`Süpürgəçi vergi verir amma müğənnilər yox` - Nazir müavini

`Süpürgəçi vergi verir amma müğənnilər yox` - Nazir müavini
  06 Aprel 2016    Oxunub:2592
“Büdcənin gəlir hissəsinin təmin olunmasında qeyri-neft sektorunun payı yüksəkdir”.
AzVision.az xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib. Nazir müavininin sözlərinə görə, bu ilin 3 ayı ərzində qeyri-neft sektorundan daxilolmaların payı 78,5 faiz təşkil edib. Yalnız 22,5 faizi neft sektorundan daxilolmaların payına düşüb: “Proqnozlara görə, bu ilin sonuna neft sektorundan daxilolmalar cəmi 23 faiz təşkil edəcək”.

S. Ələkbərov əlavə edib ki, cari ilin I rübündə Vergilər Nazirliyi dövlət büdcəsinin icrası ilə bağlı proqnoz tapşırığa 101,4 faiz əməl edib. Azərbaycanda aparılmış vergi yoxlamalarının 99 faizində vergidən yayınma halının aşkar edildiyini deyən S.Ələkbərov qeyd edib ki, neft sahəsi şəffaf sahədir və orada vergidən yayınma halları yoxdur:

"Neft sektorunda büdcəyə 100 milyon manatdan çox vergi hesblanıb və bu məbləğ tam həcmdə ödənilib. Lakin ticarət və ictimai iaşə sahəsində vergi toplamaları dəfələrlə çox olmalıdır, amma yayınmalar da çoxdur".

Sahib Ələkbərov əlavə edib ki, Azərbaycanda vergi sahəsində ən böyük problem vergi mədəniyyətinin olmamasıdır:

`Ticarət, ictimai iaşə, tikinti sahəsində vergidən yayınma halları çoxdur. Bizim hesablamalarımıza görə, bu sahələrdə yayınma faizlə yox, dəfələrlə çoxdur. Şou-biznes nümayəndələri, böyük məbləğ müqabilində toya gedən müğənnilər 50 manat vergi ödəyir. Amma səhər tezdən küçələri süpürən və bunun müqabilində 300 manat məvacib alan süpürgəçi axır qəpiyinədək vergi ödəyir.

Ay ərzində 10 toya gedən, yüksək gəlir əldə edən vergi ödəmək istəmir. Xeyir ola?! Aparılan maarifləndirmə işlərindən sonra ötən ilin dekabrında şou-biznes nümayəndələri tərəfindən ödənilən verginin ümumi məbləği dəfələrlə artıb. Bu ilin birinci rübündə də bu sahədə artım var`.

Şəhanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti