Heydər Əliyevin sahibinə verdiyi sahibkarlıq

Heydər Əliyevin sahibinə verdiyi sahibkarlıq
  21 Aprel 2016    Oxunub:15166
Bir vaxtlar Azərbaycanda barmaqla sayılacaq qədər sahibkar tapmaq olardı ki, onlar da müəyyən səbəblərə görə, sahibləndiklərini gizlədir, qanunlardan yayınmaq üçün sahibkar adını özünə yaxın buraxmırdı. Ölkədə yaradılan süni maneələr, bürokratik əngəllər, yüksək vergi tutumları sahibkarlıqla məşğul onları bu sahədən necə deyərlər soyudurdu.
Elə ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldi, sahibkarlığın inkişafı da sözün əsl mənsaında təkamül dövrünü yaşayamağa başladı. O, hakimiyyətə gələn kimi atdığı ilk addım məhz sahibkarlıq fəaliyyəti ilə bağlı qanunların imzalanması oldu. Belə ki, sahibkarlığın inkişafı istiqamətində 1993-1995-ci illər və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının qəbul edilməsinin xüsusi rolu olub. Məhz bu qanunlar imzalandıqdan sonra kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrildi. Sahibkarlıq sektorunda həyata keçirilən islahatlar ölkədə fəaliyyət göstərən kiçik və orta sahibakarların sayını artırdı, onların xarici iqtisadi fəaliyyəti genişləndi və bu sahədə nisbi uğurların əldə olunmasına şərait yarandı.
Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirildi, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edildi. Sahibkarlığın inkişafının mühüm şərtlərindən biri olan infrastrukturun formalaşdırılması sahəsində vacib işlər görüldü, sahibkarlara zəruri texniki yardım - məsləhət, informasiya və s. xidmətlər göstərən strukturlar yaradıldı.



Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilikdə bazar münasibətləri şəraitində iqtisadiyyatın inkişaf etdirilməsi, ona hüquqi təminatın verilməsi öz əksini tapdı. Həmçinin bu qanunvericilikdə rəqabət mexanizminin formalaşması və onun qorunması ilə bağlı müddəlar yer aldı. Bu sənəd iqtisadiyyatın dinamik inkişafına, sürətli yüksəlişi ilə yanaşı iqtisadiyatın inkişafı üçün dövlətin sahibkarlara maliyyə dəstəyi sistemini də təşkil etmiş oldu.

Bazar iqtisadiyyatına keçid dövründə sahibkarlığın bazar infrastrukturunun əsas ünsürlərini- reklam, audit və informasiya xidmətlərini xüsusi vurğulamaq lazımdır.
Ulu öndər Heydər Əliyevin 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” imzaladığı fərman bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların aradan qaldırılmasına yönəlmişdi. Həmin fərmanda əsas məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarəti mexanizmini tətbiq etmək, bu nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi. Fərmanın təsdiqindən bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görüldü. İqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldı, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən halların qarşısı alındı, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsində müəyyən tədbirlər həyata keçirildi.



Sahibkarların fəaliyyətini təşkil etmək üçün vacib olan dövlət strukturları yaradıldı. Buna misal olaraq Sahibkarlığa Kömək Milli Fondunu, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyini həmçinin Xarici İnvestisiyalar Mərkəzini və digərlərini misal göstərmək olar. Sahibkarlığı inkişaf etdirmək üçün dövlət öz üzərinə müvafiq öhdəliklər götürür, onların firmaları dövlət qeydiyyatından keçirilir, sahibkarlara elmi-texniki, hüquqi və başqa köməkliklər göstərilirdi.
1999-cu il yanvarın 7-də imzalanmış “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərmanda sahibkarlığın inkişaf etdirilməsi, iş adamlarının fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluğun aradan qaldırılması və vəzifədən sui-istifadə halları ilə mübarizənin gücləndirilməsi və s. məsələlər öz əksini tapdı. Sahibkarlığın inkişafı üçün ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış sənədlər bu sahənin daha da irəliləməsinə təkan verdi. Sahibkarlığın inkişafında lazımi infrastrukturun formalaşdırılması sahəsində bir çox işlər görüldü, bu sahəyə zəruri texniki yardım göstərildi.



