçülər, tibb işçiləri var. Bu insanların uzun illər hərbi sahədə olan bilik və bacarıqlarından istifadə olunması üçün göstəriş verin. Komplektləşdirilmə zamanı verilən əmrlərə dəqiqliklə əməl edəcəyimizə söz veririk. Vətən Sağ olsun!
Ahmet Öztürk, Çanaqqala, Türkiyə
Möhtərəm cənab Prezident.
Mən hərbiçiyəm. Hər zaman azərbaycanlı qardaşlarımla birlikdə çiyin-çiyinə döyüşməyə, bildiklərimi onlara da öyrətməyə canla-başla hazıram. Qardaş Azərbaycana haqq işində zəfərlər diləyirəm.
Menderes Çağlayan, Köln, Almaniya
Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyev.
Mən Almaniyada yaşayan türkəm. Ermənilərlə döyüşlərdə şəhid olan Azərbaycan əsgərlərinin yeri mütləq cənnətdədir. Qardaş Azərbaycan xalqının başı sağ olsun. Azərbaycan Ordusuna yeni qələbələr arzu edirəm. Qardaş ölkənin torpaqlarının işğaldan azad olunacağı gün uzaqda deyil. Bunu Siz edəcəksiniz. Sizə uğurlar olsun. Sizi çox sevirik.