Nazir Doha görüşünün uğursuzluğunun səbəbini açıqladı

Nazir Doha görüşünün uğursuzluğunun səbəbini açıqladı
  19 Aprel 2016    Oxunub:2374
Doha (Qətər) görüşünün uğurla nəticələnməsinə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) daxilindəki ziddiyyətlər mane olub.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev OPEC-in üzv və qeyri-üzv ölkələrinin aprelin 17-də Dohada keçirilən görüşünün yekunlarını qiymətləndirərkən deyib.

Nazirin sözlərinə görə, dünya bazarında neftin qiymətini sabitləşdirmək məqsədilə Dohada imzalanacağı planlaşdırılan saziş hasilat həcminin oktyabradək 2016-cı ilin yanvar səviyyəsində saxlanmasını nəzərdə tuturdu. Belə bir sənədin qəbulu həm OPEC-ə üzv, həm də qeyri-üzv ölkələr üçün ciddi siqnal ola bilərdi. Görüşə dəvət edilən istehsalçı və ixracatçı ölkələrə təqdim edilən saziş layihəsində iştirakçıların neft qiymətlərinin bundan sonra da düşməsinin qarşısını almaq məqsədilə hasilatı dondurmaqla bağlı razılaşdıqları, bu qərarı qəbul edən ölkələrin götürdüyü öhdəliklərə sadiqliyinə nəzarət edilməsi və digər ölkələrin də bu prosesə cəlb olunması istiqamətində tədbirlərin görülməsi ilə əlaqədar yüksək səviyyədə Monitorinq Komitəsinin yaradılması, sənədin qüvvəyə minməsindən sonra neft bazarında yarana biləcək dəyişiklikləri təhlil etmək üçün işçi qruplarının formalaşdırılması və s. məqamlar əksini tapıb.

"Bizə təqdim edilmiş, razılaşdırılmış və müzakirəyə çıxarılacaq layihə bundan ibarət olsa da, elə aprelin 16-da OPEC üzvləri - Səudiyyə Ərəbistanı, Rusiya, Qətər və Venesuela təmsilçiləri arasında görüşdən sonra səsləndirilən bəyanatların məzmunu, üstəlik sammitin S.Ərəbistanı, Qətər və İran hökumətləri ilə məsləhətləşmələrin aparılması səbəbindən 6 saat gecikmə ilə başlaması Doha görüşünə olan ümidlərin artıq özünü doğrultmayacağından xəbər verirdi. Toplantıda iştirakçılara yeni saziş layihəsinin təqdim olunması isə bunu bir daha təsdiqlədi", - deyə nazir qeyd edib.

N.Əliyevin sözlərinə görə, layihənin yeni variantında OPEC üzvü olan bütün dövlətlərin neft hasilatını “dondurmaq” haqqındakı razılaşma sənədini imzalamasının mütləqliyi, yalnız bundan sonra sazişin işlək sayılacağı vurğulanıb. S.Ərəbistanının nümayiş etdirdiyi belə bir mövqe iştirakçı ölkələrin narazılığı ilə qarşılanıb. Neft hasilatının sabit səviyyədə saxlanması təklifinin təşəbbüskarı, Rusiyanın energetika naziri Aleksandr Novak “toplantıya müzakirəyə yox, imzalamağa gəlmişik” deyə etiraz edib.

Gərgin keçən iclasda ziddiyyətlər özünü hasilatın hansı səviyyədə saxlanmasına dair aparılan müzakirələrdə də göstərib. Belə ki, hasilatın yanvar, mart, hətta 3 aylıq götəricilərə uğun səviyyədə dondurulması təklifləri səsləndirilib. Lakin ümumi razılaşma əldə edilmədiyindən neft hasilatçılarının vaxta ehtiyacının olması nəzərə alınaraq növbəti görüşün iyunda keçirilməsi qərara alınıb.

N.Əliyev hesab edir ki, razılaşma əldə olunsaydı, bu, OPEC üzvü və qeyri-üzv ölkələrin ümumi məqsədlər naminə bir araya gələrək, əməkdaşlıq etməsi baxımından Kartel tarixinə yazılacaq ilk görüş olacaqdı. Gündəlik hasilatı 97 mln. barel olan, dünya hasilatının 1/3-nə nəzarət edən OPEC neftin qiymətinin tənzimlənməsində həlledici mövqe nümayiş etdirməklə, digər neft hasilatçılarının, o cümlədən Azərbaycanın da maraqlarına cavab verən qərarın qəbuluna nail ola bilərdi. Bununla qurum dünya neft bazarında söz sahibliyinə malik olduğunu nümayiş etdirmiş olardı. Lakin belə bir addımın atılmaması göstərib ki, OPEC buna hazır deyil. Burada da məhz geosiyasi amillərin rolu danılmazdır.

Neftin aşağı qiymətinin həm istehsalçı, həm də istehlakçı ölkələr üçün sərfəli olmaması səbəbindən tənzimlənmənin mütləq vacibliyini qeyd edən energetika naziri güman edir ki, buna real imkanları olan ölkələr neft hasilatını artırmaqda davam edəcək. Bu ölkələr ən böyük neft hasilatçıları olan S.Ərəbistanı, İran və Liviyadır. Belə ki, S.Ərəbistanı gündəlik neft hasilatını 12,5 mln. barelə, İran isə emabarqodan əvvəlki səviyyəyə - 4 mln. barelədək artırmaq niyyətlərini bəyan edir. Göründüyü kimi, neftin qiymətinə təsir etmək gücündə olan ölkələr arasındakı fikir ayrılığı neft hasilatında azalmanı təmin edəcək hər hansı uzlaşmanı qeyri-mümkün edir.

Digər neft istehsalçısı olan ölkələrin hasilatında isə artım gözlənilmir.

Qeyd edək ki, Doha sammitində OPEC təşkilatının əksər üzvləri, habelə Azərbaycan və Rusiyanın nümayəndələri də iştirak ediblər. Sözügedən iclas 16 fevral 2016-cı il tarixində Doha şəhərində Qətər dövləti, S.Ərəbistanı, Rusiya və Venesuela arasında baş tutmuş görüşün davamı olaraq keçirilib.


Teqlər:  





Xəbər lenti