“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)” adlı sənəddə də vurğulanırdı ki, kiçik və orta sahibkarlığın sürətlə formalaşması Azərbaycan cəmiyyətinin iqtisadi, sosial və siyasi problemlərinin həllinin vacib amillərindən biridir. Azərbaycan Konstitusiyasına və “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanan yeni proqramın məqsədi sahibkarlığın ardıcıl inkişafı, Azərbaycan iqtisadiyyatında onun rolunun gücləndirilməsi və tədricən dünya iqtisadiyyatına inteqrasiya olunması üçün əlverişli mühitin formalaşdırılmasından ibarət idi. Sahibkarlığın ardıcıl inkişafını təmin etmək üçün proqramda bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi, təşkilati şərtlərin, bazar infrastrukturunun təkmilləşdirilməsi, səmərəli iqtisadi-maliyyə mexanizminin yaradılması, işlək müdafiə sisteminin formalaşdırılması əsas vəzifələr kimi qarşıya qoyulurdu.



Özəl bölməni daha da inkişaf etdirmək məqsədilə Heydər Əliyevin bilavasitə tapşırığı əsasında 1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanıldı. Sözügedən layihənin hazırlanması prosesində onun ayrı-ayrı hissələri dövlət başçısı yanında keçirilən müşavirələrdə dəfələrlə müzakirə edilərək, vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və s. barədə ulu öndərin dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına zəmin yaratdı. 1 yanvar 2001-ci il tarixdə "Azərbaycan Respublikasının Vergi Məcəlləsi"nin qəbul edilməsi ölkənin həyatında tarixi bir hadisə olaraq, vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addım oldu. Bundan öncə isə vergi münasibətlərini tənzimləyən bir sıra qanunların, məsələn, "Mədən vergisi haqqında" (1995-ci il), "Əmlak vergisi haqqında" (1995-ci il), "Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında" (1996-cı il) qanunların qəbul edilməsi, qüvvədə olan "Əlavə dəyər vergisi haqqında", "Fiziki şəxslərin gəlirlərindən vergi haqqında" və s. qanunlarda əlavə və dəyişikliklər edilməsi sahibkarlar sinfinin formalaşıb inkişaf etməsində mühüm əhəmiyyət kəsb etdi. Ulu öndərin sahibkarlara birbaşa qayğısı sayəsində vergi dərəcələrinin mütəmadi olaraq endirilməsi də özəl sektorun ümumi iqtisadiyyatda çəkisinin artmasında özünəməxsus rol oynadı.

Ölkəmizin yerləşdiyi mühüm strateji mövqedən bəhrələnərək uğurlu beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsi vacib idi. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində xarici investisiyanın ölkəmizə cəlb olunmasında mühüm işlər görüldü. Bu sahədə Azərbaycanla müxtəlif ölkələr arasında sazişlər imzalandı. Heydər Əliyev yerli sahibkarlarla görüşündə (2002-ci il 25 aprel):

“Azərbaycan dövlətinin iqtisadi siyasəti Azərbaycanın iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirməkdən ibarətdir. Bunun üçün biz 1995-ci ildən başlayaraq ardıcıl surətdə lazım olan iqtisadi islahatları həyata keçiririk. Biz bu gün məmnuniyyət hissi ilə deyə bilərik ki, artıq bizim iqtisadi siyasətimiz, həyata keçirdiyimiz tədbirlər öz müsbət nəticəsini verir və verməkdədir”-deyə bildirmişdi.

