Sim-Sim abunəçiləri `Asan İmza`dan istifadə edə biləcək

Sim-Sim abunəçiləri `Asan İmza`dan istifadə edə biləcək
  18 Aprel 2016    Oxunub:1627
Ölkənin aparıcı mobil rabitə operatoru Azercell Telekom şirkətinin fakturasız xətt (Sim-Sim) abunəçiləri artıq öz nömrələrində “Asan İmza” mobil elektron imza xidmətini aktivləşdirə bilər. Bununla da, həmin abunəçilər elektron xidmətlərin istifadəsində və sənədləri elektron şəkildə imzalamaq məqsədilə “Asan İmza” xidmətinin təqdim etdiyi imkanlardan yararlana biləcək.

Qeyd edək ki, bu yeniliyin tətbiqi fakturasız xətt abunəçilərinin rahatlığına xidmət edəcək. Belə ki, əvvəllər Asan İmzadan istifadə etmək üçün fakturasız xətt abunəçiləri mütləq qaydada fakturalı xətt nömrəsi əldə etmək və ya mövcud nömrəsini fakturalı xəttə keçirmək məcburiyyətində idilər, bu da Asan İmza xidmətinin istifadəçilər üçün əlçatan olmasında müəyyən çətinliklər yaradırdı. Artıq hər bir Azercell abunəçisi heç bir məhdudiyyət olmadan öz mobil nömrəsində “Asan İmza” mobil elektron imza xidmətini aktivləşdirə və bununla da ölkədə mövcud olan 500-dən artıq dövlət və özəl elektron xidmətlərindən asanlıqla istifadə edə bilər.

“Asan İmza” mobil elektron imzası – mobil telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi və elektron imza vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. “Asan İmza” texnologiyasını önə çıxaran başlıca cəhət smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir. Ətraflı məlumat üçün: www.asanimza.az
“Asan İmza” sertifikatları Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradılmış və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində akkreditasiyadan keçmiş ASXM dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə təkmil sertifikatlar təqdim etmək hüququna malikdir. Ətraflı məlumat üçün: www.asxm.gov.az


Teqlər:





Xəbər lenti