Həqiqətən də ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan bu gün tam əminliklə demək olar ki, inkişaf etmiş ölkələrlə rəqabət aparmaq iqtidarındadır. Ölkəmizdə sahibkarlıq sürətlə inkişaf edir. Sahibkarlığa Kömək Milli Fondu hər il təsərrüfat fəaliyyəti ilə məşğul olan sahibkarlara güzəşli kreditlər verir. Bu isə yeni iş yerlərinin açılmasına və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təkan verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahibkarlığın inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır. 2008-ci il 25 avqust tarixli “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın qəbulu qarşıdakı illərdə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Bu da aqrar sahənin daha da inkişaf etməsinə səbəb olacaq. Prezident İlham Əliyev sahibkarlığın inkişafına xüsusi önəm verərək demişdir: “Mənim sahibkarlardan tələblərim bundan ibarətdir ki, yaşadıqları bölgələrdə və fəaliyyət göstərdikləri sahələrdə yaxşı işləsinlər, vergiləri vaxtında versinlər. Dövlət qarşısında onların heç bir borcu olmasın. İş yerləri yaratsınlar, bizneslərini daha da genişləndirsinlər, daha da yaxşı yaşasınlar, daha da zəngin olsunlar. Mən hesab edirəm ki, bu fikirlə sahibkarların fikirləri arasında heç bir fərq ola bilməz”.



Bu yaxınlarda sahibkarlıq sahəsində iki illik yoxlamaların dayandırılması da məhz sahibkarlığın inkişafına yönəlmiş növbəti addım oldu. Azərbaycanda sahibkarlıq sferası liberal münasibətlərə və məmur-sahibkar birbaşa ünsiyyətinin məhdudlaşdırıldığı mərhələyə qədəm qoydu. Bu artıq özəl sektorun inkişafında yeni mərhələnin açılmasına səbəb olmaqla yanaşı, Azərbaycanın makro-iqtisadi göstəricilərinə də birbaşa pozitiv təsir göstərdi. Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması sənədlərdə sahibkarlara göstərilən bütün xidmətlərdə şəffaflığın gücləndirilməsi, səmərəliliyin artırılması kimi məsələlərin öz əksini tapması da məhz ondan xəbər verir ki, həm dövlət qurumları, həm da sahibkarların özləri şəffaf şəkildə fəaliyyət göstərəcəklər. Dövlət qurumlarının müdaxiləsinin azalması sahibkarların da şəffaf şəkildə öz fəaliyyətlərini qurmalarına səbəb olmalıdır. Bu sahibkarlıq sferasında artıq yeni, liberal və sivil münasibətlərin formalaşması deməkdir; -
Lisenziyaların verilməsinin “ASAN Xidmətə” həvalə edilməsi sahibkarlara heç bir süründürməçilik və əlavə xərclər olmadan bütün növ lisenziyaları almaq imkanı verəcək. Monitorinqlər göstərirdi ki, əksər hallarda sahibkarlar tək lisenziyaya görə ödəniş etmirlər, bunun üçün əlavə pul verməli olurdular. Lisenziyaların sayının azaldılması, elektronlaşdırılması və sadələşdirilməsinə ehtiyac var idi. Odur ki, lisenziyaların sektoral olması da olduqca vacib idi. Məsələn, qida sənayesində fəaliyyət göstərən sahibkarlar istər-istəməz qida növlərinə uyğun olaraq ayrı-ayrı lisenziyalar almalı olurdular. Təbii ki, buna ehtiyac yox idi. Sektoral sistemin tətbiqi iman verəcək ki, sahibkar yalnız bir lisenziya almaqla eyni sektorda fəaliyyət göstərmək imanları əldə etsin. Yeni qaydaların tətbiqindən sonra həm lisenziyaların sayının azaldılması, həm də onların verilməsi bütün bürokratik əngəllərin aradan qaldırılması müşahidə ediləcək. Eyni zamanda, İqtisadiyyat və Sənaye Nazirliyi həmçinin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən “Elektron lisenziya” portalının yaradılması istiqamətində işləri sürətləndirəcək.



Bir sözlə, bu istiqamətdə atılan bütün işlər məhz sahibkarlığın daha da inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına xidmət edir. Odur ki, bir vaxtlar onlar üçün yaradılan süni maneələrə görə, sahibkar adını üzərində damğa sayanlar indi bu adı qazanmaq üçün sözün əsl mənasında yarışa giriblər. Ölkə başçısının onlar üçün yaratdığı şəraitdən yararlanaraq rahatlıqla öz bizneslərini genişləndirilər.

Gültəkin Ələsgər

Yazı “İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir”



Teqlər:  





Xəbər lenti